Rejim qəzetləri yardıma möhtac durumdadırsa…
Bir neçə gün öncə KIVDF 27 qəzetə maliyyə yardımı etdi. Həmişəki kimi bu “yardım”ı mətbuata qayğının, azad sözə diqqətin nümunəsi kimi tirajladılar. Amma yenə də bu “qayğı” və “diqqət”in əsl müstəqil mətbuata heç bir aidiyyəti omadı. Ötən yazımızda da qeyd etdiyimiz kimi, KIVDF Milli Məclisin, ARDNŞ-nin, Prezident Aparatının, YAP-ın rəsmi qəzetlərini və bu qəzetlərin qol-qanadını mükafatlandırdı.
Ümumiyyətlə, KIVDF-nin maliyyə yardımı etdiyi mətbuat orqanlarına nəzər salanda hökumətin, birbaşa Ilham Əliyevin təkzib edildiyi görünür.
Xatırlayırsızsa, Ilham Əliyev bir neçə müşavirədə, rayon səfərlərində “ictimai nəzarət”dən danışmışdı. Ölkə başçısı vətəndaşları, xüsusən də medianın ictimai nəzarət funksiyasını yerinə yetirməyə, cəmiyyətdəki çatışmazlıqları qabartmağa, bu yolla dövlətə yardım etməyə çağırmışdı. Hətta bunu hər bir vətəndaşın borcu olduğunu vurğulamışdı. Amma Ilham Əliyevin səs-küylü çağırışından sonra ictimai nəzarət funksiyasını həyata keçirən, dövləti zəiflədən amilləri üzə çıxaran, axsayan yerləri göstərən mətbuata deyil, həqiqətləri gizlədən, çirkabı ört-basdır edən mətbuata qayğı göstərildi. Bu gün ölkədə müstəqil, tənqidçi media nümunələri barmaqla sayıla biləcək qədər də deyil. Yazılı mətbuat adına isə müstəqil mətbuat kimi yalnız “Azadlıq” qəzeti qalıb. Amma hökumət bütün vasitələrlə bu mətbuat orqanını sıradan çıxarmağa, müstəqil mətbuatı məhv etməyə çalışır. Bu gün KIVDF-nin də qayğısının qısır olması Prezident Administrasiyasından verilən sifarişin nəticəsidir. Axı, “Səs”, “Yeni Azərbaycan”, “Azərbaycan” və bu qəbildən olan digər qəzetlər hansı ictmai nəzarəti həyata keçirib, hansı fəaliyyətləri ilə cəmiyyətə töhfə veriblər?
KIVDF-nin saytına nəzər salanda bu qəzetlərin hansı “ictimai nəzarət”i yerinə yetirdiyi aydın olur. Deməli, hansısa icra hakimiyyətinin fəaliyyəti ilə bağlı müsabiqə elan eidilir, bu müsabiqədə onlarla jurnalist iştirak edir və ən yaxşı tərif yazan jurnalsitə də 300-500 manat mükafat verilir. Yaxud “Azərsu”nun fəaliyyəti ilə bağlı müsabiqə təşkil olunur və bu qurum haqqında palaz boyda, bayağı yazı yazan jurnalist mükafata layiq görülür. Ancaq “Azərsu” ən çox dövlət borcu olan, haqqında ən çox şikayətlərin olduğu, böyük maxinasiyaların dövr etdiyi bir qurumdur. Belə çıxır ki, hökumət KIVDF-nin vasitəsilə məddadhlığı, yalanı, bayağılığı mükafatlandırır. Aydın olur ki, Ilham Əliyev “ictimai nəzarət”dən danışanda, ölkədəki eybəcərlikləri gizlətməyi nəzərdə tuturmuş.
Digər tərəfdən, mükafatlandırılan qəzetlər arasında YAP-ın, Milli Məclisin, ARDNŞ-nin Prezident Administrasiyasının rəsmi qəzetlərinin olması onu göstərir ki, bu ölkədə birbaşa hökumətin nəzarətində olan qəzetlərin də yardıma ehtiyacı var, pula möhtac durumdadılar. O zaman başqa qəzetlərin, o sıradan region qəzetlərinin vəziyyətini təsəvvür etmək, mətbuatın hansı durumda olduğunu düşünmək çətin deyil. Deməli, hökumət etiraf edir ki, hətta rejim qəzetləri də batır, yardıma möhtac vəziyyətdədir. Deməli, hökumətin “mətbuata qayğı” təbliğatı, yüzlərlə mətbu orqana şərait yaradılmasıyla bağlı fikirlər sabun köpüyü imiş. Ölkədə yüzlərlə müstəqil qəzet varsa, maliyyə yardımı niyə rejimin mətbəxindəki qəzetlərə verilir? Bu da onu göstərir ki, hökumət mətbuata qayğıdan danışanda heç kim üçün maraqlı olmayan 10-15 qəzeti nəzərdə tuturmuş.
Istənilən halda hökumətin “mətbuata qayğı”sını şərh edəndə, yalnız özünüifşanın, özünütəkzibin şahidi oluruq.
Samir