Dövlət başçısı Ilham Əliyev 2016-cı ilin birinci yarısının yekunlarına dair Nazirlər Kabinetinin iclasında böhrandan sonra ölkədə 78 min iş yerinin açıldığını iddia etmişdi.
“Azadlıq”a bu “iş yerləri” barədə maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, bu iş yerləri əslində taksi fəaliyyətilə bağlıdır. “Böhran üzündən işini itirən vətəndaşların bir çoxu şəxsi avtomobilləri ilə taksi fəaliyyəti göstərmək məcburiyyətində qalıb. Hökumət də dərhal bundan istifadə edərək yeni iş yerləri barədə nağıllar uydurmağa başlayıb. Nə baş verir?
Şəxsi avtomobillərilə taksi xidməti göstərən şirkətlər vasitəsilə taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlara Vergilər Nazirliyində qeydiyyatdan keçmək tapşırılıb. VÖEN-i olmayan taksi sürücülər həmin şirkətlərə qəbul olunmur. Bu xidmətlər həm taksi sürücüləri, həm də müştərilər üçün əlverişli olduğuna görə taksi fəaliyyətilə məşğul olanlar məcburiyyət qarşısında qalıb VÖEN açdırırlar. Bu da hökumət tərəfindən yeni iş yeri kimi qeydiyyata alınır”, – deyə mənbəmiz bildirib.