KIVDF YAP-ın, Milli Məclisin, Neft Şirkətinin qəzetlərini maliyyələşdirmək üçündür
Prezident Admistrasiyasının və Nazirlər Kabinetinin də qəzetləri yardıma möhtac imiş
Hökumət bütün sahələrdəki geriliyi inkişaf kimi təqdim etdiyi sayaq, mətbuat sahəsiylə bağlı da bu təbliğatı aparır. Hər dəfə mətbuata qayğıdan, azad sözə yaradılan şəraitdən, ölkədə yüzlərlə müstəqil mətbuatın olmasından danışırlar. Amma məsələ konkretləşəndə müstəqil mətbuat adına barmaqla sayılacaq qədər nümunələr tapılmır. Məlum olur ki, iri məmurların, Prezident Aparatının yetkililərinin patronajlığı altında xeyli media orqanı cəmlənib və bu media orqanları hökumətin yarıtmaz siyasətinə tərif vurmaqla məşğuldular. Bu media orqanları həqiqəti gizlətməyə, yalanları həqiqət kimi tirajlamağa xidmət edirlər.
Bir neçə gün öncə milli mətbuatın 141 illiyi qeyd olundu. Yenə də “mətbuat aşiqi” olan hökumətimiz qəzetlərə maddi yardım ayırdı. Yenə də KIVDF rejimin qılıncı altından keçənləri mükafatlandırdı. Yenə də “Azadlıq” qəzetinə maliyyə yardımı ayrılmadı. Məsələ onda deyil ki, bizim gözləntilərimiz var idi, ya da KIVDF-nin maliyyəsindən bəhrələnmək arzusuyla yaşayırdıq. Məsələ ondadır ki, hökumət “mətbuata qayğı” deyəndə, müstəqil olmayan mətbuata qayğını nəzərdə tutur. Ölkədəki problemləri tirajlayan, ədalətsizliyə göz yummayan, korrupsiyanı lənətləyən, saxtakarlığa üsyan edən mətbuat hökumətin düşmənidir.
Bəli, hökumətin diqqət və qayğısından bəhrələnmək üçün müstəqil olmadığını təsdiqləməlisən. “Azadlıq” isə KIVDF-dən maliyyələşəndə də, maliyyəsi kəsiləndə də prinsiplərindən, tutduğu mövqedən çəkilməyib. Biz 16 səhifəlik kağızı, kağız pula qurban etməmişik. Biz həmin 16 səhifədə müstəqil mətbuatın, dövlətin və xalqın sevən jurnalistin nümunəsini yaratmışıq. Əgər biz də tənəzzülü inkişaf kimi təqdim etsəydik, səhifələrimizi ürəkbulandıran təriflərlə doldursaydıq, bu gün KIVDF-dən maliyyə alardıq, bahalı ofislərdə də oturardıq, aylarla maaşsız qalmazdıq və s. Bəli, bu ölkədə yüksəlmək üçün mütləq alçalmağı bacarmalısan. Biz isə bu “imtahan”dan kəsildik. Biz saxtakarlıq, riyakarlıq, yaltaqlıq imtahanından “5″ ala bilmərik.
KIVDF-nin maliyyə ayırdığı qəzetlərin siyahısına nəzər salanda acı gülüşdən qaçmaq mümkün olmur. Əsaslandırma da belədir ki, bu qəzetlər haqqında heç bir şikayət yoxdur, bu qəzetlər öz fəaliyyətlərini müəyyən edilmiş kriteriyalara uyğun həyata keçiriblər və s. Əlbəttə, bu qəzetlərdən şikayət gəlməyəcək. Çünki, bu qəzetlər bütün neqativlərə göz yumublar, qanunların tapdanmasını alqışlayıblar, hökumətin yaratdığı eybəcərliklərə gözəllik kimi yanaşıblar.
Yaxud KIVDF-nin arqumenti budur ki, “Azadlıq” keçirilən tədbirlərdə iştirak etməyib. Yəni “Azadlıq” yalançı inkişafdan, icra başçılarından, regionların gözəlləşməsindən bəhs edən müsabiqələrə qatılmayıb, bu məsələlər haqqında yazılar dərc etməyib, özünü kənarda tutub. Göründüyü kimi, bütün arqumentlər absurddur. Sadəcə olaraq “Azadlıq” müxalif mövqedə olduğu üçün Prezident Aparatının hədəfindədir və KIVDF-yə də tapşırıq verilib ki, “Azadlıq”ı sona qədər sıxın.
KIVDF “Yeni Azərbaycan”, “Azərbaycan”, “Səs” kimi cəmiyyətin “sevimlisi” olan qəzetlərin hər birinə 40000 manat vəsait ayırıb. Hansıki, bu qəzetlərin maliyyə problemi yoxdur. Bu qəzetlər Milli Məclisin, hakim partiyanın sözçülyünü edir. YAP ötən il üzvlük haqqından 7 milyon manata yaxın vəsait yığıb. Deməli, YAP-ın rəsmi qəzeti olan “Yeni Azərbaycan”ın KIVDF-nin 40000 manatına ehtiyacı yoxdur. Yaxud “Iki sahil” qəzetinə 40000 manat ayrılıb ki, bu qəzet ARDNŞ-nin tabeliyindədir. Dünyanın hər yerində milyonları havaya sovuran, futbol çempionatlarına sponsorluq edən Neft Şirkəti üçün “Iki sahil”i maliyyələşdirmək problem deyil.
Göründüyü kimi, bu qəzetlərin maliyyələşdirilməsi mətbuata qayğıdan, azad sözə diqqətdən irəli gəlmir. Sadəcə olaraq KIVDF vasitəsilə də pul qazanmaq, büdcədən bu məqsədlə ayrılan pulları da mənimsəmək düşüncəsi mövcuddur. Ölkədə yüzlərlə qəzetin olduğunu iddia edirlər, amma KIVDF maliyyə yardımını hökumətin sözçülərinə verir.
Məsələn, “Mövqe” qəzetinə 40000 manat pul ayrılıb. Amma cəmiyyətin “Mövqe” adlı qəzetin varlığından xəbəri yoxdur. Bəli, “Mövqe”nin bugünə qədər ortaya hansısa mövqe qoyduğunu görən olmayıb. “Palitra” qəzetinə 40000 ayrılıb ki, bu qəzetin çəkdiyi “rəsmlər” ictimaiyyət üçün maraqlı deyil. “Üç nöqtə” qəzetinə 30000 manat ayrılıb ki, bu qəzet də ölkədəki problemlərdən yazmağa nöqtə qoyub. “Həftə içi” qəzetinə 30000 manat pul ayrılıb və bu qəzetin həftənin içində baş verən taleyüklü məsələlərə münasibəti görünmür. “Şərq qapısı” qəzetinə 40000 manat maliyyə yardımı ayrılıb, amma bu qəzetin “qapı”sında əsasən Naxçıvan hökumətinin tərifi yer alır. Qəzet Naxçıvan Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanıdır.
Demək istəyirik ki, tirajı olmayan, materialları oxunmayan, ictimai rəyə təsir imkanları məhdud olan və rejimin maraqlarından kənara çıxmayan qəzetlərə maliyyə ayrılır.
Ümumiyyətlə, hökumətin mətbuata münasibətinin, KIVDF-nin maliyyə bölgüsünün mahiyyəti azad mətbuatı sıradan çıxarmaqdır. Məqsədli şəkildə cəmiyyətə təsiri olan, oxucu kütləsi olan qəzetləri ortadan götürməyə çalışırlar.
Bu faktdır ki, “Azadlıq” qəzeti bu gün tam azadlığını saxlaya bilən yeganə qəzetdir və heç kimə güzəştə getmir. Biz hökumətə yox, xalqa xidmət etdiyimizə görə cəzalanırıq. Amma “Azadlıq” çətinliklərlə qol-boyun olmağa öyrəşib və sona qədər də prinsiplərə sadiq qalacaq.
Bu yazını yazmaqda məqsədimiz odur ki, hökumətin mətbuata qayğısının görüntü xarakteri daşıdığını, “Azadlıq”ın prinsiplərə sadiq olduğuna görə dövlət dəstəyindən kənarda qaldığını bir daha sübut edək.
“Azadlıq”