Banklar əlamətdar günlər, peşə sahibləri, yay mövsümün gəlişi münasibətilə bir-birindən fərqli kampaniyalar keçirirlər. Kampaniyalarda əhaliyə, kreditin faiz dərəcəsində endirimdən tutmuş müxtəlif hədiyyələr qazanmaq fürsətinə qədər geniş seçimlər təklif olunur.
Bankların kampaniyalarda rəqabətdə olduğu da hiss edilir. Çünki bu il əvvəlki illərdən fərqlidir. Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni kredit tələbindən sonra kredit verilə bilinəcək müştərilərin sayı xeyli məhdudlaşıb. Bundan başqa, banklar şəxsiyyət vəsiqəsilə kredit vermir, müştəri gəlirlərini rəsmi şəkildə sübut etməlidir.
Şikayətlərdən məlum olur ki, banklara kredit üçün müraciət edənlərin sayı çox, kredit ala bilənlərin sayı isə azdır. Müraciət edib kredit ala bilməyənlər isə banklara qarşı qəzəblidirlər. Onlar krediti ödəmək qabiliyyətində olduqlarını bildirərək, bankları yalan məlumat yaymaqda ittiham edirlər. Guya kampaniya elan edən banklar müraciət edənlərə kredit ayırmırlar.
Hazırda güzəştli kredit kampaniyası keçirən banklardan biri “Bank BTB” ASC-dir. 2 iyul Daxili İşlər Nazirliyi Əməkdaşlarının peşə bayramı münasibəti ilə 1 ay müddətinə elan edilmiş güzəştli kredit kampaniyasının şərtlərinə görə, zaminsiz 3000 manatadək kreditlər, 0 faiz komissiya ilə 3 il müddətinədək verilir.
Kredit ala bilməyənlərin iradlarına aydınlıq gətirmək üçün “Bank BTB”yə müraciət etdik.
Bankın Satışlar departamenti direktorunun vəzifəsini icra edən Rövşən Murtuzayev bildirildi ki, əsasən narazılıq edənlər digər banklara kredit borcu olan müştərilərdir:
“Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni tələbinə görə, müştərinin aylıq krediti ödənişi məbləği aylıq gəlirinin 50%-ni keçə bilməz. Elə müraciət edənlər olur ki, onların digər banklara böyük məbləğdə borcları mövcuddur. Hətta biz kredit ayırmadan, müştərinin aylıq kredit ödənişləri gəlirlərinin yarısından çoxdur. Filiallarımızda kredit ekspertləri müştərinin gəlirlərini, xərclərini və kredit tarixçəsini analiz etdikdən sonra kreditin verilib-verilməyəcəyi barədə qərar qəbul edir. “Banklar kredit vermir” kimi əsassız şayələri yayanlar bir neçə banka borcu olan müştərilərdir. Bank tələbləri pozub kredit ayıra bilməz. Müştərinin həddindən artıq borclanması banklar üçün riskli olmaqla bərabər, müştəri üçün də arzuolunan hal deyil”.
Qeyd edək ki, bu gün bir çox məsuliyyətsiz borcalanlar səbəbindən Azərbaycanda banklarda problemli kreditlərin həcmi 1 milyard 500 milyon manatdan çoxdur. (Marja)