İbrahim İbrahimli: «Hakimiyyət böhranın dərinləşib dibə dəyməsinə qədər, bütün səlahiyyətləri vahid əldə cəmləşdirmək istəyir»
Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinə baxacağı tarix açıqlanıb.
Konstitusiya Məhkəməsindən verilən məlumata görə,ÿ2016-cı il iyulun 18-də Azərbaycan Respublikası Prezidentindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası iyul ayının 25-i saat 10:00-a təyin olunub.
Ekspertlərin fikrincə, bu gedişlə hətta növbəti prezident seçkisi bu il keçirilə bilər. Çünki bütün addımlar bu istiqamətdə gedir. Referendumun tələsik keçirilməsi, səlahiyyətlərin bir əldə cəmləşməsi onu deməyə əsas verir ki, hakimiyyəit bunu mümkün qədər tez etmək istəyir.
Baş verənlərdə daha bir sual doğuran məqam Milli Məclisin səlahiyyətlərinin kəskin şəkildə məhdudlaşdırılmasıdır. Axı hazırkı tərkibli parlament hakimiyyət üçün heç bir təhlükə törətmir. Belə olan halda parlamentin səlahiyyətsiz orqana çevrilməsi nədən xəbər verir?
Istiqlalçı deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ibrahim Ibrahimli bildirdi ki, 2009-cu ildə keçirilən referendum ilə Konstitusiyalı Monorxiyaya keçidə start verildi. I.Ibrahimlinin sözlərinə görə, uzun müddət neft pullarının hesabına ölkəni rahat idarə edirdilər. Amma neft pullarının, istehsalın azalması iqtisadi çətinlikləri üzə çıxardı: “Artıq ölkənin büdcəsində ciddi şəkildə çətinlik, tədiyyə balansında kəsir əmələ gəldi. Bundan başqa, idxal ilə ixrac arasında kəskin fərq yarandı. Bütün bu prosesləri müşahidə edən hakimiyyət gördü ki, ölkədəki vəziyyət dəyişib. Ölkədən güclü kapital axanı yaşanır. Hakimiyyət böhranın dərinləşib dibə dəyməsinə qədər, bütün səlahiyyətləri vahid əldə cəmləşdirmək istəyir”.
I.Ibrahimlinin fikrincə, bundan başqa Milli Məclisin, Nazirlər Kabinetinin səlahiyyətlərinin azalmasının səbəbi də hakimiyyət daxilində yaşanan ziddiyyətlərdir: “Hakimiyyət daxilində mərkəzdənqaçma meyilləri güclənib. Hakimiyyət komandasında ciddi narazılıqlar yaranıb. Bütün bunların qarşısını almaq üçün hakimiyyət bir əldə cəmləşdirilir. Digər mühüm məsələ hakimiyyətin ötürülməsidir. Vitse prezidentlik institutunun yaradılması yeni vəziyyətin formalaşdırılmasıdır”.
I.Ibrahimlinin qənatəincə, bu baxımdan referendumla bağlı müzakirələrin indi açılması seçkilərin də bu il keçirilə biləcəyini deməyə əsas verir.
Xəyal