AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim iyulun 16-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Bu barədə “Azadlıq”a Məmməd İbrahimin vəkili Yalçın İmanov məlumat verib.
Vəkil bildirib ki, saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsində Məmməd İbrahimin körpücük sümüyü sınıb və o, bu səbəbdən Müalicə Müəssisəsinə köçürülüb. O da məlum olub ki, Məmməd İbrahimin üzərində cərrahiyyə əməliyyatı aparılmasına ehtiyac var. Amma hələ ki, əməliyyat olunmayıb.
Məmməd İbrahim həbsindən bir qədər əvvəl AXCP-dən uzaqlaşdırılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. AXCP funksioneri Mikayıl Quliyevi vurmaqda ittiham edilib və ona qarşı CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov ortaya çıxıb, guya, insident zamanı ayırmaq istəyərkən Məmməd İbrahim onları da vurub. Bundan sonra ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 3 il azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir. Hesab edir ki, Mikayıl Quliyev əvvəlcədən hazırlanmış təxribat planına uyğun olaraq, ona hücum edib.
İnformasiya şöbəsi