Yaxud çevriliş cəhdini baş tutmayandan sonra pisləmək “qətiyyəti”
Türkiyədə iyulun 15-i gec saatlarda başlayan hərbi çevriliş cəhdi Azərbaycanın ənənəvi və yeni – sosial mediasına anında sıçradı. Hadisələrin inkişafı anbaan təqib olundu, xəbərlər xəbərləri əvəzlədi. Əksər sosial şəbəkə fəalları, saytlar, onlayn media quruluşları çevriliş cəhdinin ilk dəqiqələrindən Türkiyənin özündə olduğu həssaslıqla xəbər yaydılar, münasibət bildirdilər. Bu, əlbəttə ki, təbii idi. Azərbaycan cəmiyyəti üçün söhbət dünyanın iri dövlətlərindən birində hansısa qaynar hadisədən ibarət deyil, qardaşın düşdüyü çətin vəziyyətlərdən biridir.
Türkiyədə bu gecə yaşananlar dünyanın da diqqət mərkəzində oldu. Baş verənlərə elə ilk saatlardaca ABŞ-dan, Avropa Birliyindən Rusiyaya qədər rəsmi reaksiyalar verildi. Hadisələrin gedişi dünya xəbər lentinin axını oldu.
Bütün bu həssaslıq içində bircə Azərbaycan iqtidarı qəribə “soyuqqanlılıq” nümayiş etdirdi. Oysa ən operativ və intensiv reaksiyalar məhz Azərbaycan hökumətindən olmalıydı. Amma Azərbaycan hökuməti son ana qədər susdu. Məsələn, Gürcüstan prezidentinin Təhlükəsizlik Şurasını gecəylə təcili toplayıb hadisələri sabaha qədər diqqətdə saxlaması fonunda Azərbaycan iqtidarı adından yalnız iyulun 16-ı saat 12 radələrində ilk reaksiyanın verilməsi utanc doğurur.
Bəli, Türkiyədə hərbi çevriliş riskinin yaşandığı saatlarda Azərbaycan hökumətinin səsini çıxarmaması tarixə birmənalı qiyməti ilə düşəcək – heç bir dəyərə, dostluğa, prinsipə sədaqəti olmayan fürsətcillər kimin qalib gələcəyini gözlədilər. Bu bilərəkdən yubanmanın başqa heç bir adı yoxdur. Yoxsa, Azərbaycan iqtidarında İlham Əliyevdən üzü aşağılara qədər hamı həmin saatlarda yatmamışdı ki?
Yaxşı ki, Azərbaycan yalnız o səbatsız fürsətcillərə görə tanınmır. Ölkəni dünyada, o cümlədən qardaş Türkiyədə həm də müxalifətin simasında tanıyırlar. Müxalifətin lideri Əli Kərimli isə baş verənlərə elə ilk anlarda, gecəylə münasibətini bildirdi. Özünün 195 minlik feysbuk səhifəsindən bəyan etdi: “Bizlər demokrat olaraq, xüsusilə də indiki müasir dövrdə ordunun hakimiyyəti ələ almaq istəyini təqdir etmirik. Biz cümhuriyyətdən, demokratiyadan yanayıq. Biz qardaş olaraq Türk millətinin iradəsinə hörmət edirik. Rəcəb Tayyib Ərdoğan seçki yolu ilə hakimiyyətə gəlib və kimin istəyib-istəmədiyindən asılı olmayaraq hakimiyyətdən də bir gün yalnız millətin seçkidə ifadə olunan iradəsilə gedəcək. Qardaşlarımızı vətəndaş müharibəsindən çəkinməyə çağırıram. Vətəndaş müharibəsi Türkiyə üçün ən pis seçim olar. Dualarımız Türkiyə ilədir!”.
Əli Kərimli o sözləri yazanda Ankara və İstanbulda çevrilişə qalxmış hərbçilər dövlət orqanlarını tutur, inzibati binaları vurur, dövlət televiziyasından öz müraciətlərini oxutdururdular. AXCP liderinə hərbçilərin haralara qədər irəliləyə bilib-bilməyəcəyini gözləmədən açıq və birmənalı, hərbi çevriliş cəhdini pisləyən mövqe ortaya qoyduran onun əqidəli demokrat və sabitqədəm siyasətçi olmasıdır. Əli Kərimli ideya adamıdır, demokratik prinsiplərə həqiqi inamı var, xalqın iradəsindən üstün iradə tanımır və hakimiyyətlərin azad, ədalətli seçki yolu ilə dəyişdirilməsini müdafiə edir. Ona görə də Türkiyədə o hərbi qruplaşma bütün idarəçiliyi üzərinə götürdüyünü bəyan edən dəqiqələrdə Əli Kərimli də Bakıdan ordunun hakimiyyəti ələ almaq istəyini təqdir etmədiyini yazırdı, daha “birədn həmin qruplaşma qalib gələr” deyə tərəddüd etmirdi.
Şübhəsiz ki, Türkiyənin özündə və dünyanın müxtəlif mərkəzlərində Ankara və İstanbuldakı hərbi çevriliş saatlarında hansı hökumətlərin özlərini necə apardığı qeydə alınacaq və öyrəniləcək. İlham Əliyev hökumətinin o qeydlərə öz adını qara hərflərlə salmasına ancaq təəssüflənə bilərik. Nəticəni doğuran İlham Əliyevin və komandasının səbatsızlığı, “gələnə qardaş, gedənə yoldaş” prinsipsizliyi ilə məqam gözləməsidir. İlham Əliyevin yalnız 16 iyul saat 12 radələrində – artıq çevrilişə cəhdin baş tutmadığı tam bilinəndən sonra “dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləməsi” daldan atılan daş misalından başqa bir şey deyil. İlham Əliyev yalnız onunla təsəlli tapa bilər ki, bu situasiyada sələfi Ayaz Mütəllibovdan bir baş ağıllı tərpənib. Mütəllibov 1991-ci ildə prezident olanda Moskvada baş qaldırmış çevriliş cəhdini (məşhur QKÇP olayı) dəstəkləyən bəyanat vermişdi, hərçənd sonradan bunu dandı. İndi İlham Əliyev “tədbirli” tərpənib Türkiyədə çevrilişə cəhd göstərənlərin nə qədər uğur qazana biləcəklərini gözləyib, vəssalam.
Bu hadisə həm də onu bir daha sübut etdi ki, İlham Əliyev hökuməti siyasi cəhətdən tamamilə səriştəsiz, piyada bir hökumətdir, ən zəif siyasi rəqib belə onun kürəyini yerə vurar, sadəcə polis dəyənəyinin, repressiyaların hesabına mövcuddur.
Bir sözlə, Azərbaycan hakimiyyəti bu imtahandan da 2 alaraq çıxdı.
Akif