Seçki hüquqlarının pozulması ilə bağlı ard-arda qərarların açıqlanması parlamentin legitim olmadığının növbəti sübutudur
Azərbaycan hakimiyyəti seçki saxtakarlığının beynəlxalq strukturlar tərəfindən unudulacağını zənn etsə də yanılıb. Artıq Avropa Məhkəməsindən ard-arda seçki hüquqları pozulmuş şəxslərin şikayətləri ilə bağlı qərarlar gəlir.
Dünən Avropa Məhkəməsi seçki hüquq pozulmuş daha 4 nəfərlə bağlı qərarını açıqlayıb. Şikayətçilər AXCP sədrinin müavini Nurəddin Məmmədli, Müsavat Partiyasının üzvləri Iltizam Əkbərli, Dünyaxanım Cərullayeva və təhsil üzrə ekspert Nabatəli Qulamoğludur. Hər şikayətçiyə 10 000 avro (ümumi 40 min avro) və ümumilikdə hüquqi yardım üçün 4 000 avro təyin edilib (cəmi 44 min avro).
Bundan əvvəl isə AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev, mərhum Həsən Kərimov və AXCP üzvləri Təzəxan Mirələmli, Arzuman Məcidli və AXCP Imişli şöbəsinin sədri Əli Qasımovun şikayətləri üzrə qərar elan olunmuşdu. Məlumat üçün deyək ki, Avropa Məhkəməsi fəaliyyət göstərdiyi bütün müddət ərzində seçki hüquqlarının pozulması ilə çıxarılan qərarların sayına Azərbaycan ilkin yerdədir. Bu qərarlarda 2005 və 2010-cu illərdə keçirilən parlament seçkiləri ilə bağlı qərarlar üstünlük təşkil edir. Avropa Məhkəməsinin bu qərarları Milli Məclisin legitim olmadığını bir daha sübut edir.
Qeyd edək ki, seçki hüquqları ilə bağlı şikayətlərin əhəmiyyətli hissəsinə hələ baxılmayıb. Güman ki, yaxın vaxtlarda növbəti qərarların şahidi olacağıq.
Bundan başqa Avropa Məhkəməsi qanunsuz həbslər və işgəncə faktlarına da ciddi diqqət yetirir. Bununla bağlı da xeyli qərar açıqlanıb və hələ bu prosesi davam edəcək.