Nemət Əliyev: «Ölkənin qeyri-neft sektoruna investisiyanın 70 % azalması bu cür fəsadları qaçılmaz edirdi»
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft ixracı 334,7 mln. ABŞ dolları təşkil edib. Rəsmi statistikaya əsasən, bu da ötən ilin yanvar-aprel aylarına nisbətən müqayisəli qiymətlərlə 39,5% azdır. Qeyd edək ki, 2015-ci ildə isə 2014-cü ilə nisbətən 34,8% artım müşahidə olunub.
Buna baxmayaraq, cəmi ixracda qeyri-neft məhsullarının xüsusi çəkisində ciddi dəyişiklik olmayıb və bu müddətdə ümumi ÿixcracın strukturundaÿ qeyri-neft ixracının xüsusi çəkisi 13,97%-dən 13,66%-ə enib.
Buÿilin aprel ayında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 5,4%, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri 1,7% artıb, digər ölkələrə ixrac olunan məhsullar isə 5,9% bahalaşıb.
Eyni zamanda,ÿapreldə idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 0,2%, MDB ölkələrindən idxal -ÿ1,9 % bahalaşıb, digər ölkələrdən idxal olunan məhsullar isə 0,3% ucuzlaşıb (Report).
Bundan başqa, maliyyə böhranının ölkəni ciddi vurduğu digər göstəricilərdən də aydın görünür.
Investisiya xərclərində kəskin azalma
Iqtisadiyyatın maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri ötən ilə nəzərən bu il 46% azaldılaraq 8,5 milyarddan 4,6 milyard manata endirilib. Iki dəfəyə yaxın azaldılmış həmin maliyyə vəsaitlərinin daha üçdən ikisinin ixtisar oluna biləcəyi ehtimalı çox böyüyüb.
Bu ilin dövlət büdcəsindən investisiya məqsədləri üçün 3 milyard manat xərcləmək nəzərdə tutulub. Artıq 4 ay ötüb. Ancaq büdcədən investisiya üçün 246 milyon ayrılıb. Bu gedişatla 3 milyarddan 740 milyon və ya 75% az yatırım etmək mümkün olacaq.
Belə vəziyyətin yaranması olduqca fəlakətli nəticələrə gətirib çıxara bilər. Yanlış iqtisadi siyasət nəticəsində xeyli dərəcədə zəiflədilmiş iqtisadi-biznes strukturlarının fəaliyyəti daha da sönə bilər.
Ilin sonunadək dövlət büdcəsindən səhiyyənin maliyyələşdirilməsinə ayrılmış vəsaitlərin 51% (420 milyon), təhsil xərclərinin 26% (470 milyon), sosial müdafiə və sosial təminat xərclərinin 19% (520 milyon), ümumdövlət xidmət xərclərinin 21% (635 milyon), məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına ayrılmış xərclərin 22% (270 milyona yaxın) kəsirdə qalacağı gözlənilir.
Iqtisadçı Nemət Əliyev hesab edir ki, ixracda kəskin azalma onunla bağlıdır ki, ölkə daxilində qeyri-neft sektorunu inkişaf etdirmək, istehsalı əvvəlki templərdə davam etdirmək mümkün olmayıb. N.Əliyevin sözlərinə görə, qeyri-neft sektorunda istehsal olunan malların təxminən 40 faiz azalması məhz bunun göstəricisidir. Hökumətin uzun müddətdən bəri çalınan həyəcan təbilinə reaksiya verməməsi, ölkə daxilində acınacaqlı durum yaradıb: “Sahibkarların yolundakı problemlər tamamilə qalıb və onlar aradan qaldırılmayıb. Biznes strukturların normal fəaliyyəti təmin edilməyib. Görünür, ya hökumət bu problemləri aradan qaldırmağı vacib bilməyib, ya da problemlərin miqyası daha da böyüyüb. Eyni zamanda sahibkarların bu istiqamətdə fəaliyyətinin stimullaşdırılması üçün yetərincə əsaslar yaradıla bilməyib. Azərbaycanda qeyri-neft sektoru dedikdə ixrac yönümlü fəaliyyət baxımından əsasən aqrar sahə və emal bölməsi nəzərdə tutulur. Deməli, yerli sahibkarlarımız, xüsusilə də emal sahəsində istehsal olunan məhsulların istehsalını genişləndirə bilməyiblər. Hətta bir sıra məhsulların ixracında kəskin azalmalar var. Amma həmin məhsulların idxalını nəzərdən keçirəndə görürsən ki, bu məhsulların idxalında ciddi artım var”.
N.Əliyevin fikrincə, ölkədə elə bir şərait yaranıb ki, həmin məhsulları ölkə daxilində istehsal etmək iqtisadi maraq baxımından əhəmiyyətsiz olub. N.Əliyevin sözlərinə görə, sahibkar düşünür ki, bir məhsulu ölkədə istehsal etməkdən və ondan gələcək gəliri vergi məmuruna rüşvət halında verməkdənsə, bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırırlar: “Ölkənin qeyri-neft sektoruna daxili mənbələr hesabına kapital qoyluşunun 70 faizə qədər azalması açığı, bu cür fəsadları proqnozlaşdırmağa imkan verirdi. Bu beş aylıq dövrün investisiya qoyuluşu istiqamətindəki durumu nəzərdən keçirsək məlum olur ki, nəinki yerli sahibkarların, eyni zamanda xarici investorların iqtisadiyyatımıza kapital qoyuluşunda 20 faiz azalma müşahidə olunur. Xarici investorların kapital qoyuluşunu azaltması ciddi tendensiyadır. Hökumət zamanında gərəkən tədbirləri almadı, yalnız imitasiya ilə məşğuldur”.
Xəyal