Ölkənin necə ağır vəziyyətə salındığını təsəvvür etmək çətin deyil
Hətta iri məmurlara məxsus şirkətlərin də ilfasa uğraması, ölkədə vəziyyətin nə qədər ağır olduğunu çılpaqlığı ilə göstərir. “Azadlıq” radiosunun “EVRASCON” (keçmiş “Azərkörp”) ASC haqqında apardığı araşdırma bunu bir daha təsdiqləyir. Belə ki, ötən ilin sonlarına yaxın işçilərinin sayı 6 min 500 nəfəri keçən bu şirkət 5 min əməkdaşını ixtisara salmağa məcbur olub. Bu azmış kimi, şirkət 5 aya yaxındır ki, hesablanmış əmək haqlarını ödəyə bilmir.
Bu məlumatı korporasiya idarə heyətinin sədriÿ Manaf Şirinov ÿiyunun 27-də səhmdarların illik ümumi yığıncağında səsləndirib. Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşdirilən investisiya layihələrinə ödəmələrin ləngiməsi ucbatından maaşların verilməsi ciddi problem olaraq qalır.
Digər tərəfdən, tender və birbaşa müqavilələrlə podrat tikinti layihələrini icra edən “EVRASCON” ASC bank kreditlərinə üz tutmalı olur. Il ərzində Azərbaycan Beynəlxalq və “Yapı Kredi-Azərbaycan” banklarından illik 9-16 faizlə toplam 73,2 milyon manat məbləğində kredit götürülüb. Qurum, hesablanmış faizlər də daxil, öz qazancının 58 milyon 685,2 min manatını kreditlərin bağlanmasına yönəltməyə məcbur qalıb. Bunu isə korporasiyanın Müşahidə Şurasının üzvü Namiq Kərimli deyib.
Ötən il bir çox layihələrin icrasını başa çatdıran “EVRASCON” bu il, hələ ki, Ələt-Astara avtomobil yolunun 2-ci fazasının tikinti layihəsinin icrası üzrə müqavilə bağlaya bilib. Korporasiya Bakı Metropoliteninin “Həzi Aslanov” – “Xətai” xəttinin tikinti layihəsinin icrasının da ona tapşırılmasını istəyir. Bu məqsədlə, ən azı, 14 milyon ABŞ dolları dəyərindəki yeni tunelqazan qurğunun alınması nəzərdə tutulur. Beləcə, gərəkli vəsait üçün yenidən banka üz tutmağı düşünürlər. Səhmdarların özü isə sərmayə qoymağı düşünmür.
Elə bu səbəbdən IH sədri M. Şirinov 2015-ci ildəki təxminən 8 milyon manat mənfəətin cəmi 2 faizinin dividend ödənişinə yönəldilməsi barədə ASC-nin Müşahidə Şurasının tövsiyəsini açıqlayıb.
Kiçik səhm sahibləri hər səhmə 1 manat deyil, mənfəətin 20 faizinin ödənilməsini, qalan vəsaitinsə nizamnamə kapitalına yönəldilməsini təklif ediblər. Yekunda, səhm-səs prinsipi ilə, hər səhmə 1 manat dividend ödənilməsi qərara alınıb.
Ötən il “EVRASCON” ASC Qusar, Qudyalçay və Qax çaylarında sahilbərkitmə, Bakı Beynəlxalq Avtovağzalında sürüşmə nəticələrinin aradan qaldırılması işləri, Salyan və Pirallahıda körpülərin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Xızı rayonunda suvarma sisteminin, “Əcəmi-2″ və ”D-4″ metro stansiyalarının və s.-in tikintisi üzrə 207,5 milyon manat gəlir əldə edib. Şirkətin istehsal sahələrində 2,3 milyon manat dəyərində dəmiryol şpalları və metal konstruksiyaları da hazırlanaraq satılıb. Sadalanan işlərin görülməsinə 195 milyon manat xərcləndiyi deyilir. Müstəqil jurnalist araşdırmasından məlumÿolub ki, “EVRASCON” ASC üzərində baş nazirin müavini Abid Şərifovun önəmli təsiri var. O, həyat yoldaşı Sədayə Yaqub qızı vasitəsilə Azərbaycan və bir neçə MDB ölkəsində filial və törəmə şirkətlərə sahib bu korporasiya səhmlərinin 12,15 faizinə nəzarət edir.
Qeyd edək ki, Abid Şərifov bütün tikintilərə nəzarət edən, böyük sahələri kurasiya edən, geniş təcrübəyə malik şəxsdir və söz sahiblərindən biridir. Amma böyük şirkətlərə sahib olan, tenderlərdə şirkətlərini qalib edən, biznes fəaliyyətində heç bir əngəllə qarşılşmayan, maliyyə problemi olmayan və nəhayət baş nazirin müavini postunu tutan adamın da şirkəti iflasa doğru gedir, şirkət 5000 işçisini ixtisar etmək məcburiyyətində qalır. Əgər Abid Şərifov ölkənin ən böyük şirkətlərindən birini qoruyub saxlamaqda çətinlik çəkirsə, xırda sahibkarların hansı vəziyyətdə olduğunu, ölkədəki biznes mühitinin çökdüyünü təsəvvür etmək çətin deyil.
Yuxarıda da qeyd etdyimiz kimi ölkə elə böhranlı vəziyyətə düşüb ki, böyük imkanlara sahib olan adamlar da vəziyyəti idarə edə bilmir. Faktiki olaraq bütün sahələrdə çöküş baş verir və vəziyyəti düzəltmək üçün heç bir real addım atılmır.
Belə bir bulanlıq vəziyyətdə iş adamlarının ölkəyə sərmayə yatırması, xaricdəki iş adamlarının ölkəyə axın etməsi də real görünmür. Çünki, ümumi mənzərə şəffaf deyil, hökumətin sözüylə əməli üst-üstə düşmür, köhnə pis ənənələr hələ də qüvvədədir.
Əgər baş nazirin müavini 5000 işçisini ixtisar edirsə, yeni iş yerlərinin açılmasından, işsizlik səviyyəsinin aşağı düşməsindən danışmaq absurddur. Bu həm də ölkənin ağır vəziyyətə salnmasının rəsmi etirafıdır. Hökumət “böhran xalqımıza təsir etməyib” desə də, böhran Abid Şərifova qədər qalxa bilib.
Samir