Binəqədidə 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı məhkəmədə ilginc detallar üzə çıxdı
Bina üzlənərkən Fövqəladə Hallar Nazirliyi istifadə olunan materialın yanğına davamlı olması barədə rəy veribmiş…
Ötən il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə məsuliyyətə cəlb olunmuş şəxslər də, onların vəkilləri də bu iş üzrə istintaqdan narazı qalıb. Onlar hesab edir ki, gerçək təqsirkarlar məsuliyyətdən kənarda saxlanılıb, günahsız adamlar cəzalandırılıb. Bu cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, onlar hesab edir ki, iş istintaqa geri qaytarılmalıdır. Çünki istintaq natamam aparılıb, çoxsaylı qanun pozuntularına yol verilib ki, onlar aradan qaldırılmalıdır.
“Insanların heysiyyətilə oynamaq olmaz”
Məsələn, “Global Stone” MMC-nin baş direktoru olmuş Uğur Bəşirovun vəkili Cavid Rzazadə deyir ki, müvəkkilinin müdafiə hüququ kobud şəkildə pozulub. Əlində orderi olmasına baxmayaraq, onun Uğur Bəşirovla görüşünə imkan verilməyib. Bundan başqa, istintaq başa çatandan sonra cinayət işinin materialları ilə tanış ola bilməyib.
“Baş verənlərə görə Fövqəladə Hallar Nazirliyi məsuliyyət daşıyır. Faciə baş verib, insanların heysiyyəti ilə oynamaq olmaz. Istintaqın gücü çatmayıb ki, məsuliyyət daşıyan adamları, günahkarları cəlb eləsinlər. Gerçək günahkarların cəzalandırılması üçün iş istintaq orqanına qaytarılmalıdı”, – deyə Cavid Rzazadəÿbildirib.
“Yanğın zibillikdən başlayıb və 27 saniyəyə alovlanıb”
Binanı üzləyən “Global Construction” MMC-nin təsisçilərindən biri olan Miryusif Mahmudovun vəkili Ilhamə Həsənova müvəkkilinin günahsız olduğunu vurğulayaraq, onun barəsində cinayət işinə xitam verilməsinə dair vəsatət qaldırıb: “Onun bu cinayətə heç bir aidiyyəti yoxdur. O, sahibkarlıq fəaliyyətilə məşğul olub, dörd şirkət təsis edib. ”Global Construction”un da iki təsisçisindən biridir. Istintaq bu məsələdə birtərəfli mövqe tutub. CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir. Bu adamlara ittiham verilib ki, guya, əvvəlcədən əlbir olublar. Ehtiyatsızlıqdan törədilən cinayətdə əvvəlcədən əlbir olmaq mümkün deyil. Üstəlik, Miryusif Mahmudov və digər təqsirləndirilənlərin çoxu bir-birini ilk dəfə məhkəmədə görüb, bu necə əlbirlikdir? “Global Construction” podratçı şirkət olub, Binəqədi Rayon Icra Hakimiyyətinin sifarişinə uyğun olaraq, işi həyata keçirib. Müqavilənin 6.6-cı bəndində də göstərilib ki, bina poliuretan materialla üzlənsin. Miryusif Mahmudovun barəsində həbs qərarının dəyişdirilməsi məsələsini qaldıranda bizə deyirdilər ki, onun buraxılması ictimaiyyətin mənfi emosiyalarına səbəb ola bilər. Miryusif Mahmudov və onun şirkəti hansı nüfuza malik idi ki, bütün respublikadakı binaları bu materiallarla üzləmişdilər? Heç kim Binəqədi Rayon Icra Hakimiyyətini məcbur eləməmişdi ki, bu şirkətlə müqavilə bağlasın. Yeri gəlmişkən, həmin binaların üzlənməsinə görə 22 milyon bu günə qədər şirkətə köçürülməyib”.
Müdafiəçi qeyd edib ki, materialın keyfiyyətsiz olması barədə deyilənlər də yalandır. Binanın üzlənməsi prosesinin gedişində materialdan nümunə götürülüb və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin müvafiq laboratoriyası rəy verib ki, üzlənmədə istifadə olunan materialın “çətin yanan materialdı”. Həmin sənəd də istintaqa təqdim olunub.
Ilhamə Həsənova binanın yanmasında kənar müdaxiləni istisna etmir: “Müəyyənləşdirilib ki, yanğın zibil yığınından başlayıb və 27 saniyə ərzində alışıb. Kənar köməkçi vasitə olmadan, qısa müddətdə bu cür sürətlə alışma mümkün deyildi”.
“Yanğın vaxtı MTN 30 nəfərlə ofisimdə əməliyyat keçirdi”
Miryusif Mahmudovÿda vəkilinin və digər müdafiəçilərin vəsatətlərə münasibət bildirərkən özünün və onunla birlikdə mühakimə olunan digər şəxslərin günahsız olduğunu bildirib:
“Insan günahını biləndə daha rahat olur. Bir də var ki, 50 yaşa çatasan, ali təhsilli adam, heç vaxt heç adi polisə işin düşməsin, indi kimlərinsə böhtanına görə əzab çəkəsən. Günahkar mənəmsə, cavab verməyə hazıram. Yanğın vaxtı MTN 30 nəfərin iştirakı ilə ofisimdə əməliyyat keçirdi. Hadisədən 20 dəqiqə sonra MTN-də idim. Oradan prokurorluğa aparanda sevindim. Amma nə baş verdi? Mən prokurorluqda həqiqət görmədim. Təəssüf edirəm ki, bizim elə istintaqçılarımız var. Bizim Azərbaycanın bütün böyük dövlət qurumlarından sertifikatımız var. Özüm, balalarım yaşayan evi, 60 nəfərin işlədiyi ofisimizi də o materialla üzləmişəm. Biz bu qədərmi əskik adamıq ki, keyfiyyətsiz materialla iş görək? Bizə əvvəlcədən əlbir olan cinayətkar qrup ittihamı verilib. Keçən məhkəmə iclasında bu yoldaşın (Akif Əlibəyovu göstərir) əlində sənəd görüb soruşdum ki, ”siz kimin vəkilisiz?” Məlum oldu ki, o da təqsirləndiriləndi və biz bir-birimizi tanımadığımız halda, əvvəlcədən əlbir olmaqda ittiham edilirik”.
Məhkəmənin hazırlıq iclası bu gün davam edəcək.
Bu cinayət işi üzrə məhkəmə qarşısına 8 nəfər çıxarılıb – Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyov. Uğur Bəşirov “Global Stone” MMC-nin baş direktoru, Ələkbər Əsgərov “Global Construction” MMC-nin sədr müavini kimi təqdim olunub. Digər təqsirləndirilən Ədalət Rəcəbov 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra Binəqədi Rayon Icra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləyib. Nizami Orucov 72 saylı Mənzil-Kommunal Istismar Sahəsinin rəisi olub. Qəzənfər Novruzov isə 2012-2013-cü illərdə Binəqədi rayon Icra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Ağacavad Məmmədov “Dərnəgül Boru” zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri, Akif Əlibəyov isə Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru olub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Aytən Məmmədova