Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Bu barədə xəstənin yaxınları məlumat veriblər. Xəstənin nəvəsi Zaur Hüseynov anspress-ə bildirib ki, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.
Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.
“Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqrəba açıqlama verməsi üçün həmin həkimi axtarır. Lakin tapa bilmirik. Yasamal Rayon Polis Idarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar”.
Məsələ ilə bağlı mərkəzdən əvvəlcə bu adda həkimin onlarda çalışmadığı bildirilib. “Bizim xəstəxananın həyətində başqa bir xəstəxana var. Ola bilər ki, xəstə həmin tibb müəssisəsində əməliyyat edilib”, – deyə mərkəzin baş həkiminin katibəsi bildirdi.
Mərkəzin direktoru Azər Şəmsəddinski isə faktı təsdiqləyib. O deyib ki, məsələdən xəbərdardır və artıq fakta görə polis əməkdaşları xəstəxanaya cəlb edilib. “Bu işə görə mən özüm də şokdayam”, – deyə o bildirib.
Valeh Kərimov isə azvision.az-a açıqlamasında əməliyyat zamanı səhvə yol verdiyini etiraf edib: “Xəstə 87 yaşında xanımdır, iki ayağı ateroskleroz olub. Xəstənin ayaqlarından biri qanqeranaya uğrayıb. Xəstəyə baxılan zaman bildirildi ki, bir ayağı mütləq amputasiya olunmalıdır. Digər ayağının da sağalma ehtimalı yox idi. Xəstənin ailə üzvlərinə bildirmişdim ki, digər ayağı da 3-4 günə amputasiya olunmalıdır”.
Valeh Kərimov xəstənin həyatını xilas etmək üçün təcili əməliyyat keçirildiyini bildirib. “Xəstə təcili əməliyyat olunmalı idi. Təcili kəsiləsi ayağı kəsməliyik. Xəstənin hər iki ayağı sarğıda idi. Hanı ayağının qanqrena olduğunu seçmək olmurdu.
Mən mexaniki olaraq səhvə yol verdim. Sonra bildim ki, səhv ayağı kəsmişəm. Xəstənin onsuz da hər iki ayağı kəsilməli idi. Əməliyyat olmasaydı, onun həyatını xilas etmək mümkün olmayacaqdı. Etiraf edirəm, səhvə yol vermişəm. Birinci qanqerana olan ayağı amputasiya etmək lazım idi, sonra ikinci ayağı. Texniki səhv idi. Indiyədək heç bir xəstəm məndən narazılıq etməyib Sadəcə tibb personallarının səhvi üzündən başıma belə iş gəldi. Əməliyyat masasında sağla solu müəyyənləşdirə bilmədim. Dedim ki, təki xəstənin həyatını xilas edim, əməliyyat tez bitsin”.
60 yaşı olduğunu deyən Valeh Kərimovun sözlərinə görə, xəstənin qızları onun üstünə hücum edirlər. “Xəstənin qızları üstümə hücum çəkirlər. Şəkərim qalxıb, özümü narahat hiss edirəm. Müstəntiq mənə zəng etdi. Dedim ki, xəstənin yaxınları olan yerə çağırmayın. Başqa yerə çağırın, gəlim ifadə verim. Onlar da razılaşdılar”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ildirib ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır: “Həm Səhiyyə Nazirliyi Tibbi Ekspertizanın, həm də hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları araşdırmaların nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək”.
“87 yaşlı xəstə Tərlan Məmmədova uzun illər hər iki ayaqdan dizaltı arterialarının kəskin stenozu, baldır arteriaların okkluzisiya (tutulma) diabetik qanqrena diaqnozu ilə qeydiyyatdadır. Xəstəni müalicə edən həkimin sözlərinə, amputasiya olunan ayağa dərhal müdaxilə olunması vacib idi”.
Report-un xəbərinə görə, bunu da jurnalsitlərə açıqlamasında Mərkəzin direktoru Azər Şəmsəddinski deyib. Respublikanın baş cərrahı Hacıqulu Bağırov isə hadisə barədə məlumat alan kimi dərhal xəstəxanaya gəldiyini qeyd edib: “Nəticələr araşdırmalar yekunlaşdıqdan sonra açıqlanacaq. Ekspertizanın rəyi də gələn həftənin birinci günü (iyunu 27-də) məlum olacaq”.