Hüquq müdafiəçisi «ASAN Xidmət»də saxlanılaraq polis bölməsinə aparıldı; onun ölkədən çıxışına qadağa qoyulub
Hüquq müdafiəçisi, “Siyasi məhbuslarsız Azərbaycan” Ictimai Alyansının koordinatoru Oqtay Gülalıyev dünən günün ikinci yarısında pasport almaq üçün “ASAN Xidmət”ə müraciət etdikdən sonra 37-ci polis bölməsinə aparılıb. “ASAN Xidmət”də Oqtay Gülalıyevə bildiriblər ki, onun barəsində Sabirabad Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.
Hüquq müdafiəçisi bir xeyli müddət bölmədə saxlanılandan sonra axşam saatlarında buraxılıb. Ondan iyunun 27-nə qədər mütləq Sabirabad Rayon Polis Şöbəsinə getmək haqda iltizam alıblar.
Oqtay Gülalıyevin sözlərinə görə, 37-ci bölmədə ona deyiblər ki, barəsində axtarış elan edilməyib, amma ölkədən çıxışına qadağa qoyulub.
“Onda aydın deyil, niyə məni ”ASAN Xidmət”də saxlayıblar? Sadəcə, deyə bilərdilər ki, mənim ölkədən çıxışıma qadağa qoyulub. Sən demə, “ASAN Xidmət”lər deyil, vətəndaşların total izlənməsi sistemidir”, – deyə Oqtay Gülalıyev “Azadlıq” radiosuna açıqlamasında bildirib.
Hüquq müdafiəçisi qeyd edib ki, “ASAN Xidmət”də sənədlərini təqdim edən kimi dərhal polis gəlib. Onu “ASAN Xidmət”in nəzdindəki bölməyə aparıblar: “4 il əvvəl başlamış cinayət işinin bütün araşdırma müddəti çoxdan başa çatıb. Işə xitam verilməli və ya məhkəməyə göndərilməlidir”.
Oqtay Gülalıyev 2012-ci ilin aprelində Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərə kompensasiyaların ədalətli bölünməsi tələbi ilə keçən etirazlardan sonra həbs edilmişdi. Ona qarşı 3 ilədək həbs cəzasını nəzərdə tutan iğtişaşlara təhrik ittihamı irəli sürülmüşdü. Ancaq bir neçə aydan sonra Prezident Administrasiyasının müdaxiləsi ilə o, elə həmin il iyunun 13-də Sabirabad rayon məhkəməsinin qərarı ilə azad edilmişdi.
Oqtay Gülalıyev azadlığa buraxılsa da, onun işi indiyədək bağlanmayıb. 2012-2016-cı illər ərzində müxtəlif vaxtlarda Oqtay Gülalıyevin oğulları da soyuq silahdan istifadə ilə fiziki zorakılığa məruz qalıblar.
Onu da qeyd edək ki, Oqtay Gülalıyevin koordinatoru olduğu “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Fövqəladə Hallar Nazirliyinin nəzarəti altında daşqının nəticələrinin aradan qaldırılması zamanı mənimsəmə və məmurların yüz milyonlarla dollardan sui-istifadəsi faktlarını aşkar edib. Buna görə qrargah üzvləri təqib olunub, bir sıra şəxslər həbs olunub və sonradan azad edilib.