YAP-çı deputatın Iqbal Ağazadə haqqında dedikləri iqtidarın avtoritar mahiyyətini ortaya qoydu; “Ümid” sədri barədə hansı kompramatların mətbuata ötürülməsi planlaşıdırılır?
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun “Ümid” Partiyasının sədri Iqbal Ağazadə haqqında səsləndirdiyi fikirlər geniş müzakirlərə səbəb olub. Xatırldadaq ki, Siyavuş Novruzov Iqbal Ağazadəninin Ağdaşdan təkrar keçirilən seçkilər barədə fikirlərinə cavab olaraq “Ümid” sədri “iki şillə bir təpiyə” dostalarını satmaqda ittiham etmişdi: “Iqbal Ağazadə deputat secilə bilməzdi. Prokurorluq orqanlarında onun iki şillə bir təpik altında öz silahdaşları əleyhinə yazdığı kifayət qədər izahatlar var. Lazım olsa çıxarıb mətbuata təqdim edərik”.
Siyavuş Novruzov bu fikirləri ilə Iqbal Ağazadənin 2003-cü ildə işgəngəncələrə məruz qaldığını rəsmən etiraf etmiş olub. Halbuki Azərbaycan hakimiyyəti nəinki siyasi fəallara qarşı işgəncə faktlarını danır, ümumiyyətlə, hüquq-mühafizə orqanlarında işgəncə halları olmadığını iddia edir. Siyavuş Novruzov isə qəsdən, ya da bilmədən hakimiyyəti ifşa edib.
Bundan başqa Siyavuş Novruzovun fikirlərindən belə aydın olur ki, hakimiyyət üçün istintaq sirri anlayışı yoxdur. Ən yaxşı halda bu anlayış siyasi rəqiblər üçün keçərlidir.
Siyavuş Novruzovun fikirləri ilə bağlı müzakirələr də elə də bu yöndədir. Hələ ki, rəsmi şəkildə YAP-çı deputatın bu fikirlərinə izahat verilməyib.
Tanınmış vəkil Namizəd Səfərov da bu məsələyə münasibət bildirib. O, “Facebook” səhifəsində yazdığı statusda Siyavuş Novruzovun fikirlərini belə qiymətləndirib: “1.Prokurorluq bunların əlində oyuncağa çevrilib. Istənilən cinayət işindən məlumatı götürüb mətbuata yaya bilərlər.
2.Cinayət işi materialları bunlar üçün siyasi apponentlərinə qarşı şantaj və kompromat mənbəyi kimi istifadə olunur.
3.Istintaq orqanlarında vətəndaşlara qarşı fiziki zorakılıq tətbiq olunur və onlardan zorakılıq altında istənilən şəxsə qarşı ifadələr alınır.
4.Milli Məclisin rəhbərliyi və hüquqşünas professor (Siyavuş Novruzov nəzərdə tutulur) istintaq orqanlarındakı özbaşınalıqlar və işgəncələr barədə tam məlumata malikdir və bunlara düşünülmüş şəkildə yol verir və göz yumur.
5.Prokurorluq başqaları üçün istintaq sirri hesab olunan istintaq materiallarını və məxfi olan məlumatları YAP-dan olan deputatlara ötürür.
6.Deputat seçkilərin saxtalaşdırıldığını və Milli Məçlisin hakimiyyətin iradəsi ilə formalaşdırıldığını çəkinmədən, açıq şəkildə bəyan edir”.
Iqbal Ağazadəyə qarşı belə kəskin mövqeyə gəlincə, iddia olunur ki, onun Ağdaşdan namizədliyini irəli sürməsi iqtidarı qəzəbləndirib. Bildirilir ki, “Ümid” sədrinə qarşı bu kampaniya hələ davam edəcək.
Bu arada redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Iqbal Ağazadənin mətbəələrdən birinə xeyli borcu var. Lakin sabiq deputat borcunu vermək istəmir. Hökumətin bu faktdan da Iqbal Ağazadəyə qarşı istifadə etmək niyyəti var. Güman ki, yaxın vaxtlarda məsələnin təfərrüatları mətbuata ötürüləcək.