Və Əsabil Qasımovun Yesentukidə 35 milyonluq layihəsi
Ölkə başçısı Ilham Əliyev xariciləri Azərbaycana investisiya yatırmağa çağırdığı vaxtda deputat Əsabil Qasımov Rusiyanın Yesentuki şəhərinə 35 milyon yatırım edib. ANS PRESS-in məlumatında deyilir ki, Yesentukidə Azərbaycandan yatırılan sərmayə hesabına tikilən yeni “Istoçnik” sanatoriyası açılıb. 400 nəfərlik sanatoriya layihəsi Azərbaycan Respublikasının sərmayə proqramı kampaniyası çərçivəsində həyata keçirilib. Azərbaycan bu layihəyə 1,5 milyard rubl (35 milyon manat) sərmayə qoyub.
Açılış mərasimində Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-Bül oğlu, Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və layihəyə sərmayə yatıran tanınmış iş adamı Əsabil Qasımov iştirak edib.
Maraqlıdır ki, Əsabil Qasımov bu yatırımı niyə ölkəsinə etməyib? Axı Ilham Əliyev son vaxtlar hər çıxışında ölkəyə sərmayə yatırılmasının vacibliyindən danışır. Yuxarıda qeyd etdiyimiz kimi əcnəbiləri də Azərbaycana sərmayə yatırmağa çağırır. Bu çağırışlar niyə Əsabil Qasımov üçün keçərli deyil? Indi Əsabil Qasımov təmsil etdiyi hakimiyyətin birinci şəxsinin çağırışlarında, Azərbaycanda yaxşı biznes mühiti olması barədə dediklərində səmimi olduğunu necə sübut edəcək? O zaman ortaya suala çıxmazmı ki, bəs niyə sən özün Azərbaycana yox, Rusiyaya yatırım edirsən?
Biz hələ Əsabil Qasımovun qanunvericiliyə görə biznes fəaliyyətilə məşğul olmamalı olduğunu demirik. Bu adam deputatdır. Azərbaycan qanunvericiliyinə görə isə deputat biznes fəaliyyətilə məşğul ola bilməz…