Hərracda tələbat 480 milyon dollar təşkil edib
Məhəmməd Talıblı: «Dollar dəyərinin artması qaçılmazdır»
Vahid Əhmədov: «İlin sonuna qədər 1 dollar 1,80 manatadək bahalaşacaq, bu qaçılmazdır»
Bakı şəhərinin nağd valyuta bazarında ABŞ dollarının satış məzənnəsi dünən səhər saatlarında 1,55 AZN/USD-yə yüksəlib. Paytaxtdakı banklarda aparılan müşahidələr dolların alışının 1,5430 AZN/USD, satışının isə 1,55 AZN/USD olduğunu (optimal qiymətlər) göstərib.
Dollar yenidən 2,5% bahalaşıb
Son günlər xarici valyutaya yaranan tələbat əhali tərəfindən birmənalı qarşılanmayıb. Neftin qiymətinin son 7 ayın maksimal həddinə çatması hazırda manata olan tələbatın səbəblərini anlamaqda investorparda çətinlik yaradıb. ABŞ dollarının qlobal valyuta bazarında zəifləməsi, xüsusilə xammal hasilatçısı olan ölkələr arasında milli valyutaların dollara nəzərən möhkəmlənməsi fonunda AZN/USD məzənnəsi qlobal valyuta bazarlarına tam əks istiqamətdə hərəkət edib. Azərbaycanda dolların rəsmi məzənnəsi mayın 25-dəki 1,4900 AZN/USD səviyyəsindən 2,5% artaraq 1,5270 AZN/USD-yə çatıb.
Azərbaycanın əsas ticarət tərəfdaşı və neft hasilatçısı olan Rusiyada hazırda dolların məzənnəsi böhrandan sonrakı dövrün ən yüksək həddinə – 63 rubla çatıb. Türkiyədə isə dolların məzənnəsi mayın 24-dən azalmağa başlayıb və 2,90 TRY/USD-yə enib. Nəticədə, son bir ayda türk lirəsi 4% möhkəmlənib.
Dolların düşməsi ehtimalı azalır
Analitiklər hesab edir ki, dolların məzənnəsinin 1,50 AZN/USD səviyyəsinə enməsi ehtimalları getdikcə azalır. Yaxın zamanlarda rəsmi məzənnənin 1,60-1,65 AZN/USD-yə kimi irəliləməsi, daha sonra isə 1,55-1,58 AZN/USD səviyyəsinə kimi geriləməsi proqnozlaşdırılır. Azərbaycanda manatla geniş pul kütləsinin (M2) cari ilin ilk 4 ayında 1,2 mlrd. manat və ya 15% artması dollara tələbin davam etməsinə gətirib çıxarır. M2 pul aqreqatının 8-8,5 mlrd. manat səviyyəsinə qədər geriləməsindən sonra dollara tələbin azalacağı və manat ehtiyacının yaranması ehtimal edilir.
“Xatırladaq ki, neft qiymətlərinin yaxın zamanlarda azalma tendensiyası göstərməsi gözlənilir, bu da Rusiya və Qazaxıstan kimi qonşu və ticarət tərəfdaşlarımız olan ölkələrin milli valyutalarını zəiflədərək manata da neqativ təsir edəcək. Belə olduğu halda, manatın dollarla müqayisədə daha sürətlə zəifləməsinin şahidi ola bilərik. Bu ilin sonuna kimi isə dolların məzənnəsinin 1,85-2,05 AZN/USD səviyyəsinə yüksəlməsi mümkündür”, – deyə analitiklər qeyd edib.
Sataşı 50, tələbat 480 milyon
Eyni zamanda dollar alışında banklarda da aktivlik müşahidə olunur. Dünən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 32 banka satılıb. Məlumata görə, hərracda dollara tələbat yenə də yüksək olub və 480 mln. dollar təşkil edib. Xatırladaq ki, iyunun 21-də keçirilən son hərracda bu göstərici 400 mln. dollardan çox olub.
Dolların bu günə rəsmi məzənnəsi ən azı 1,5330 AZN/USD-yə çatacağı gözlənilir.
Sonrakı mərhələlərdə isə dollara tələbatın davam etməsi və məzənnənin 1,60-1,65 AZN/USD səviyyəsinə qədər artması proqnozlaşdırılır. (marja.az)
“Manatın məzənnəsinə təzyiqlər davam edir”
Manatın məzənnəsi ilə bağlı baş verənlərə Milli Məclisin Iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da münasibət bildirib. Modern.az saytına açıqlamasında deputat manatın növbəti dəfə ucuzlaşa biləcəyi barədəki proqnozları təsdiqləyib. O bidirib ki, hazırda manatın taleyilə bağlı problemlər var:
“Bu da hamıya məlum olduğu kimi, neftin qiyməti, idxal-ixrac əməliyyatlarındakı geriləmələrlə əlaqədardır. Ixracın miqdarı və bu sahədən gələn gəlirlər o qədər yüksək deyil. Doğrudur, bu barədə müəyyən işlər gedir. Amma ümumi proses manatın məzənnəsinə öz təsirlərini göstərir, təzyiqlərini davam etdirir”.
“Manatın məzənnəsinin qorunub saxlanması əlavə xərcdir”
V.Əhmədov Mərkəzi Bankın son günlər manatın məzənnəsilə bağlı verdiyi qərarları haqlı sayıb:
“Mən son günlər Mərkəzi Bankın seçdiyi yolu düzgün hesab edirəm. Yumşaq devalvasiya etməklə manatı real qiymətinə çatdırmaq lazımdır. Hesab edirəm ki, proses ilin axırına kimi davam edəcək. Mənim subyektiv fikrimdir ki, bu belə də olmalı, manat öz real qiymətini almalıdır. Çünki, manatı qoruyub saxlamaqla heç nəyə nail ola bilmərik. Manatın məzənnəsinin qorunub saxlanması əlavə xərcdir, hansı ki, onu real sektora yönəldə bilərik. Manatın ucuzlaşması labüddür və qarşısının alınması da mümkün deyil. Mənim proqnozlarıma görə, ilin sonuna qədər 1 dollar 1,80 manatadək bahalaşacaq. Bu qaçılmazdır”.
“Dolların dəyərinin manat qarşısında artması realdır”
Iqtisadçı Məhəmməd Talıblı isə hesab edir ki, məntiqlə bu ay ərzində dollar tələbi yox, təklifi artmalı idi. Çünki, ölkədə keçirilmiş Forumal-1 yarışmasında əcnəbi tursitlərin ölkəmizə gəlməsi və istehlak bazarından istifadə nəticəsində valyuta bazarına dollar axınını artırmalı idi. Amma əksinə oldu. Ötən aylara nisbətən iyun ayında dolların dəyəri artdı, manat dəyəri isə azaldı: “Əgər biz statistik məlumatlara istinad etsək, görərik ki, yalnız bir neçə gün ərzində manat-dollar nisbətində manat 4 qəpik dəyər itirib. Dəfələrlə söyləmişik ki, dollar dəyərinin artması qaçılmazdır, sadəcə mərhələli və hiss olunmayacaq səviyyədə qiymət artımına gediləcək ki, vətəndaşlara bazardan mənfi siqnallar gəlməsin. Amma ümumilikdə banklarda resurs problemini həll etmək üçün əlavə imkanlardan istifadə edib, əvvəlki ahəngdarlığı necəsə bərpa edilməsə, tənəzzül elementləri daha da güclənəcək. O fundamental problem həll olunmur. Odu qoyub, küllə oynamaq çıxış yolu deyil. Əsaslı addımlar atılmasa və bazar dinamizmi təmin olunmasa vəziyyətdən çıxmaq çətin olacaq”.
M.Talıblının sözlərinə görə, ona görə önləyici addımların atılmasına ehtiyac var. Indiki vəziyyət valyuta bazarında nisbi sabitliyi qoruyub-saxlamağa hesablanıb: “Amma keçici yox, qalıcı addımlarla mövqeləri möhkəmləndirmək lazımdır. Əsas odur ki, bu addımlar atılmır və milli valyuta inamsızlıq yenə də qalır. Fakt odur ki, manata dollar təzyiqi artır və manat gücü azalır. Həm işlək valyuta kimi, həm də dəyəri ifadə etmək baxımından manatın mövqeyi zəifləyir. Ona görə, hər zaman dolların dəyərinin manat qarşısında artması istisna olunmur. Bunu yay aylarında çox da təsirli olacağını gözləmirəm, amma yay aylarından sonra bunun üçün ciddi iqtisadi əsasların olacağını düşünürəm”.
Xəyal