«The Huffington Post» qəzetində insan haqları fəalı Rebecca Vincent müğənni Pharrell Williams-ın bazar günü Bakıdakı çıxışından yazır.
Müəllif qeyd edir ki, həmin gecə Pharrell Bakıda hətta «Formula-1» rəhbəri Bernie Ecclestone, ola bilsin, prezident İlham Əliyevdən də güclüydü.
«Əliyev rejimi «Formula-1» keçirməklə ölkədəki insan haqları pozuntularından diqqəti yayındırmaq istəyirdi. «Formula-1» isə Pharrell kimi ulduzlar vasitəsilə gəncləri bu idman növünə cəlb etməyə çalışır, çünki ənənəvi avropalı izləyiciləri yaşlanır. Pharrell dünyada tanınmış, heç nə itirməyəcək biridir», – müəllif yazır.
Rebecca Vincent «Hüquqlar uğrunda İdman» koalisiyasının müğənnin Azərbaycanda söz azadlığı ilə bağlı fikir bildirməsindən ötrü çalışdığını qeyd edir. Jurnalist Xədicə İsmayıl, insan haqları fəalı Emin Hüseynov da beynəlxalq mediada dərc olunmuş məqalələrində Pharrell-i hakimiyyətin təbliğatına alət olmamağa səsləyib.
Və Pharrel də bu çağırışları eşidib, «Azadlıq» (Freedom) mahnısını Azərbaycan gənclərinə həsr etdiyini söyləyib, bu gənclərin böyüyəndə təkcə Azərbaycanda deyil, bütün dünyada dəyişiklik edəcəyini söyləyib.
Xədicə İsmayıl deyir ki, azərbaycanlılar bu jesti dəyərləndiriblər: «Azərbaycanda «azadlıq» qışqırmaq naz-nemət sayılır. Pharrell Williams-ın izləyicilərə azadlıq hissi yaşatması və güclü bir mesaj göndərməsi böyük şey idi».
Müəllifin fikrincə, Pharrell-in çıxışı Azərbaycanda ən yaxşı və ən parlaq gənclərin də olduğu onlarla siyasi məhbusu ürəkləndirəcək. ««Formula-1» rəhbərliyi, pilotlar, tanınmışlar isə utancverici şəkildə korrupsioner Əliyev rejiminin imicini yaxşılaşdırmaq təbliğatında istifadə olundular, buna şərait yaratdılar. Aktyorlar və atletlər çox vaxt deyirlər ki, siyasətə qarışmırlar. Ancaq yadda saxlasınlar ki, Azərbaycan kimi ölkələrdə azad söz az tapılan şeydir. Ona görə də onların susqunluğu qulaq batırır, sözləri isə güclü rol oynaya bilər», – Rebecca Vincent vurğulayır.