AXCP sədrinin müavini hansı bənzətməyə görə suçlu bilinir?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının işində elə bir yenilik yoxdur. İstintaq müddəti bitib və hazırda iş materialları ilə tanışlıq mərhələsidir.
Əslində, ortada tanış olmalı bir iş materialı da yoxdur. Cinayət işi siyasi motivlərlə, bir nəfərin iradəsinə əsasən başladılıb və absurd ittihamlar üzərində qurulub. Təsadüfi deyil ki, Fuad Qəhrəmanlı ilə bağlı aparılmış istintaq hərəkətləri Nardaran hadisəsinə görə həbs edilən başqalarının ifadələrinin ona oxunmasından o tərəfə keçməyib. Bu barədə dəfələrlə məlumat yayılıb. Bu hərəkətlər isə görünür, ona görə edilib ki, ortada Fuad Qəhrəmanlını Nardaran hadisəsinə bağlamaq göstərişi və bu göstərişə uyğun cəhdlər var. İstintaq aldığı göstərişin icrası üçün belə bir uydurmaya yol verib ki, guya o, özünün feysbuk statusları ilə kütləvi ixtişaşa çağırıb və bu “çağırışların” Nardaran hadisəsilə hansısa bir bağlılığı var. Əslində isə hamı bilir ki, Nardaranda Tale Bağırzadə tərəfdarına qarşı qanlı polis əməliyyatı həyata keçirilib, Fuad Qəhrəmanlı isə onlarla başqa siyasətçi, ictimai fəal kimi, bu əməliyyatla bağlı fikir və mülahizələrini paylaşıb. Yazılarında da korrekt olmayan və ya hansısa qanunsuz əməli təşviq edən bir söz yoxdur. Elə buna görə də istintaq saxtakarlığa əl ataraq, iş materiallarına belə bir əlavə edib ki, guya Qəhrəmanlı öz statuslarında camaatı hakimiyyətə qarşı meydanlara çıxıb şəhid olmağa çağırıb.
Aldığımız yeni bilgilər istintaqın Fuad Qəhrəmanlıya qarşı hərəkətlərdə özünü gülünc vəziyyətə salmasının bununla bitmədiyini göstərir. Vəkillərindən aldığımız məlumata görə, onun cinayət məsuliyyətinə cəlb edilməsi haqda qərarda göstərilir ki, Fuad Qəhrəmanlı özünün feysbuk qeydlərində hakimiyyəti “günahkar gücə”, öz tərəfdarlarını isə “İmama” bənzədib. Təsəvvür edirsizmi, qərarda elə beləcə də yazılıb: “Hakimiyyəti günahkar gücə bənzədib”.
Bir heykələ görə ikisinə ağır işgəncələr verməklə və narkotiklə şərləməklə 4-5 gənci həbsə atan, ölkədə az qala rəsmən bütpərəstlik elan edən rejim müxalifət partiyasının sədr müavinini hansısa bənzətmələrdə suçlu bilir. Fuad Qəhrəmanlının istintaq predmetinə çevrilən yazılarında məhz o ifadələr yoxdur, lakin hətta olsaydı da belə, hansısa bənzətmə necə cinayət məsuliyyəti yarada bilər ki? Fuad Qəhrəmanlının cinayət məsuliyyətinə cəlb edilməsi haqda qərar bax belə absurdlardan ibarətdir.
Əvvəllər də vurğulanıb – Fuad Qəhrəmanlının həbsi ilə İlham Əliyev hakimiyyəti necə deyərlər, bir ilkə imza atıb. Ona qədər bu hakimiyyət siyasi baxışlarına və tənqidçi çıxışlarına görə həbs etdiyi fəalların hərəsini bir şərlə damğalayıb. Birini narkoman elan edib, birini xuliqan, bir başqasını vergidən yayınan və s. İlk dəfədir İlham Əliyev birini məhz yazısına görə həbs etdirdiyini gizlədə bilməyib ki, bu da Fuad Qəhrəmanlının “payına düşüb”. Yeri gəlmişkən, Fuad Qəhrəmanlı Heydər Əliyevin dövrünə (1998-ci il) təsadüf edən birinci həbsi zamanı da rəsmən yazısına görə ittiham olunmuşdu. Bu baxımdan İlham Əliyev bəlkə də Fuad Qəhrəmanlı ilə bağlı sanksiya verərkən əsas üçün özünü çətinə salmadan eləcə atasının dövrünə müraciət edib, vəssalam. Qalanı artıq müstəntiqlərin, prokuror və hakimlərin işi olmalıdır. Zəhmət çəkib, ağıllarına gələn və gəlməyən arqumentlərlə adamı publik yazısına görə niyə həbs etdiklərini əsaslandırsınlar. Və bu da sizə “əsas” – “Hakimiyyəti günahkar gücə bənzədib”.
Samir