Jurnalistin döyülüb öldürülməsilə bağlı apelyasiya məhkəməsi başladı
Tərəflər həkimlərin məsuliyyətə cəlb olunmamasından narazıdır
Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmiş tərəf narazı qalıb. Ona görə də təqsirləndirilən şəxslərin vəkillərilə yanaşı, mərhum jurnalistin anası Teyfurə Əliyeva da hökmdən apelyasiya şikayəti verib. Dünən Bakı Apelyasiya Məhkəməsində bu iş üzrə ilkin baxış iclası keçirilib.
“Iş yenidən birinci instansiya məhkəməsinə qaytarılsın”
Zərərçəkmişin nümayəndəsiÿFariz Namazlıÿişin təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması haqda vəsatət verib. Vəkil bunu həkimlərin məsuliyyətdən kənarda saxlanması ilə izah edib:
“Bu iş üzrə istintaqın sonunda sübutlar düzgün qiymətləndirilməyib, ittiham aktı qanuna zidd tərtib olunub. Sübutların qiymətləndirilməsinə dair qərarda həkimlərlə bağlı cinayət təqibinə xitam verilib. Biz bu məsələni birinci instansiya məhkəməsində qaldıranda hakimlər bildirdilər ki, ”onunla bağlı ayrıca məhkəmə nəzarəti qaydasında şikayət verin”. Halbuki, buna həmin məhkəmə özü baxıb qiymət verməli idi. Amma yenə də biz məhkəmə nəzarəti qaydasında şikayət verdik və Səbail Rayon Məhkəməsi onu geri qaytardı. Beləliklə, həkimlərin məsuliyyəti məsələsi məhkəmə tərəfindən araşdırılmamış qaldı. Ona görə də xahiş edirik, yenidən araşdırma aparılması üçün işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarasınız”.
Təqsirləndirilən şəxslərin vəkilləri də vəsatəti müdafiə edib. Təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli deyir ki, nadir hallarda müdafiə tərəfilə zərərçəkmiş tərəfin mövqeyi üst-üstə düşür: “Həkimlərin cəzalandırılması məsələsində bizim mövqeyimiz zərərçəkmiş tərəflə eynidir. Rasim Əliyev həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib və bu məsələ araşdırılmalıdır”.
“Rasim Əliyevin xəstəlik tarixçəsi niyə dörd dəfə dəyişib?”
Iş üzrə təqsirləndirilən beş nəfərdən dördünün – Elşən Ismayılov, Arif Əliyev, Camal Məmmədov və Samir Mustafayevin hüquqlarını müdafiə edən vəkil Şəmsəddin Quliyevÿdə vəsatəti müdafiə edib. O həmçinin özü də apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla, əlavə sübatlar araşdırılmaqla baxılmasını istəyib: “Həkimlər gəlsin, cavab versin görək, rəhmətliyin ”rentgen snimkası” hardadı? Rasim Əliyevin xəstəlik tarixçəsi dörd dəfə dəyişdirilib, niyə? Istintaq faktiki həkimlərə köməklik eləyib. Halbuki, Rasim Əliyevin ölümündə əsas günahkar həkimlərdir. Amma məhkəmə onları çağırıb dindirmədi. Başa düşə bilmirəm, istintaq orqanı, məhkəmələr Səhiyyə Nazirliyindən niyə qorxur? MTN-də nə baş verdiyini gördünüz də…”
Lakin Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılmasına qərar verilib. Məhkəmə baxışı iyunun 10-na təyin olunub.
Xatırladaq ki, jurnalist Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. O, avqustun 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Bununla əlaqədar Elşən Ismayılov, Arif Əliyev, Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev və “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynov tutulub. Bir müddət sonra Cavid Hüseynovun işi ayrıca icraata verilib və onun məhkəməsi hələ başa çatmayıb. Bu beş nəfər isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 ildən 13 ilə qədər həbs cəzası alıb.
Aytən