Demokratik Qüvvələrin Milli Şurası bu gün Novxanıda Azərbaycan Respublikasının yaranmasının 98-ci ildönümü münasibətilə yürüş-mitinq keçirib.
28 May İstiqlal bayramı hər il olduğu kimi, cümhuriyyətin qurucusu Rəsulzadənin abidəsi önündə mitinqlə qeyd olunub. Mitinqdən əvvəl isə mərkəzi yoldan Rəsulzadənin abidəsi olan parka qədər yürüş keçirilib.
Yürüş boyu aksiya iştirakçıları Rəsulzadənin və Cümhuriyyətin, eləcə də Milli Şuranın şəninə müxtəlif şüarlar səsləndiriblər.
Mitinqi AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn aparıb. O, Rəsulzadə və Cümhuriyyət ideyalarının ölməzliyindən danışıb. İlk söz isə Milli Şuranın sədri, professor Cəmil Həsənliyə verilib.
Cəmil Həsənli Rəsulzadənin keçdiyi yolu, apardığı mübarizəni xalqa xidmətin örnəyi adlandırıb. Milli Şura sədri cıxışında Rəsulzadənin öz çiyindaşları ilə apardığı mübarizədən, göstərdiyi fəaliyyətdən danışıb.
Cəmil Həsənli may ayını Rəsulzadə ayı adlandırdı. O bildirib ki, Rəsulzadənin qurduğu dövlətin quruluş tarixi bu aya təsadüf edirsə deməli, Rəsulzadənin də doğum tarixi elə bu aydadır.
Cəmil Həsənli daha sonra bildirib ki, Rəsulzadənin qurduğu dövlətdə 23 ildir, ona bir abidə ucaltmadılar. Yeganə abidəsi bu kənddədir (Novxanıda). Amma o heykel polis gücünə qorunan çoxsaylı heykəllərdən fərqli olaraq qəlblərdədir, qəlbən sevilir.
Milli Şura sədrindən sonra AXCP lideri Əli Kərimliyə söz verilib. Əli Kərimli “Azərbaycan uğrunda mübarizə aparan, onun istiqlalına nail olan və sonralar da o istiqlalın bərpası eşqilə canlarını tapşıran” Rəsulzadə və tərəfdarlarını, müstəqilliyimizin bərpası hərəkatına öncüllük etmiş mərhum eks-prezident Əbülfəz Elçibəyi, eləcə də müstəqilliyimizin bərpasından sonra Azərbaycan uğrunda şəhid olanları rəhmətlə anıb.
Azərbaycanda Rəsulzadə ideyaları uğrunda mübarizənin bu gün də davam etdiyini və bu yolda çox sayda insanların zindanlardan keçdiyini bildirən AXCP sədri xüxusi ilə yenicə həbsdən çıxan Xədicə İsmayılın adını çəkib və meydanda olan jurnalisti salamlayıb.
Əli Kərimli çıxışında qeyd edib ki, “bu gün Azərbaycanda Rəsulzadənin adını hər yerdən götürüblər. Uzaq Ankarada onun adına bir lisey var, onunla da ədavət aparırlar, ona soyuq münasibət bəsləyirlər”.
“Bu ölkədə Rəsulzadəyə abidə qoyulmur, ama öz heykəllərini polis gücünə də qoruya bilmirlər” deyən Əli Kərimli hakimiyyətə belə bir ismarıc da göndərib: “Birdəflik anlayın artıq – keçmişimiz Rəsulzadə olduğu kimi, gələcəyimiz də Rəsulzadədir”.
Əli Kərimlidən sonra Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə qısa çıxış edərək Milli Şura rəhbərliyinə və aksiya iştirakçılarına təşəkkürlərini çatdırıb.
Sonda aksiyada iştirak edən AXCP Gənclər Komitəsi üzv və tərəfdarları Cəmil Həsənli və Əli Kərimli ilə birlikdə Rəsulzadənin abidəsi önündə xatirə şəkili çəkdirib.
Mitinqdən sonra Milli Şura rəhbərliyi və aksiya iştirkaçıları Rəsulzadənin yaxınlarının Novxanı qəbristanlığında məzarlarını ziyarət ediblər.