Xanhüseyn Əliyev: «Çıxış yolu kimi aparıcı kütləvi informasiya vasitələri ilə birlikdə Konstitusiya Məhkəməsinə müraciət etməyi görürəm»
2016-cı ilin yanvarından ölkəyə idxal edilən qəzet kağızına ƏDV-nin tətbiq olunduğuna dair bir neçə məqalə dərc etmişdik. Həmin addımın qeyri-qanuni olduğu və mətbuata ağır zərbə vurduğunu qeyd etmişdik.
“Qaya Mətbuat Yayımı” MMC-nin direktoru Xanhüseyn Əliyev də bu fikirdədir. O, da hesab edir ki, ölkəyə gətirilən qəzet kağızına ƏDV-nin tətbiq edilməsi qeyri-qanunidir: “2005-ci ilə qədər idxal olunan qəzet kağızları, qəzet və jurnallar Vergi Məcəlləsinin 164.1 və 164.1.7 maddələri ilə Əlavə Dəyər Vergisindən azad idi. Həmin il idxal olunan qəzet kağızlarının ƏDV-dən azad olunması Nazirlər Kabinetinin 2005-ci il tarixli 11 saylı qərarında da öz əksini tapdı. Bu bir səhv idi. Vergi Məcəlləsi qüvvədə ola-ola Nazirlər Kabinetinin 11 saylı qərarına ehtiyac yox idi.
Azərbaycan Respublikasının 20.10.2015-ci il tarixli 1384-IVQD qanunu ilə Vergi Məcəlləsinin 164.2 maddəsi ləğv edilmiş və bununla da Nazirlər Kabinetinin 2005-ci il tarixli 11 saylı qərarı qüvvədən düşmüşdü. Lakin Vergi Məcəlləsinin : 164.1 “idxalın aşağıdakı növlərindən ƏDV tutulmur”; və onun alt maddəsi olan 164.1.7 “kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)”.
X.Əliyevin sözlərinə görə, Vergi Məcəlləsinin 164.1 və 164.1.7-cimaddələri qüvvədə ola-ola 11 saylı qərarın qəbulu bir anlaşılmamazlıq idi. Mətbuata problem yaradan məhz Vergi Məcəlləsinin 164.2-ci maddəsi və 11 saylı qərarın ləğvi idi. Gömrük Komitəsi qanunu yox qərarı üstün tutdu. Bu isə böyük bir səhv idi, indi heç kim bu səhvi düzəltməyə səy göstərmir: “Bu il yanvarın 1-dən idxal olunan qəzet və jurnallara, və qəzet kağızlarına ƏDV tələb olunur. Ədliyyə Nazirliyi və Gömrük Komitəsi qeyd edir ki, hər bir alt maddəyə (164.1.7) ”idxal” sözü yazılmalıdır. Bu isə qeyri-qanunidir. Respublikada nəşr olunan kütləvi informasiya vasitələrinə də ƏDV-nin ləğvi ilə bağlı müraciətlər olunur. Lakin olmayan bir “qərarın” və “qanunun” ləğv edilməsi müracıəti absurddur. Hal-hazırda idxal olunan qəzet kağızları, qəzet və jurnallar Vergi Məcəlləsinin 164.1 və onun alt maddəsi olan 164.1.7 ilə ƏDV-dən azaddır. Mövcud qanunvericiliyə görə Respublikada qanunları şərh edən yeganə təşkilat Konstitusiya Məhkəməsidir. Çıxış yolu kimi aparıcı kütləvi informasiya vasitələri ilə birlikdə Konstitusiya Məhkəməsinə müraciət etməyi görürəm. Bununla da problem birdəfəlik həll edilmiş olar”.
Xəyal