Nabatəli Qulamoğlu: «Doğrudur, bəzi qüsurlar var…»
Milli Elmlər Akademiyası Dilçilik Institutunun direktor əvəzi Möhsün Nağısoylu orta məktəb dərsliklərinin şagirdlərin qavrama qabiliyyətinin nəzərə alınmadan yazıldığını deyir. “Report”un məlumatına görə, o, Azərbaycanda V sinif dərsliklərinin akademik səviyyədə yazıldığından, orta məktəb şagirdlərinin onu başa düşmədiyini bildirib: “Bu sahə üzrə təcrübəli mütəxəssis olaraq deyə bilərəm ki, orta məktəb dərslikləri şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır”.
M.Nağısoylunun sözlərinə görə, orta məktəb dərsliklərində dilin ədəbi normalarının qorunması baxımından müəyyən problemlər var. Küçələrdəki afişalar və obyektlərin adlarında da dilin normalarının pozulması hallarına tez-tez rast gəlindiyini deyən M.Nağısoylu qeyd edib ki, bu problemin həlli istiqamətində bəzi rayonların icra başçıları ilə razılığa gəlinib və hansısa müəssisənin adının seçilməsində institutun da rəyi nəzərə alınır: “Məsələn, ”supermarket” sözü ayrı da, defislə də yazılır. Bunun vahid formada yazılışını müəyyənləşdirmək lazımdır. Bəzi şadlıq evləri, supermarketlər, hətta bizim mentalitetə uyğun gəlməyən formada adlandırılır. Bu istiqamətdə də müəyyən maarifləndirmə işləri həyata keçirilir. Dilçilik Institutu belə halların qarşısını almaq üçün monitorinqlər keçirir və “Qaynar xətt” vasitəsilə onların vaxtında aşkarlanaraq qarşısının alınmasına çalışır”.
Institut direktoru vurğulayıb ki, Dilçilik Institutun alimləri ölkənin ali məktəbləri üçün də dərsliklərin hazırlanmasında iştirak edir. Onun sözlərinə görə, təkcə Azərbaycan vətəndaşları üçün deyil, əcnəbi vətəndaşlar olan tələbələr üçün də “Azərbaycan dili” dərsliyinin hazırlanması lazımdır.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu da “Azadlıq”a açıqlamasında iradların daha çox kurikulum dərsliklərindən olduğunu deyir. Ekspert alimlərin əksəriyyətinin kurikulumla yazılan dərsliklərdən narazı olduqlarını, Qərb modellərini yamsılamaq kimi xarakterizə edildiyini vurğulayır: “Yəni dərsliklərin özünəməxsus şəkildə, milli mentaliteti nəzərə almaqla deyil, birbaşa yamsılamaq yoluyla yazıldığını bildirirlər. Digər tərəfdən, köhnə stereotiplər var ki, onlardan, köhnə qaydalardan uzaqlaşmaq istəmirlər. Əslində, kurikulumla yazılan dərslikləri qəbul etmək lazımdır. Kurikulumlə yazılan dərslikləri diqqət mərkəzində saxlayıb şagirdlərin şifahi və yazılı nitq qabiliyyətlərini inkişaf etdirmək lazımdır. Doğrudur, bəzi qüsurlar var. Lakin şagirdlərin nitq qabiliyyətini inkişaf etdirmək üzərində bu cür dərsliklər hazırlamaq vacibdir”.
Nabatəli Qulamoğlu onu da qeyd edir ki, irad bildirən alimlərin fikirlərilə müəyyən qədər razılaşsa da, onları tam qəbul etmir.
Nigar