AXCP sədrinin müavininə qarşı ittiham ölkədə söz və internet azadlığı haqda bəyanatları darmadağın edir
YAP hakimiyyəti dövründə məhkəmələrin, qanunların, Cinayət Məcəlləsinin şikəst edildiyi, şəxslərin qanuna çevrildiyi hamıya bəlli faktdır. Uzun illərdi ki, bu ölkədə məhkəmələr hökumətin cəza aparatı kimi fəaliyyət göstərir. Məhz bunun nəticəsidir ki, həbsxanalarda 80-dən artıq siyasi məhbus var. Təbii ki, bu adamalrın qondarma ittihamlarla həbs olunduğu ölkə vətəndaşlarına da, dünyaya da məlumdur. Amma hökumət öz aləmində iz itirmək üçün gənc fəalları, ictimai-siyasi xadimləri “narkoman”, “xuliqan”, “vergidən yayınma”, “polisə müqavimət” ittihamlarıyla həbs etdirir. Yəni bu şəxslər siyasi fəaliyyətlərinə, tənqidi yazılarına görə həbs olunsalar da, rəsmi ittiham fərqli olur. Çünki bu adamların siyasi fəaliyyətinə görə həbs olunduğu rəsmi şəkildə etiraf edilsə, hökumətin nala-mıxa vurmaq imkanı olmaz.
Amma bəzən hökumətin qisasçılıq hissi o qədər güclü olur ki, “ənənə”ni pozmaq məcburiyyətində qalır. Belə ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı feysbukda yazdığı statuslara görə həbs olundu və rəsmi itihamda da bu öz əksini tapdı. Amma yenə də hökumətin qəzəbi sönmədi, şərin dozasını artrmaq qərarına gəldi. Yəni Fuad Qəhrəmanlı həbs olunarkən ona qarşı CM-nin 281.1 maddəsi irəli sürülən ittiham daha sonra 281.2-yə tövsif olundu. İstintaqın yekunlaşdığı bir vaxtda isə Fuad Qəhrəmanlıya qarşı CM-nin 220.2-ci maddəsilə yeni ittiham irəli sürüldü. Hətta Fuad Qəhərmanlının yazdığı statuslar təhrif olunub, statusa “əlavə”lər də edilib. Təbii ki, bu statusların surəti öncədən çıxarılıb və hökumətin sonradan barmaq etdiyi hissələr aydın görünür. Nəticədə bu cinayət işi Avropa Məhkəməsinə göndəriləcək və statuslara dəyişiklik edildiyi, hökumətin iyrəncliyi bir daha təsdiqini tapacaq.
Ən əsası isə Fuad Qəhrəmanlıya qarşı irəli sürülmüş ittiham ölkə başçısı İlham Əliyevin sevimli arqumentinin baltalanmasıdır. Bildiyimiz kimi, İlham Əliyev az qala bütün tədbirlərdə, xarici səfərlərində Azərbaycanda internet azadlığının olmasından danışır, ölkədə söz azadlığının pozulduğu faktını inkar etmək üçün hər dəfə bu arqumentə söykənir. İnternet azadlığı məsələsi Əliyevin əlində özünü müdafiə etmək üçün başlıca karta çevirlib. Yəni bu arqumentlə Azərbyacanda demokratiyanın hökm sürdüyünü, söz azadlığının çiçəkləndiyini sübuta yetirmək istəyir. Amma ölkənin ən böyük müxalifət partiyasının əsas funksioneri faktiki olaraq internetdən istifadə etdiyinə, fikirlərini internet vasitəsilə tirajladığına görə həbs olunub. Deməli, İlham Əliyevin əsas arqumenti təkcə bu faktla darmadağın edilir. Hökumət rəsmən etiraf edir ki, Fuad Qəhrəmanlı söz azadlığından istifadə etdiyi üçün cəzalandırılır. Heç kimə sirr deyil ki, belə həbslər birbaşa yuxarının göstərişi ilə həyata keçirilir. Deməli, Əliyev özünü təkzib edir, öz arqumentini gülüş hədəfinə çevirir və YAP hakimiyyətinin mahiyyəti bir daha aydınlaşır.
Samir