Elxan Şahinoğlu: «Onlar PKK-ya dəstək ifadə etsələr və ya, qətlə yetirilən PKK-çıların dəfn mərasiminə getsələr, cinayət məsuliyyətinə cəlb olunacaqlar»
Türkiyə Böyük Millət Məclisi millət vəkili toxunulmazlığının ləğvi haqqında Konstitusiya dəyişikliyi təklifini qəbul edib.
Iki maddəlik dəyişiklik təklifi parlamentdə səsverməyə çıxarılıb. Keçirilən gizli səsvermə nəticəsində 1-ci maddə 373 səs, 2-ci maddə isə 374 səslə qəbul edilib. Sonra prosedura uyğun olaraq hər iki maddə birlikdə səsverməyə çıxarılıb. Yekun səsvermədə Konstitusiya dəyişikliyinin lehinə 376 millət vəkili səs verib. Konstitusiya dəyişikliyi üçün üçdə iki səs çoxluğu lazım olduğundan, dəyişikliklər referenduma ehtiyac qalmadan qəbul olunmuş sayılıb.
Qeyd edək ki, Türkiyədə prokurorluq orqanları tərəfindən 138 millət vəkili haqqında cinayət işi açılıb. Lakin deputat toxunulmazlığı ilə əlaqədar prokurorlar bu işlər üzrə istintaq apara bilmirdi. Bundan sonra həmin millət vəkillərinin istintaqa çağırılması, dindirilməsi, saxlanılması, məhkəmə önünə çıxarılması və barələrində həbs qərarı verilməsi mümkün olacaq. Yaxın günlərdə PKK terror təşkilatının siyasi qolu sayılan HDP-nin (Xalqların Demokratiya Partiyası) bəzi millət vəkillərinin istintaqa cəlb olunacaqları gözlənilir.ÿ
Məsələni şərh edən politoloq Elxan Şahinoğlu söyləyir ki, bəzi deputatlar toxunulmazlıq hüququndan istifadə edərək PKK-nın vasitəçilərinə, dəstəkçilərinə çevrilmişdi. Türkiyə cumhurbaşqanı Rəcəb Tayyub Ərdoğanın bu məsələni gündəmə gətirməsi və parlamentdə də onun səs çoxluğuyla qəbul olunması PKK-ya dəstəkçilərə ciddi bir mesajdır:
“Onlar artıq ehtiyatlı davranmalıdırlar. Çünki PKK-ya dəstək ifadələrini dillərinə gətirsələr və yaxud, qətlə yetirilən PKK-çıların dəfn mərasiminə getsələr, artıq cinayət məsuliyyətinə cəlb olunacaqlarını bilməlidirlər. Toxunulmazlıq hüququnun ləğv edilməsi bu kimi məsələləri yoluna qoya bilər. Düşünürəm ki, onlar artıq bu cür addımlar atmaqdan ehtiyat edəcəklər”.
Nigar