Osman Mirzəyevin adı ilə mübarizə aparan zehniyyət
Mövcud hakimiyyətin “dəyərlər sistemi” haqqında çox yazılıb, çox faktlar üzə çıxıb və hamı real vəziyyətdən halidir. Yəni, bu ölkədə yüksəlmək üçün alçalmağı bacarmalısan. Yaltaqlığı, rüşvət almağı, yalanlara əl çalmağı, həqiqəti baltalamağı bacarmırsansa, heç bir sahədə irəli gedə bilməzsən. Bəli, bu ölkədə vicdanlı, ləyaqətli, vətənpərvər olmaq, demokratiya istəmək təhlükəlidir. Belə adamlara “vətən xaini”, “narkoman”, “xuliqan” damğasının vurulması adi hala çevrilib.
Son 23 ildə Azərbaycanda dəyərlərin dəyərsizləşdirilməsi prosesi getdi. Azərbaycanın həqiqi öndəri, dahi lideri Məhəmməd Əmin Rəsulzadənin adı Universitetdən götürüldü, büstünə çuval keçirildi, adı dərsliklərdən çıxarıldı, hətta üzdəniraq bir deputat Rəsulzadəni təhqiretməkdən də çəkinmədi. Çünki, Rəsulzadə idealları, Rəsulzadə nümunəsi bu rejimin “dəyər”lərinə zidd idi. Amma bu eybəcər ənənə Rəsulzadə ilə də məhdudlaşmır. Bu hökuməti tənqid edən dünya şöhrətli kinorejissor dərhal “vətən xaini” kimi təqdim edilir, ölkədəki korrupsiyaya etiraz edən ziyalı, dərhal arzuolunmaz şəxsə çevrilir, haqsızlığz susmayan Qarabağa qazisi “dələduz” ittihamı ilə ağır həbs cəzası alır, haqqı tapdanan hüququnu qoruyan hüquqşünas “vergidən yayınma” ittihamına tuş gəlir, həqiqətləri yazan jurnalist “agent” damğası ilə zərərsizləşdirilir və s.
Yəni, bu hökumətin eybəcərliklərinə haqq qazandırmayanlar rejimin qəzəbinə gəlir. Rejim o qədər iyrəncdir ki, insanları yaxınları ilə, doğmaları ilə şantaj edir. Qısasçılıq, ləyaqətli insanların təcrid edilməsi hökumətin əsas prioritetidi. Məhz bunun nəticəsidir ki, yüzlərlə professor ölkədən qaçıb, cəmiyyət üçün yararlı olan adamlar sıradan çıxarılıb. Əvəzində yararsız adamlar professor, alim, ictimai-siyasi xadim olub.
Bugünlərdə isə rejimin daha bir iyrəncliyinin şahidi olduq. Azərbaycanın tanınmış telejurnalisti, mərhum Osman Mirzəyevin adı məzunu olduğu 190 saylı məktəbdən götürüldü. Bu barədə onun qızı, hazırda Amerikada yaşayıb fəaliyyət göstərən Sevinc Osmanqızı feysbuk səhifəsində məlumat yayıb. “Atam Osman Mirzəyevin adı onun məzunu olduğu və 25 ildən bəri adını daşıyan 190 nömrəli məktəbin üzərindən götürülüb. Məktəbin içərisində onun həyat yolunu işıqlandıran guşə isə Heydər Əliyev muzeyi ilə əvəz edilib. Sanki az imiş H.Əliyev muzeyi. Vətən uğrunda canından keçən şəhidə hörmət budurmu? Bunu edənlər bu təhsil ocağının tarixini, onu nümunəvi etmək üçün 40 il can qoymuş direktoru Sona Tağıyevanı, veteran müəllimlərini tanıyırlarmı? Axı bu məktəb mən də daxil, bir deyil, bir neçə nəsil 190 məzununun həyatının ayrılmaz hissəsidir. Bu fəxr ediləsi tarixi necə silib atmaq olar?!”, – deyə S.Osmanqızı qeyd edib.
Göründüyü kimi hökumət ləyaqətli bir insanın adının hansısa məktəbə verilməsinə dözə bilmir. Ölkədəki bütün parklar, muzeylər, küçələr, komplekslər, mərkəzlər yalnız Heydər Əliyevin adına olmalıdır. Bu vətəni sevən, onun uğrunda şəhid olan ziyalının isə adı unutdurulmalı, xidmətlərinin üstündən xətt çəkilməlidir.
Bu xəbər yayılanda insanların ilk reaksiyası bu oldu ki, hakimiyyət Sevinc Osmanqızından qisas alır. Yəni, onun tənqidi statusları, haqlı mövqeyi, müxalif fikrin daşıyıcı olması hökumətin xoşuna gəlməyib və Osman Mirzəyevin adını məktəbdən götürməklə onu cəzalandırmaq istəyiblər. Əminliklə demək olar ki, Sevinc Osmanqızı statuslarını Heydər Əliyevin mədhinə həsr etsəydi nəticə belə olmazdı. Bu hökumət “məni sevməyən mənim düşmənimdir” prinsipi ilə idarə edər. Mənəvi deqradasiya o qədər güclü olub ki, insanlıq hissləri o qədər korşalıb ki, ən iyrənc üsullarla qisas alırlar. Utanmaq hissini unudublar. Şəhidin adının qisasçılıq zəminində məktəbdən götürülməsi, ləyaqətsiz addımdı. Heç bir ləyaqətli adam bu qədər kiçilməyi özünə sığışdıra bilməz. Belə çıxır ki, sabah hansısa şəhid ailəsi hökuməti tənqid etsə, həmin şəhidin məzarı Şəhidlər Xiyabanından çıxarılacaq.
Bir daha təsdiq olunur ki, bu hakimiyyət üçün heç bir müqəddəs dəyər yoxdur. Amma ləyaqətli adamların heykəlinə çuval keçirməklə, bu adamların adını unutdurmağa çalışmaqla heç nəyə nail olmaq mümkün deyil. Qorxu üzərində qurulan sevgilərin ömrü qısa olur, sevgi üzərində qurulan sevgilər isə sonsuzdur. Bir vaxt gələcək, hər kəs öz layiqli yerini tutacaq. O zaman xalqın və tarixin kimi seçdiyi bir daha aydın görünəcək. Məktəbləri savadsızlıq yuvasına çevirmiş zehniyyətin, Osman Mirzəyevin adını məktəbdən götürməsi təbii haldır. Bu təfəkkürdə insanlar yalnız bunu bacara bilərlər. Qorxaqların qisasçılığı belə olur.
Samir