Kərəm Həsənovun səlahiyyətlərinin əlindən alınması ilə bağlı yeni məlumat
Ölkə başçısı Ilham Əliyevin dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərmanı ilə əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun səlahiyyətlərinə əl qoyulduğu barədə məlumat vermişdik. Qeyd edək ki, bu fərmanla dövlət əmlakının özəlləşdirilməsi ölkə başçısının qərarları ilə həyata keçirilir.
Ilham Əliyevin bu addımı iki səbəblə izah edilir. Biringisi, hakimiyyət böyük özəlləşdirməyə hazırlaşır və bu prosesdə Kərəm Həsənova etimad göstərmir. Bəzi iddialara görə, hakimiyyət maliyyə böhranından çıxmaq üçün iri müəssisələri özəlləşdirməyə çıxarmağı düşünür. Bu sırada “Azərsu” ASC, “Azərenerji” ASC və “Dövlət Dəmir Yolları” QSC-nin adı çəkilir.
Ikincisi, Kərəm Həsənovun adının “MTN işi”ndə hallanması ola bilər. Qeyd edək ki, komitə sədrinin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı işbirliyində olması barədə mətbuatda dəfələrlə yazılıb.
Dünən isə redaksiyamıza mövzu ilə bağlı maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, Kərəm Həsənovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi maliyyə naziri Samir Şərifova keçəcək. Daha doğrusu, özəlləşdirmə prosesini faktiki olaraq maliyyə nazirinin nəzarətində olan Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək. Bildirilir ki, özəlləşdirməyə çıxarılacaq əmlakların, müəssisəsilərin qiymətləndirilməsi məhz bu quruma həvalə ediləcək.