Nazir polis sistemindəki «parlaq» hadisələri niyə unudur?
Ölkədəki ədalətsizlik, zorakılıq, saxtakarlıq, qanunsuzluq sərhəd tanımır. Korrupsiyaya bulaşmamış, eybəcər formaya salınmamış sahə yoxdur. Hakimiyyət isə yaratdığı bu “əsər”dən zövq alır və bütün bu eybəcərlikləri cəmiyyətə inkişaf, rifah, gözəllik kimi təqdim edir. Hakimiyyətin əsas arqumenti isə 23 il əvvələ ekskursiya edib, AXC hakimiyyətini lənətləməkdən ibarətdir.
Biz bunların qarşısına korrupsiya, qanunsuzluq, saxtakarlıq faktları qoyuruq, bunlar isə “AXC hakimiyyəti dövründə çörək növbəsiydi” söyləyirlər. Sanki, AXC hakimiyyəti dövründə çörək növbəsinin olması, YAP hakimiyyəti dövründə dövlətin yüz milyardlarının oğurlanmasına, ölkənin ata malı kimi bölüşdürülməsinə bəraət qazandırır. Ümumiyyətlə, dünyada elə hökumət yoxdur ki, öz iyrənc siyasətini 20-30 il əvvəlki hakimiyyəti söyməklə sıortalamaq istəsin. Ən əsası isə budur ki, YAP hakimiyyətinin AXC hakimiyyəti dövrünü tənqid etməyə mənəvi haqqı yoxdur. Çünki, bir illik AXC hakimiyyəti dövründə vətəndaşa göstərilən xidməti, 23 illik YAP hakimiyyəti göstərə bilməyib. Əksinə, vətəndaşa qul kimi baxıblar, intihar həddinə çatıdırıblar, hüquqlarını əlindən alıblar.
Bugünlərdə Daxili Işlər Naziri Ramil Usubov da müstəqillik illərinin ilk dövrünü xatırlayıb və həmin dövrdə polis sisteminin bərbad vəziyyətinə diqqət çəkib. Nazir deyib ki, müstəqilliyin ilk illərində gərgin ictimai-siyasi proseslər baş verirdi, partiya mənsubiyyətinə, şəxsi sədaqətinə görə daxili işlər orqanlarına çoxsaylı təsadüfi, səriştəsiz şəxslər qəbul edildilmişdi, ölkədə kriminogen durum nəzarətdən çıxmışdı və Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu sahdə də şəffaflıq yarandı.
Əvvəla, söhbət polis sistemindən gedirsə, Ramil Usubov AXC hakimiyyətini təniqid edə biləcək sonuncu şəxs də deyil. Çünki, YAP hakimiyyəti dövründə hüquq mühafizə orqanlarında baş verən tükürpədici faktlar ən dəhşətli filmlərin ssenarisindən daha dəhşətlidir.
Ikincisi, uzun illər ərzində Ramil Usubovun rəhbərlik etdiyi sistemin əsas adamları müstəqillik dövrünün kadrları olub. Bu adamlar Ramil Usubovun nazir olduğu dövrdə polis rəisindən tutmuş, nazir müavini postuna qədər yüksəliblər, işləyiblər. Əgər bu adamlar təsadüfi adamlar olubsa, Ramil Usubov onlara niyə vəzifə verirdi?
Xatırladaq ki, AXC hakimiyyəti dövründə daxili işlər nazirliyinin mühüm post tutan əməkdaşları cinayətkar dəstəyə çevrilməmişdi. Həmin dövrdə DIN-in Cinayət Axtarış Baş Idarəsinin rəisləri adam oğurluğu ilə məşğul olmurdu, nazir müavini “işgəncə kralı” kimi ad çıxarmamışdı, DIN siyasiləşmiş quruma çevrilməmişdi, siyasi fəalları “polisə müqavimət” ittihamı ilə şərləyib həbs etmirdilər. Yəni, AXC hakimiyyəti dövründə DIN “qorxulu əjdaha”ya çevrilməmişdi.
Amma polis sistemindəki “möhtəşəmlik” bununla da bitmir. Bu ölkədə polis yalançı hal şahidi ola bilir, bu ölkədə polis bölməsində işgəncə halları adi hal alıb, bu ölkədə polis bölməsində döyülərək öldürülmə halları da var. Azərbaycan yeganə ölkədir ki, polisə “bu qədər cərimə gətirməlisən” öhədliyi qoyulur.
Yeri gəlmişkən, AXC hakimiyyəti dövründə MTN “cinayət yuvası”na çevrilməmişdi, sahibkarlara MTN podvallarında işgəncə verilmirdi, generallar, rəislər, nazirlər milyonerə çevrilməmişdi. Yəni, müstəqilliyin ilk illərini təftiş edəndə, YAP hakimiyyəti dövründə hüquq mühafizə orqanlarının hansı vəziyyətə düşdüyünü unutmamaq lazımdır. AXC hakimiyyəti dövründə heç kim “polis cibimə narkotika atar” qorxusuyla yaşamırdı. Həmin dövrdə Cinayət Məcəlləsi narkotikə bulaşdırılmamışdı.
Əlbəttə, müstəqilliyin ilk illərində hüquq mühafizə orqanlarında çatışmazlıqlar var idi. Amma həmin dövrdə Azərbaycan dustaq sayına görə dünyada liderlik etmirdi, ağır cinayətlərin sayına görə ön sıralarda qərarlaşmırdıq.
Bir sözlə, ötən 23 il ərzində hüquq mühafizə sistemi rejimin cəza aparatına çevrilib, qanunlar gücünü itirib, polislə əməkdaşlıq edənlər cəmiyyətdə birmənalı qarşılanmır. Bu qədər “zəngin” bioqrafiyadan sonra Ramil Usubovun keçmişi xatırlaması heç də yaxşı deyil. Çünki, keçmişdə baş verənlər bugün gördüyümüz eybəcərlikləri ört-basdır etmək gücündə deyil.
Samir