Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında yeni sədr seçilən Binali Yıldırım səsvermədən əvvəl elədiyi çıxışda çətin anlar yaşayıb. Belə ki, çıxışı zamanı onun səsi tez-tez batıb. Bu səbəbdən çıxışında fasilələrə yol verməli olan Yıldırım vəziyyətdən zarafatla çıxmağa çalışıb. “Səsimin acığına sizinlə söhbətə davam edəcəm. Səs bata bilər, amma könüldən könülə uzanan yolları heç kim bağlaya bilməz” deyə o, zala xitab edib. Bununla belə, Binali Yıldırım sonradan çıxşını normal davam etdirə bilib. Qurultay izləyiciləri onun səsinin açıldığını hiss ediblər.
Türkiyə mediası xəbər verir ki, Binali Yıldırımı üzləşdiyi uğursuz vəziyyətdən keçmiş baş nazir və AKP sədri Əhməd Davudoğlunun xanımı Sara Davudoğlu xilas edib. Sədarətdən NTV müxbirinə bildirilib ki, səsi batan Binali Yıldırıma fasilə zamanı Sara xanımın hazırladığı xüsusi məhlul içizdirilib. Belə ki, yeni sədrin səs probleminə görə çıxışını davam etdirə bilmədiyini görən xanım Davudoğlu elə zaldaca öz resepti ilə xüsusi məhlul hazırlayaraq, Binali Yıldırıma göndərib. Yıldırım məhlulu içəndən sonra səsi açılıb və çıxışını rahat davam etdirib.