Nemət Əliyev: «Yuanın devalvasiyası Neft Fondunun bir qədər də vəsait itirməsinə səbəb olacaq»
“Standard & Poor‘s” beynəlxalq reytinq agentliyinin keçirdiyi stress–testin nəticələri Çin iqtisadiyyatının yavaşlayacağı təqdirdə neft qiymətlərinin kəskin azalacağını göstərir.
Bu zaman daha çox neqativ təsirə məruz qalacaq ölkələr Rusiya, Avstraliya və Braziliya olacaq. Ümumiyyətlə, xammal ixrac edən ölkələrin yarısının reytinqinin azalacağı proqnozlaşdırılır.
Stress-testin nəticələrinə əsasən, Çin iqtisadiyyatının yavaşlaması bu ölkəyə investisiya qoyuluşunu kəskin azaldacağından, 2017-2020-ci illərdə iqtisadi artım orta hesabla 3,4%-ə qədər geriləyəcək. Bu da Çinin 2016-cı ilin ilk rübündə göstərdiyi iqtisadi artım tempindən (6,9%) təxminən iki dəfə azdır. Çin iqtisadiyyatının zəifləməsi isə öz növbəsində 2017-2020-ci illərdə “Brent” markalı neftin qiymətinin orta hesabla 30 dollar/barelə qədər ucuzlaşmasına səbəb olacaq.
Çinin valyutasının devalvasiyası Azərbaycana da yaxşı heç nə vəd etmir. Çünki Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci ild\ Çinin dövlət qiymətli kağızlarına 3 mlrd. yuan (təxminən 500 mln. ABŞ dolları) sərmayə yatırmışdı. Onu da qeyd edək ki, bu addım atıldıqdan bir müddət sonra yuan devolvasiyaya məruz qaldı və Neft Fondu nəticədə itkiylə üzləşdi.
İqtisadçı Nemət Əliyev hesab edir ki, Çin valyutasının kəskin şəkildə dəyərini itirməsi bu ölkənin qiymətli kağızlarının ucuzlaşmasına səbəb olacaq. Neft Fondunun 500 milyon dollarlıq investisiyasının Çin yuanına yatızdırıldığını xatırladan N.Əliyev vurğuladı ki, Çinin qiymətli kağızlarının dəyərsizləşməsi fonunda Neft Fonduda maliyyə baxımından geriləyəcək: «Neft Fondu ona etibar olunmuş neft vəsaitlərini qiymətli kağızlara, koorporativ sənədlərə yatırır. Amma bu yol ilə vəsaitləri təhlükəsiz şəkildə qoruyub saxlamaq mümkün deyil. Bunu investisiya yönümlü fəaliyyətə başlanılan dövrdə də görmək mümkün idi. Çünki Neft Fondu da hökumətin daxildə yeritdiyi siyasətin məntiqli davamçısıdır. Ölkə daxilində baxın iqtisadiyyat, qeyri-neft sektoru hansı vəziyyətə salınıb. Yəni xüsusi məntiq, bacarıq var idisə, bunu məntiqlə ölkə daxilində sınaqdan çıxarmaq lazım idi».
N.Əliyevin sözlərinə görə, yuanın qiymətinin enməsinin neftin də qiymətinə təsir göstərəcəyinin də proqnozlaşdırılması onu deməyə əsas verir ki, Neft Fondu bir qədər də vəsait itirəcək: «Azərbaycanın gəlirləri daha da aşağı düşəcək. Neftdən asılı olan iqtisadiyyat üçün neftin qiymətinin düşməsinin gətirdiyi fəsadların miqyası çox genişdir. Mənə elə gəlir ki, hökumət buraxdığı səhvlərin düzəldilməsi istiqamətində çalışqanlıq da nümayiş etdirmir. Rusiya iqtisadiyyatına, VTB banka yatırılan vəsaitlər 30-40 faiz dəyər itirib. Bu vəsaitləri daha təhlküəsiz istiqamətlərə yönləndirilməsinə çalışıldımı? Əlbətdəki yox».
Xəyal