Qurban Məmmədov: «Mənim, ətrafımdakı neçə-neçə insanın, qanı batırılan şəhid olan oğullarımızın məhkəmədə pozulan hüquqlarının Qarabağa nə dəxli var?!»
Xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin Insan Hüquqları üzrə Ali Komissarı Zeid Raad Al Hussein ilə Cenevrədə görüş keçirib. Görüşdə Azərbaycanla BMT-nin Insan Hüquqları üzrə Ali Komissarlığı arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığı bildirilib.
X.Xələfov Dağlıq Qarabağ problemi haqda danışaraq deyib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. 1 milyondan artıq insan öz yurdlarından didərgin düşüb. Nazir müavini münaqişənin insan hüquqlarının təminində ciddi problem olduğunu ifadə edib.
Xələf Xələfovun sözügedən açıqlamasına münasibət bildirən tanınmış hüquqşünas Qurban Məmmədov ölkədə müstəqil məhkəmə sisteminin olmadığı, rəsmi dövlət orqanları adı altında cinayətkar dəstələrin fəaliyyət göstərdiyinə diqqəti çəkərək bu durumun Dağlıq Qarabağ probleminə qətiyyən dəxli olmadığını söyləyir: “Mən Qarabağda müharibə başlayan ilk gündən demişəm. Biz bu məsələnin adını səhv olaraq münaqişə qoymuşuq. Dağlıq Qarabağ adlı münaqişə yoxdur.
Söhbət Ermənistan-Azərbaycan müharibəsindən, qarşıdurmasından, regional müharibədən, Rusiya imperiyasının öz köhnə ambisiyalarını ermənilərin əliylə Qafqazda yeritməsindən gedir. Dağlıq Qarabağ əzəldən bizim ərazilərdir və ermənilər də bizim torpaqlarımızı işğal edib. Təəssüf ki, bizim rəsmi dairələr, Xələf Xələfov kimi vəzifəli şəxslər problemin mahiyyətini hələ də açıb ortaya qoya bilmirlər. Mənim, ətrafımdakı neçə-neçə insanın, qanı batırılan şəhid oğullarımızın məhkəmədə hüquqları pozulur. Bunun Qarabağa nə dəxli var?!”.
Nigar