Vəli Ələsgərovun ev dustaqlığına salınmasının səbəbi nədir?
Xəbər verdiyimiz kimi Naxçıvanın hazırda ev dustaqlığında olan keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkilləri Vüqar Xasayev və Tofiq Allahverdiyev aprelin 28-də mətbuat konfransı keçirərək, bu işdə yol verilən qanunsuzluqlar barədə danışıb. V.Ələsgərovun ev dustaqlığına alınmasının səbəbi MTN işi ilə bağlı olduğu bildirilir. Amma keçmiş nazirin vəkilləri bəyan edir ki, bu real səbəb deyil. Çünki V.Ələsgərovun E.Mahmudovla münasibətləri olduqca gərgin olub. Eyni zamanda keçirilən mətbuat konfransında məlum oldu ki, ev dustağı olan V.Ələsgərov tez-tez işlədiyi yerə aparılır və əməkdaşlardan onu təhqir etməsi istənilir.
Vüqar Xasayev: “Vəli Ələsgərova vəkillərdən imtina etmək tələb olunur”
Onu da qeyd edək ki, aprelin 29-da V.Ələsgərovu yenidən istintaq təcridxanasına aparıblar. Orada Vəli Ələsgərov təhqir olunub, alçaldılıb. Bu haqda qəzetimizə V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib. Vəkil deyib ki, bu haqda məlumat alandan dərhal sonra ombudsmanla əlaqə saxlayıb, Baş Prokurorluğa qanunsuzluq haqda məlumat verib: “Bizim mətbuata açıqlamalarımızdan sonra bu gün yenidən xüsusi təyinatlılar Vəli Ələsgərovun qollarına qandal vuraraqÿ müstəntiq Pərviz Hüseynovun hüzuruna aparıblar. Ona hədə gələrək ÿvəkilərdən imtina etməsi tapşırılıb. Əks halda barəsində CM-nin daha iki maddəsi üzrə ittiham irəli sürüləcəyi və barəsində həbs qətimkan tədbiri seçiləcəyi barədə xəbərdarlıq edilib. Saat yarım işgəcələrdən sonra yenidən evinə qaytarılıb”.
Vəkil həmçininÿ bildirib ki, Eldar Mahmudov nazir olan zaman Vəli Ələsgərova Naxçıvan Respublikasının Ali Məclisinin sədri Vasif Talıbobv və onun ailə üzvlərinin dinlənilməsi barədə göstəriş verilib. O, isə buna əməl etməkdən imtina edib. Bundan sonra Eldar Mahmudov özü Vəli Ələsgərov barəsində kompramatlar toplayaraq Vasif Talıbova göndərib. MTN ətrafındakı olaylardan sonra onun barəsində çirkin kampaniyaÿ başlanıb, özünü həbs edib yaxınlarının əmlaklarını əllərindən alıblar, 50-yə yaxın qohumu işdən qovulub.
Xatırladaq ki, Vəli Ələsgərov 15 il Naxçıvanın milli təhlükəzilik naziri olub. Həbsindən bir neçə ay əvvəl ona general-leytenant rütbəsi verilib.
Sülhəddin Əkbər: “Iqtidar hakimiyyət və mülkiyyət məsələsində sadiqliyə ciddi şübhə görürsə, həmin şəxsi ciddi şəkildə cəzalandırır”
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, V.Ələsgərovun nədə ittiham olunduğu ilə bağlı hazırda qəti fikir yürütmək olmaz. Bunun üçün isə istintaq materialları ilə tanış olmalısan: “Azərbaycanda isə istintaq praktikası belədir ki, hər hansı bir şəxsə qarşı siyasi xarakterli addım atılırsa, o zaman Cinayət Məcəlləsinin fərqli maddəsi irəli sürülür. Qeyri-rəsmi istintaqda isə tamamilə başqa məsələlər müzakirəyə çıxarılır. Rəsmi istintaq bu istiqamətdə aparılmır. Çünki əgər rəsmi istintaq bu istiqamətdə aparılarsa, bunun ardınca məhkəmə istintaqı gəlir. Məhkəmədə isə ictimaiyyət sözün əsl mənasında nələrin baş verdiyini öyrənə bilər. Burada əsas məqsəd cəmiyyətdən reallıqda nə baş verdiyini gizlətməkdir. Yəni bununla cəmiyyətin informasiya almaq hüququ tapdanır”.
S.Əkbər onu da vurğuladı ki, V.Ələsgərova qarşı istintaqdan kənar qeyri-rəsmi davranışın iki səbəbi ola bilər. “Hazırkı iqtidar yalnız iki məsələyə görə ağır cəza verir. Onlardan biri hakimiyyət, digəri isə mülkiyyətdir. Bu iki məsələdə sadiqliyə ciddi şübhə varsa, şəxs ciddi şəkildə cəzalandırılır”, deyə S.Əkbər vurğuladı.
İlham İsmayıl: “Vəli Ələsgərov Naxçıvanda ”işgəncə krallarından” birincisi olsa da, bu onun şəxsiyyətinin təhqirinə əsas vermir”
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayılın isə sözlərinə görə, Azərbaycanın hüquq sistemində o qədər “yeniliklər” baş verir ki, bilmirsən ki, şəxsə qarşı irəli sürülən konkret ittiham nədən ibarətdir: “Mətbuatda o məqamda qeyd olunur ki, V.Ələsgərovun əlində E.Mahmudov işi ilə bağlı olaraq xeyli əmlak cəmləşib. Hazırda gedən proses də bunun geri alınmasıdır. Ən azı istintaq Vəli Ələsgərovun nədən ittiham olunduğunu açıq şəkildə cəmiyyətə bildirməli idi. Çünki bu məsələ kifayət qədər ictimailləşib. Vəli Ələsgərov Naxçıvanda vaxtı ilə ”işgəncə krallarından” birincisi idi. Amma onun etdikləri bu formada təhqir olunmasına yol vermir. Bu hüquqa ziddir. Breyvik Norveçdə yetmiş yeddi nəfər öldürüb. Amma o hazırda bəyan edir ki, mən saxlama şəraitindən narazıyam. Yəni məhbusun da hüququ var”.
I.Ismayılın fikrincə, hüquq-mühafizə orqanları ən azı V.Ələsgərovun niyə həbs olunduğunu açıqlamalıdır. “Açıq deməlidilər ki, bu adamın ev dustaqlığına salınmasının səbəbi onun qanunsuz yol ilə əldə etdiyi mülklərlə bağlıdır. O bu əmlakın ələ keçirilməsində vəzifə səlahiyyətlərindən istifadə edib. Amma uzun müddət həbsin səbəbini gizlətmək mümkün olmayacaq. Ən azı o, həbs olunacaqsa konkret ittiham maddəsi irəli sürülməlidir”, deyə I.Ismayıl vurğuladı.