Nemət Əliyev: «Müsbət qiymətləndirilən sənədlərin özü belə, ölkə və ictimai maraqların əleyhinə istifadə olunur»
Dövlət başçısı Ilham Əliyev “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edib. Fəaliyyət planı açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsini, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqini, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsini, sahibkarların hüquqlarının müdafiəsini nəzərdə tutur.
Sərəncama görə, mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim edəcək.
Nazirlər Kabinetinə tapşırılır və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilir ki, fəaliyyət planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə prezidentə məlumat versinlər.
Hesablama Palatasına, Baş Prokurorluğa, Insan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, məhkəmələrə, yerli özünüidarəetmə orqanlarına tövsiyə olunur ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsin.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilir ki, fəaliyyət planının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün və həmin planın həyata keçirilməsi sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi məlumat versin.
Amma bir məqamı da nəzərə almaq lazımdır ki, indiyə kimi yüzlərlə bu tip sərəncam verilib. Bu sərəncamların böyük əksəriyyəti kağız üzərində qalıb. Bəs, bu dəfə necə dövlət ququmlarının korrupsiya, insan haqları və digər istiqamətlərdə hesabat verəcəklərmi?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, özlüyündə bu addım müsbət qiymətləndirilə bilər. Yəni heç olmasa ali icra orqanının başçısı belə bir sənədi imzalayıb. Amma N.Əliyevin sözlərinə görə, Azərbaycanda əsas problem ondadır ki, gözəl sözlər, ifadələr işlənir, qanunlar hazırlanır, lakin icra olunmur: “Azərbaycanın Konstitusiyasında birmənalı şəkildə vurğulanır ki, insanların biraraya gəlib, müxtəlif cür piketlər, mitinqlər keçirmək haqqı var. Bu vətəndaşlarımızın ən ali formada təsbit olunmuş haqqıdır. Amma vətəndaşlar bu hüquqdan istifadə edə bilmir”.
Azərbaycanda sahibkarların, vətəndaşların hüquqlarının kobud şəkildə pozulduğunu deyən N.Əliyev bildirdi ki, məgər qanuvericilik bu hallara yol verirmi? N.Əliyevin sözlərinə görə, müsbət qiymətləndirilən sənədlərin özü belə, ölkə və ictimai maraqların əleyhinə istifadə olunur: “Bu tip qanunlar reallığa çevrilmir. Insanların gözündən pərdə asmaq üçün istifadə olunur. Axı Azərbaycanda neçə ildir ki, Prezident Admnistrasiyasının rəhbərliyi altında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi fəaliyyət göstərir. Amma həmin qurum yaradılandan sonra korrupsiyaya qarşı mübarizə hansı yerdədir? Azərbaycan bu sahədə dünya ölkələri arasında ən qabaqcıl yerdə qərar tutub”.
Xəyal