Hökumət bütövlükdə «ASAN xidmət»ə keçməsə…
Ölkə başçısı Ilham Əliyev “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün ”Milli Fəaliyyət Planı”nın təsdiq edib.
Fəaliyyət planı açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsini, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqini, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsini, sahibkarların hüquqlarının müdafiəsini nəzərdə tutur. Sərəncama görə, mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim edəcək. Nazirlər Kabinetinə tapşırılır və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilir ki, fəaliyyət planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə prezidentə məlumat versinlər.
Həmişəki kimi islahat görüntüsü yaradılır və bugünə qədər deyilənlərin fərqli formada təkrarı baş verir. Əvvəla sual meydana çıxır ki, açıq hökumətin təşviqinə 23 ildən sonra niyə start verilir? Bəs, bu müddət ərzində yaradılan qurumlar, verilən tapşırıqlar, fərmanlar, sərəncamlar nəyə xidmət edirmiş?
Anti-böhran tədbiri kimi cəmiyyətə təqdim edilən Apelyasiya Şuraları, Maliyyə Nəzarəti Komitəsi və digər yeni yaradılan qurumlar hansı nailiyyətləri üzə çıxardı?
23 ildir hakimiyyətdə olan qüvvələr “ASAN xidmət”dən başqa heç bir uğuru cəmiyyətə təqdim edə bilmirlər. Böyük mənada isə “ASAN xidmət”in özü də hökumətin ifşasına xidmət edir. Çünki, etiraf edilir ki, bütün sahələrdə şəffaf mühit yaratmaq olar, sadəcə hökumət bunu istəmir.
Hakimiyyət bütövlükdə “asan xidmət”ə keçməyincə, heç bir fəaliyyət planı nəticəni dəyişə bilməz. Görünən neqativləri aradan qaldırmaq üçün Milli Faəliyyət Planına yox, siyasi iradəyə ehtiyac var.
Bugünə qədər yüzlərlə dövlət proqramları hazırlanıb, regionların istiqsadi inkişafına dair proqramlar təsis edilib, gənclərlə bağlı proqramlar meydana çıxıb, korrupsiyaya qarşı mübarizə idarəsi yaradılıb və bütün bunlar kağız üzərində qalıb.
Prezident Aparatında saysız-hesabsız şöbələr var və bu şöbələr prezidentə mütəmadi məlumatlar çatdırmaqla məşğuldu. Əgər bugünə qədər bu məlumatlar çatdırılmayıbsa, və yaxud çatdırılan məlumatlar adekvat addım atılmayıbsa, bundan sonra da eyni ənənə davam edəcək.
Bir daha təkrar edirik ki, yeni fəaliyyət proqramının təsdiq edilməsi növbəti imitasiyadır və real islahatlardan xəbər vermir. Açıq həqiqətləri gizlətməklə məşğul olan hökumət, açıq hökumətin təşviqinə nail ola bilməz.
Bu ölkəni böhrandan çıxarmaq üçün dəmir iradə, milli hökumət, çirkaba batmamış kadrlar lazımdı. Indiki komanda ilə bunu həyata keçirmək mümkün deyil.
Bugünə qədər onlarla vəzifəli şəxsin korrupsiya cinayətləri haqqında təkzibedilməz faktlar ortaya çıxıb, dünya mətbuatı Azərbaycanın ofşorlardakı milyardlarından yazır və bütün bunlara hökumət səssiz qalıb.
Yəni, müxtəlif fəaliyyət planlarını təsdiq etməklə heç kimi aldatmaq mümkün deyil. Hökumətin hansı “fəaliyyət”lə məşğul olduğu cəmiyyət məlumdu.
Akif