Tərəzidə bu qədər vurmaq cinayətdir
Bu dünyada heç kim hamının sevimlisinə çevrilə bilmir. Ümumiyyətlə, hamının səni sevməsi mümkün deyil və dünyada belə bir nümunə yoxdur. Hətta peyğəmbərlər, imamlar da özlərini hamıya sevdirə bilməyiblər, saysız-hesabsız düşmənləri olub.
Amma bizim ölkəmiz bu baxımdan da “analoqsuz”du. Belə ki, “Rəy” Monitorinq Mərkəzi ölkədə sorğu aparıb və sorğuda iştirak edənlərin 97 faizi Prezident Ilham Əliyevə tam etibar etdiyini bildirib. Əgər bu sorğu Nazirlər Kabinetində, Prezident Aparatında, Milli Məclisdə keçirilsəydi nəticə bizi tam qane edərdi. Hətta 3 faizlik itkinin olması bizi təəccübləndirərdi. Amma sorğu dəstəsi deyir ki, bu 97 faiz xalqın fikridi.
Nə hikmətdirsə, ölkədə vəziyyət ağırlaşdıqca prezidentin reytinqi “artır”. Həmişə də bu “müqəddəs sorğu”nu “Rəy” Monitorinq Mərkəzi aparır. Bu günə qədər “Rəy”in tərəzisi prezidentin etimadını itirməyib. Xatırladaq ki, ötən müddət ərazində milli valyuta iki dəfə devalvasiyaya məruz qalıb və sadə vətəndaşın zərəri milyardlarla ölçülür. Eyni zamanda işsizlik və yoxsulluq səviyyəsi artıb, qiymətlər qalxıb. Və bugünə qədər əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün heç bir real addım atılmayıb. 2.5 milyon vətəndaş banklardan kredit götürüb ki, bunların da müəyyən hissəsi ödəniş qabiliyyətini itirib. Nəticədə məhkəmə qərarları ilə bu adamların əmlakı əlindən alınıb, obyektlərinə həbs qoyulub. O biri tərəfdən iri sahibkarlar üsyan edir, iş yerləri bağlanır, monopoliya, korrupsiya qüvvəsindədir. 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən kənarlaşdırılıb. 13500 şəhid ailəsinin hələ də sığorta pulu verilmir.
Nəhayət, hər gün 2-3 nəfərin intihar xəbərini eşidirik. Bu adamlar heç kimə etibar edə bilmədikləri, problemlərinə çarə tapmadıqları üçün özlərinə qıyırlar.
Belə bir vəziyyətdə ölkə başçısına 97 faiz səs yazmaq xalqa həqarət deyilmi? Axı, bu 97 faiz hansı uğurlu addıma görədi? Bəlkə, Qarabaq işğaldan azad edilib, insanların banklara borcu bağışlanıb, müəllimlər, həkimlər 150-200 manatın girovluğundan azad edilib, bəlkə ofşor şirkətlərə daşınmış 95 milyard ölkəyə qaytarılıb, iri korrupsionerlər cəzalandırılıb, dünyaya uşaq gətirmək, dünyadan köçənləri dəfn etmək pulsuz olub? Axı, hansı neqativ ənənə ləğv olunub ki, 97 faiz ölkə başçısına etibar edir? Ölkə başçısı “milli valyuta sabit qalacaq” dedi və iki gün sonra manatın “soyqırım”ı başladı. Ölkə başçısı müşavirələrdə “natəmzilər, işbazlar, harın məmurlar, korrupsionerlər cəzalandırılacaq” söylədi, amma vəziyyət daha da ağırlaşdı. Görəsən, ölkə başçısının hansı vədinə görə 97 faiz ona etibar edir?
“Tərəzi”də bu qədər vurmaq təkcə vətəndaşı təhqir etmək deyil, həm də cinayətdir. Xalqın səsini oğurlamağın bir üsulu da bu deyilmi?
Əgər 97 faiz ölkə başçısına etibar edirsə, seçkiləri saxtalaşdırmağa, siyasi fəalları həbs etməyə, azad mətbuatı sıradan çıxarmağa, yaltaqlığı dəyərə çevirməyə nə ehtiyac var?
3 gündür sosial şəbəklərdə “Rəy”in sorğusu haqqında minlərlə rəy yazılıb. Hamı bu sorğunun nəticəsini ironiya ilə qarşılayır, adamlar “itmiş 3 faizin” axtarışına çıxıb. Hamı başa düşür ki, belə bir məqamda sorğu keçirmək narahatlıqdan doğur. Bəli, hökumət cəmiyyətdəki reytinqinin sıfırın altında olduğunu bilir və insanların bu rejimə qarşı hər an ayağa qalaxa biləcəyinin fərqindədilər. Ona görə də belə bir rəqəmi ortaya çıxartmaqla cəmiyyətdə ruh düşkünlüyü yaratmaq istəyirlər. Yəni, çalışırlar ki, narazı insanlar hamının narazı olmadığı qənaətinə gəlsinlər. Doğurdanda belə bir sorğu keçirilsəydi hökumət üçün 97 faiz arzuolunmaz nəticə ortaya çıxardı.
Şükürlər olsun ki, ölkə başçısına 97 faiz etibar yığan “Rəy”in özü cəmiyyətdə “etibarlı mənbə” kimi qəbul olunmur.
Akif