Ağlamadım. Axı kişilər ağlamır. Amma ağladım da. Içimdə ağladım. Parçalandım, çilik-çilik oldum. Gözümdən çıxacaq yaş bir tornado şəklində qıvrılıb içimə çırpıldı. Içimdə nə vardısa, hamısını vurub dağıtdı…
Adi axşamlardan biri deyildi bu axşım. Cəbhədən həyəcanlı məlumatlar gəlməkdə idi. Oturub kompüterdə, feysbuk səhifəsində yazılara baxırdım. Gözləmədiyim anda iri planda şəkli qarşıma çıxdı. Üstə də yazılmışdı: “Şəhid baş leytenantımız”. Adı yox idi. Gözlərimə inanmadım. Inanmaq istəmədim. Özümü inandırmaq istədim ki, bu o deyil. Diqqətlə baxdım. Cəmi 6 ay əvvəl olan toyundan çəkilmiş elə yarızabit formasındakı şəkli idi. Yenə də son ümid qığılcımını qəlbimdə bayraq edib ora-bura zəng etdim. Zəng etdim ki, bəlkə yalan ola, bəlkə yaralı ola. Cavablar da o qığılcımı söndürməkdə idi. Amma hələ tam sönməmişdi. Səhəri müxtəlif saytlara baxdım. Nəhayət, vuruşduqları helikopterin vurulması videosunu tapdım. Məlum oldu ki, cəsədlər ermənilərdədir.
Məni bu cəsədlərin alınması müddətində ən çox ağrıdan şəhidin anası – bacım qızı Rənanın Abu-Bəkirin ölümünə inanmaması, bizim də məcbur olub onun inamına şərik olmağımız idi.
Bu arada başımız ikinci bir dərdə qarışdı. Nəvə dərdinə dözə bilməyən nənə (bacım) beyin insultu keçirtdi və Abu-Bəkirin 3-ü gecəsi dünyasını dəyişdi. Şəhid oldu desəm, məni qeyri-təvazökarlıqda günahlandırarlar. Hər halda, o da mənim üçün şəxsən şəhiddir. Şəhid nəvənin yolunda şəhid olmuş nənə.
Abu-Bəkir mənim bacım nəvəsidir. Cəmi 6 ay ömür-gün yoldaşlığı etdiyi Şəbnəm də bacım nəvəsidir. O, qeyri-adi bir tərbiyə sahibi idi. Hər bir tapşırığı sözsüz, səssiz-səmirsiz yerinə yetirərdi. Elə səssizcə, baş üstə deməklə. Vətənin də tapşırığını sözsüz yerinə yetirdi. Hətta paraşütlə tullananda ayağının birinin zədələnməsinə baxmayaraq, döyüşə gedən zaman məzuniyyətdə olmasına baxmayaraq.
Yazıda “ayrı-seçkilik” etdiyim üçün bütün şəhidlərimizin ruhu qarşısında özümü günahkar saymıram. Əslində, bu yazı – matəm elegiyası birmənalı olaraq onların hamısına aiddir. Şəhid zabit və əsgərlərimiz. Onların hamısı mənim bacım nəvələridir. Torpaqlarımızın bir hisssəsini düşməndən həyatları bahasına azad etmiş şəhid bacım nəvələri.
Ağlamadım deməklə bir qədər yalan da demişdim. Hərdən ağlayırdım da. Açıq şəkildə, amma elə sakit-səssiz. Gözlərimdən yaş süzülür. Bu, içimdən çölümə çıxan vulkandır. Axı kişilər ağlamır…
Sağ olan çox bacım nəvələri var. Onlar mütləq qalan torpaqlarımızı da düşməndən azad edəcəklər. Onda şəhid bacım nəvələrinin məzarı başına daha qürurla gedəcəyik.
Kərim Şükürov