Fransa polisi Azərbaycan hökuməti haqqında nələr dedi…
Avropa İnsan Haqları Təşkilatına qarşı polis sorğulamasının detalları
Avropa İnsan Haqları təşkilatı Azərbaycan hökumətinin Avropada yaratdığı və qeyri-şəffaf maliyyələşmədə ittiham edilən bir təşkilatdır. Hazırda bu məsələ ilə bağlı Fransada cinayət işi qaldırılıb və istintaq gedir. İstintaq üçün orderi prokuror Georgi Varvanov verib. Bu istintaq işi 1 ilə yaxındır ki, davam edir.
Təşkilatın ofisinə axtarış üçün polis briqadası 29 may 2015- ci ildə göndərilib. Axtarış briqadasına 1 polis rəisi, 5 sivil və 3 uniformalı polis və 1 xüsusi təlim görmüş it daxil olub. Polis bildirib ki, it banknotların axtarışı üçün xüsusi təlim gördüyü üçün əməliyyat qrupuna daxil edilib. Bu o deməkdir ki, təşkilat ya çirkli pulların yuyulmasında,ya da qanunsuz maliyyələşdirmədə şübhəlidir.
Buna görə də, axtarış fövqəladə halda aparılıb. Ofisdə yerdən tavana qədər hər şey diqqətlə araşdırılıb: jalüzlərin üstündəki qutular belə axtarılıb. Bundan sonra isə ofisdəki bütün sənədlər, sənəd qovluqları, təşkilatın əvvəlki direktoru Jennifer Valat üçün alınan kompyuter, hard disklər müsadirə edilərək götürülüb. Bütün proses səhər saat 9.30-da başlayıb, 13.30-da başa çatıb. İş üzrə şübhəli şəxslərdən birinin vəkilinin də təsdiq etdiyinə görə söhbət çirkli pulların yuyulması üzrə mümkün ehtimaldan gedir.
Azərbaycan mənşəli pulların izi ilə…
12 iyun 2015- ci ildə polis rəisi təkrarən ofisə gələrək təşkilatıən direktoruna, mühasibinə, direktor müavininə istintaqa çağırış bildişləri verib. Bu çağırışa görə istintaqa cəlb edilən şəxslər 8 iyul 2015- ci ildə Strasburq Polis İdarəsində olmalı idilər.
İstintaqa cəlb edilən şəxslərə ünvanlanan suallar əsasən bunlardır:
-Təşkilatın büdcəsi necə formalaşır?
– Nəyə görə Azərbaycandan göndərilən pullar təşkilatın bank hesablarına dail olmur?
– Təşkilatın üzvləri haqqında məlumatlar nə üçün məxfidir?
8 iyul 2015- ci ildə istintaqa çağırılanlar Strasburq Polis İdarəsiə gedirlər. Amma bir nəfərdən başqa. Bu bir nəfər isə təşkilatın rəhbəri Thomas Pilzdir. Cənab Pilz iş günün yarısına qədər istintaqa gəlmədiyi üçün onun vəkili Anna Marie Neu də polis idarəsini tərk edib öz iş yerinə gedir.
İstintaqın çağırışına gələnlərə isə Polisin dediyi sözlər əsasən, bundan ibarət olub: “Sizin işlə bağlı dosye, əslində, Parisə “Beynəlxalq Mafiya və terrorizmin çirkli pullarına qarşı Mübarizə Mərkəzinə göndərilməli idi. Amma istintaqı hələ ki, biz davam etdirəcəyik”.
İstintaqın çağırışı ilə Polis İdrəsinə gedənlərdən biri isə Strasburqdakı Azərbaycan Evinin rəhbəri Mustafa Alıncadır.
Sözü gedən təşkilatın təsisçiləri isə bunlardır:
1. Mustafa Alınca;
2. Leyla Alınca;
3. Thomas Pilz;
4. Garri Mourrei;
5. Lazar Mourrei (Garrinin atası);
6. Rüstəm İsmayıl;
Azərbaycan hökuməti Avropada insan haqları ilə uğraşır?
Bu təşkilat yaradılanda Bakıdan rəsmi dairələrdən olan şəxslər bildiriblər ki, təşkilatın fəaliyyəti üçün gərəkli maliyyə dəstəyi olacaq. Təşkilatın ekspertlərindən biri isə bir zamanlar Soros Fondunun Bakı nümayəndləyində çalışan Rövşən Bağırov olub.
Polisin ironik iradlarından biri belə səslənib: “İlham Əliyev və Azərbaycan kimi demokratik ölkə Avropada insan haqlarına dəstək olur və hətta bu dəstək o qədər səmimi olur ki, bu təşkilatın idarə heyətinə daxil olan, bir- birini tanımayan insanlar da doğmalaşaraq, bir- birini rahatca anlamağa başlayırlar”.
İstintaqın gedişindən belə məlum olur ki, polis bu axtarış tədbiri barədə qərar verənə qədər uzun müddət ərzində izləmə- müşahidə əməliyyatı aparıb. İstintaqın suallarından biri belədir: “Siz filan şübhəli ilə Türk konslluğunun yaxınlığındakı qəhvəxanada görüşüb hansı məsələləri müzakirə etmişdiniz”?
Bu təşkilatın hədəfə gəlməsində səbəb nə olub?
Təbii, ilk növbədə belə bir anlaşılmazlıq ki, avtoritar rejimin, diktaturanın hökm sürdüyü Azərbaycanın təşəbüsü ilə Avropada İnsan haqları təşkilatı yaratmaq hansı məqsədə xidmət edir. Ölkənin korrupsiya imicini də nəzərə alsaq, ilkin rəy (və elə bu günlərə qədər) bundan ibarət olub ki, bu qeyri- hökumət təşkilatı çirkli pulların yuyulması məqsədilə yaradılıb. Elə buna görə də, istintaqın bütün sualları hələ də, təşkilatın maliyyələşməsi, büdcənin necə formalaşması, pulların hansı yollarla daxil olduğu barədə məsələlərdir.
Bu şübhə, Fransa vətəndaşı olan Müstafa Alıncanın bu təşkilata qədərki və qanuni fəaliyyətinin də araşdırılmasına səbəb olub. Mustafa Alınca uzun müddət ərzində Azərbaycan hökumətinin təşəbbüsü ilə yaradılan Strasburq Azərbaycan Evi adlı təşkilatın rəhbəri, daha uzun illər isə həmin şəhərdəki leqal tərcümə mərkəzinin rəhbəri olub.
Və maraqlıdır ki, istintaqdan yayınan Rövşən Bağırov, Thomas Pilz kimi səlahiyyətli adamların səlahiyyətlərinə daxil olan suallara görə də, məhz, o, cavab verməyə məcbur olur. Məsələn, təşkilatda işə götürülən və şübhəli bioqrafiyaya sahib olan adamların işə götürülməsinə görə… Təsəvvür etmək olar ki, direktor yardımçısı olan Mustafa Alıncadan soruşurlar ki, direktorun işə qəbul edilməsində sizin rolunuz nədən ibarətdir?
Azərbaycanın dövlət məmurlarının adları çəkilir
Və istintaqda Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun adı hallanır. “Nazim İbrahimovla bu təşkilatın hansı əlaqələri var və təşkilatın maliyyələşməsində onun yeri nədən ibarətdir”? Bu sualın cavabında Ifadə edilir ki, Nazim İbrahimov 2012- ci ildə Parisdə olarkən Strasburqdakı Azərbaycan Evinin büdcə məsələləri ilə bağlı görüşlər keçirib və maliyyə işlərini müzakirə edib.
Nazim İbrahimov barədə sualların ardınca isə başqa dövlət rəsmilərini əhatə edən suallar gəlir: “Təşkilatın Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatların təfərrüatı nədən ibarətdir” və “Əli Həsənov kimdir, onun bu təşkilatla əlaqələri nədən ibarətdir”, “sizin təşkilatı Əli Həsənovun maliyyələşdirdiyi barədə məlumatları necə şərh edirsiniz”?
Bu sualların ardınca istintaqa cəlb edilən şəxsə Fransa polisinin verdiyi sual: “Sabah siz bu İdarədən çıxanda sizin parçalarınızı çemodana qoyub Azərbaycana aparsalar ailəniz və yaxınlarınız özlərini necə hiss edərlər”? Sual olduqca dəhşətli sualdır və rəis ona işarə edir ki, siz çox təhlükəli çevrələrlə işbirliyinə gedibsiniz: “Dirsəyinizə qədər dişli çarxların arasına soxulubsunuz və biz sizi oradan xilas etmək haqqında düşünürük”!
(davamı olacaq)
Azad Akifoğlu