«Əli Kərimliyə hücum hakimiyyətin Qarabağa dair qeyri-populyar qərara hazırlaşmasıyla da bağlı ola bilər»
«Rusiya mediasında Azərbaycana qarşı təbliğat dövlət sifarişi idi»
Arif Əliyev: «Beş rayonun azad ediləcəyi ilə bağlı informasiyaları ortaya atmaqla adətən ictimai rəy yoxlanılır»
Cəbhə bölgəsində atəşkəsin pozulması və hərbi əməliyyatların geniş vüsət alması media üçün də bir sınaq oldu. Cəbhə bölgəsində baş verənlərlə bağlı informasiyanın məhdud olmasına baxmayaraq bu dəfə mediada təsdiqlənməmiş məlumatlar çox az hallarda göründü. Müsahibimiz “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə söhbətimizə elə məhz bu məqamla başladıq.
– Arif bəy, qızğın döyüşlər gedən zaman ciddi medianın fəaliyyəti necə oldu? Həmin günlər medianın oynadığı rolu necə dəyərləndirirsiniz?
– Media hadisələri adekvat işıqlandırdı. Çünki baş verənlərdə müəmmalar çoxdur. Həmin müəmmalar mətbuatda da qaldı. Həmin suallara cavab tapmaq mümkün olmadı. Eyni zamanda media da özünü son dərəcədə ehtiyatlı aparırdı. Əvvəlki hadisələri əlində rəhbər tutaraq, bir az özünü çəkingən aparırdı. Digər tərəfdən bu çox mühüm məsələdir. Ona görə hər bir addımı ölçüb-biçməli olursan. Mən müəmma deyəndə nəyi deyirəm. Informasiyaları tutuşduranda bəlli olur ki, sonuncu gərginlik Ermənistanın hücumu nəticəsində başlayıb. Əslində bu özü bir qədər qəribədir. Çünki Ermənistana hazırda fəallıq göstərmək, təşəbbüs ortaya qoymaq lazım deyil. Çünki hazırkı status-kvo Ermənistanın xeyrinədir. Digər tərəfdən Ermənistanın hücuma keçəcəyini Azərbaycan bilirdi və buna hazır idi. Hətta mən təəccüblənmərəm ki, Ermənistanı hucuma təhrik edən və Azərbaycana bu barədə məlumatı ötürən eyni mənbədir. Belə bir şəraitdə biz son illər müşahidə etmədiyimiz bir mənzərənin şahidi olduq. Həmin şəraitdə medianın davranışını qiymətləndirmək çox çətindir.
“Mediamızı şikəst ediblər”
– Milli Məclisin son toplantısında medianın aprelin 1-dən 5-nə qədər baş verən hadisələri işıqlandırmasına münasibət bildirilib. Media cəbhədəki itkilərlə bağlı təzadlı informasiya yaydığına və məmurların, deputatların şəhidlərin yas məclislərinə niyə qatılmadığını qabartdığına görə tənqid olunub. Bu yanaşma nə dərəcədə əsaslıdır?
– Bu bir qaydadır. Kimin harası ağrayırsa, ilk növbədə medianı günahlandırır. Ümumiyyətlə deputatların adətidir nə baş verirsə, medianın üzərinə atsın. Əlbətdə media müəyyən səhvlərə də yol verdi, müəyyən problemlər də ortaya çıxdı. Buna ilk növbədə səbəb şəraitlə bağlı idi. Bu ona bənzəyir ki, kimisə vurub şikəst edirsən və sonra da ona gülürsən ki, sən niyə belə yeriyirsən. Medianı kim şikəst etdi? Medianı qəbul etdiyi qəribə qanunlarla həmin o deputatlar, məmurlar şikəst etdi. Medianın aparıcısı televiziyadır. Diqqət yetirin kimin əlindədir televiziya. Dövlət televiziyası tam şəkildə dövlətin nəzarətindədir. Əgər ölkədə müstəqil media mövcud olsaydı, tam fərqli mənzərə olardı. Əgər dövlət normal qanunlarla, normal şəraitlə medianın müstəqil fəaliyyət göstərməsi üçün hər cür şərait yaratsaydı, o zaman medianın ünvanına bu cür tənqidlər səsləndirmək olardı. Əgər hər şeyə görə media günahkardırsa, o zaman papaqlarını qarşılarına qoyub, düşünsünlər ki, medianı niyə belə şikəst etdim. Media 90-cı illərin sonlarında fövqəladə inkişaf yoluna qədəm qoymuşdu. Bütövlükdə Qafqazda Azərbaycan mediası ilə müqayisə olunan struktur yox idi. Əgər məmurlar, deputatlar yas mərasiminə getmirsə, media bunu belə də yazmalıdır. Ölənlərin sayı ilə bağlı qəribə situasiya yaradırılırsa, o zaman media bunu işıqlandırmalıdır. Media bu cür məlumatları verməlidir. Ən böyük təhlükə bu cür məlumatların mediada yer almaması olardı. Deyirlər ki, şəhidlərlə bağlı rəsmi məlumat olmasa, onu mətbuat verməməlidir. Axı bu artıq media olmadı? Bax bu cür qərarlarla medianı bu vəziyyətə salıblar. Təsəvvür edin ki, biz bütün sahələrlə bağlı mediaya qarşı eyni tələblərlə çıxış edirik. O zaman belə çıxır ki, korrupsiya məlumatı da müvafiq strukturun razılığı olmadan yayılmamalıdır. O zaman mediadan eybəcər orqan formalaşdırmış olacağıq.
“Rusiyada müstəqil media yoxdur”
– Hərbi əməliyyatların ilk günü rəsmi şəkildə təbliğat aparılırdı ki, proses davam etməlidir. Amma sonradan bu siyasət dəyişdi və müharibənin davam etməsini istəyənlər az qala vətənə xəyanətdə ittiham olunur. Bu təzadı necə dəyərləndirmək olar?
– Nə bu prosesin davamlı olmasını istəyənlər, nə də onun tez bitməsini istəyənlər vətənə xəyanət etmir. Hərə öz düşüncəsini ortaya qoyur. Bunların heç biri vətənə xəyanət etmir. Bəs, reallıq nədən ibarətdir? Reallıqda bu əməliyyatlar çox qısa müddətli olmalıydı. Azərbaycanın qısa müddət ərzində daha böyük uğurlar əldə etməsi üçün güc və imkan lazım idi. Amma baş verənlər göstərdi ki, bu iki faktor yox idi. Baxmayaraq ki, keçirilən hərbi əməliyyatların müsbət nəticəsi oldu. Ya da bu proses qısa dövr ərzində sona çatmalı idi. Çünki bu prosesin çox təhlükəli sonluqları ola bilərdi. Bu sonluqda Rusiyanın çox pis planları dayanırdı. Bunu biz rus telekanallarının apardığı təbliğatdan da sezirdik.
– Dünya mediası Azərbaycanın haqlı mövqeyini dəstəklədi və aprelin 1-də məhz Ermənistanın hücuma keçdiyini bəyan etdi Amma Rusiya mətbuatı tam fərqli yanaşma sərgilədi. Bu medianın müstəqil mövqeyi idi, yoxsa dövlətdən gələn konkret tapşırıq idi?
– Böyük mənada götürəndə Rusiyada mətbuat çox qarışıqdır. Rusiya mətbuatının seqmentləri Azərbaycandan da böyükdür. Əgər biz iri KIV-i götürürüksə, geniş mənada müstəqil Rusiya mətbuatı yoxdur. Rusiya kanallarının Ukrayna, Gürcüstan, Suriya ilə bağlı davranışlarını izləmişəm. Əminliklə deyə bilərəm ki, rus kanallarının mobil olaraq bu dövlətlərdə nümayiş etdirdiyi davranışlar Azərbaycanla bağlı mövqeyindən də heç nəylə fərqlənmirdi. Bu konkret proqramdır. Rusiya mətbuatı həmin proqram üzərində sadəcə olaraq düşmənləri dəyişir. Rusiya kanalları Gürcüstan və Ukrayna ilə bağlı eyni verlişləri Azərbaycana şamil edirdi. Proqramların iştirakçıları olan ekspertlər də eyni şəxslər idi. Yəni Rusiya telekanalların nümayiş etdirdiyi mövqe hər hansı müstəqil yanaşma deyil. Bu iştirakçılara müəyyən təlimat keçilib, müəyyən tezislər verilir. Həmin tezislə də onlar çıxış edirlər. Bu şəxslər sadəcə olaraq dövlət sifarişini yerinə yetirirdi. Diqqətlə izləniləndə həmin sifarişin içərisində proses uzanarsa, nələrin baş verə birləcəyini, Rusiyanın hansı addımlar atacağı, hansı təxribalara gedəcəyi göstərilir.
“Rusiya Azərbaycanın ictimai rəyini yoxlayır”
– Hazırda Azərbaycan mətbuatında Rusiyalı ekspertlərə, Rusiyalı KIV-ə istinadən belə bir təbliğat aparılır ki, Kreml yaxın zamanlarda işğal altında olan 5 rayonun azad olunmasına nail olacaq. Bu təbliğat bizim rəsmi mediamız tərəfindən də tirajlanır. Bu məlumatların ötürülməsi də Rusiyanın vahid planının tərkib hissəsi ola bilərmi?
– Bunlar ictimai rəyi çaşdırmağa yönələn məlumatlardır. Bir sıra hallarda bu məlumatlar bəzən sakitləşdirmək məqsədi daşıyır. Amma əksər hallarda bu variantlar mümkün hallardan biridir. Bu cür informasiyaları ortaya atmaqla adətən ictimai rəy yoxlanılır. Amma bu rəylərin heç birini ən mümkün variant hesab etmək olmaz. Çünki konflikt özü də həddindən artıq mürəkkəbdir. Heç bir halda bu problemin əvvəlcədən düşünülmüş həll variantı mümkün deyil. Çünki Azərbaycan bu torpaqları verən, erməni isə öz xoşuna bu torpaqları qaytaran deyil. Rusiya isə birdən-birə mərhəmətli olaraq, problemin həllinə gedəcəyi az inandırıcıdır. Avropa isə bizim yerimizə Qarabağda vuruşmayacaq. Bu prosesdə iştirak edən hər bir tərəf öz maraqlarını önə çıxardır. Bir sıra hallarda bu maraqlar bir-birinin əleyhinə gedir.
– Qarabağda baş verən son hərbi əməliyyatlar Rusiyanın Qərbə və Azərbaycana mesajı kimi də dəyərləndirilir?
– Suriyadan sonra Rusiya hər hansı bir konfliktdə öz rolunu önə çəkib, vacibliyini qeyd etməli idi. Bu prosesdə ən zəif nöqtə təəssüf ki, Qarabağ məsələsi oldu. Nəticədə Qarabağ məsələsi önə çəkildi. Düzdür bu proses bir sıra strateji yüksəkliyin ələ keçirilməsi, ruh yüksəkliyinin artmasıyla müşahidə olunsa da, mənfi nəticələr də oldu. Qeyri-adekvat itkilər oldu, danışıqlarda təsir üçün əlavə imkanlar yarandısa, başqa neqativ məqamlar da var. Rəsmi məlumatların tam dəqiq olmaması konkret fikir söyləməyi çətin edir. Hamı başa düşür ki, Rusiyanın bu prosesdə rolu mühümdür. Rusiyanın hər hansı bir rolu olmadan ermənilərin hücumu baş verməzdi. Əldə etdiyimiz bütün dəlillər onu sübut edir ki, baş verənlər Rusiyanın planlarına uyğun olub.
“Hakimiyyətdə Rusiyapərəstlərin mövqeyi möhkəmdir”
– Rusiyapərəstlərin hakimiyyətdəki mövqeyini necə dəyərləndirirsiniz? Çünki son zamanlar rəsmi təbliğatda da Rusiyanın təbliğatı aparılır…
– Rusiyapərəstlər hakimiyyətdə kifayət qədər böyük nüfuza malikdirlər və kifayət qədər ciddi mövqedə dayanıblar. O da nəzərə alınmalıdır ki, hakimiyyətdə olanların bir qisminin keçmişi də Rusiyaya bağlıdır. Övladlarının bizneslərinin Rusiyaya bağlılığına dair informasiyalar var. Hakimiyyətdə kommunist zamanından gəlmiş kadrlar çoxdur. Onların bir qismi hələ də Rusiyadan orden alır. Amma bu mövqe iqtidarda hakim deyil.
– Bəs danışıqlar prosesinin gedişinə bu qruplaşmanını təsiri necə ola bilər? Hakimiyyətdəki Rusiyanın tərəfdarları danışıqlar prosesinin normal gedişinə imkan verəcəklərmi?
– Hansı hakimiyyət olursa-olsun Qarabağ problemini həll etmək istəyərdi. Çünki bu ona böyük imic, sosial baza qazandıra bilər. Digər tərəfdən bu çox ciddi siyasi-iqtisadi resursları hərəkətə gətirə bilər. Amma bu problemin həll edilə bilməməsi, həm geosiyasi məsələlərlə, həm də daxili qüvvələrlə bağlıdır. Biz bu prosesin daim içərisindəyik və onu üzərimizdə hiss edirik.
– Dövlət başçısı Ilham Əliyev ABŞ-a səfər etməmişdən öncə adı siyasi məhbus siyahısında olan bir sıra şəxsləri azad etdi. Bu addım Qərbə yaxınlaşmaq cəhdi kimi dəyərləndirildi və Rusiyanın Qarabağda sükutu pozmasının bir səbəbi də bununla əlaqələndirilir. Amma Qərb Azərbaycandan siyasi islahatların davam etdirilməsini istəyir?
– Əlbətdəki bu müsbət bir addım idi. Amma bütövlükdə baxanda Qərb bu addımların bir prosesə çevrilməsini istəyir. Mən isə hazırkı hakimiyyətin davranışlarını, kadr potensialını, düşüncə tərzini nəzərə alaraq hesab edirəm ki, bu proses başa çatdırıla bilməz. Bu prosesi başa çatdırmaq üçün Azərbaycan hakimiyyətinin potensialı yoxdur. Bu addımlar davamlı olarsa tamam başqa düşüncə üzərində qurulmuş cəmiyyət formalaşmalıdır. Bu proses həm də tamam başqa kadrlar tələb edir. Təəssüf ki, hakimiyyət hələlik cəmiyyətin potensialından istifadə etməyi düşünmür.
– Cəbhədə hərbi əməliiyyatlar başlayan gündən demokratik düşərgə dövlətin, ordunun yanında olduğunu bəyan etdi. AXCP sədri Əli Kərimli bununla bağlı status yaydı. Amma hazırda hakimiyyət bunları nəzərə almır və yenə də siyasi rəqiblərinə qarşı etikadan kənar mübarizə aparır. Bu addım isə cəmiyyətdə yaranan ruh yüksəkliyinə, vəhdətə neqativ təsir edir. Hakimiyyətin bu cür davranmağının səbəbi nədir və bu nəyi göstərir?
– Hakimiyyətin dərin islahatlara getmək potensialını görmürəm. Belə bir şəraitdə qaşınmayan yerdən qan çıxartmaq siyasəti bir daha təsdiq edir ki, hakimiyyət ənənəsinə sadiqdir. Bu siyasət iki məqamdan xəbər verir. Ya hakimiyyət bu siyasəti ilə hansısa müqavimət mərkəzlərini sıradan çıxarmaq istəyir. Bunun da məqsədi odur ki, hakimiyyət Qarabağ məsələsində hansısa qeyri-populyar addıma hazırlaşır. Buna görə də əvvəlcədən mümkün etiraz mərkəzlərini zərərsizləşdirir. Ya da hakimiyyət başqa cür bacarmır və həmişə olduğu kimi hərəkət edir. Nəticədə də hər dəfə qazandığı sonluğa gəlir. Əli Kərimlinin evinin qarşısındakı aksiyalar o evdəki körpə uşaqdan başqa bəlkə də heç kimə böyük ziyan vurmadı. Əksinə məsələdən hali olmayanlar da dedi ki, başımı qaldırım, görüm nə baş verir. Hadisələr həmişə belə bir gülməli üsullardan istifadə edən tərəfin özünə qarşı çevrilir. Bir faktı diqqətinizə çatdırım. Özüm bu fakta fikir verdim və sonradan onu yoxladım. Bu “piketlər” keçirilməmişdən öncə Əli Kərimlinin müraciətini on iki min adam oxumuşdusa, onun səhərsi günü bu müraciəti on səkkiz min adam oxudu. Əli Kərimlinin bəyanatında yalnız təqdir olunası məqamlar var idi. Qarabağda şəraitin kəskinləşdiyi bir dövrdə Əli Kərimlinin göstərdiyi mövqe çox bitkin, yetkin və vətəndaş mövqeyi idi. Bu tək siysətçi mövqeyi deyildi, bir vətəndaş mövqeyi idi. Sadəcə olaraq hakimiyyət hərəkətləri ilə bu mövqeyi şahidlərinin sayını artırmış oldu və bir daha özünü biabır etdi.
Xəyal