«Xalqın son günlər kifayət qədər yüksək olan döyüş əzmkarlığı heçə endirildi»
Namizəd Səfərov: «Hakimiyyət Əli Kərimlinin evi qarşısında aksiya təşkil etməklə sübut etdi ki, onun düzələcəyinə ümid yoxdur»
Aprelin 1-dən 5-nə qədər Qarabağda başladılan və uğurla davam edən hərbi əməliyyatların dayandırılması hələ də cəmiyyətdə böyük narazılıqla qarşılanır. Həmin müddətdə həm cəmiyyətdə, həm orduda böyük ruh yüksəkliyi var idi. Hakimiyyətin bu incə məqamı nəzərə almaması ciddi tənqid olunur. Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, vəkil Namizəd Səfərovla söhbətimizə bu suala cavab almaqla başlamaq qərarına gəldik:
– Iyirmi ildən artıqdır ki, torpaqlarımız işğal altındadır. Bütün dünya bilir ki, ərazilərimizin işğalı bilavasitə rus hərbi qüvvələrinin yaxından iştirakı ilə Ermənistan tərəfindən həyata keçirilib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən 4 qətnaməsi var. Bu qətnamələr iyirmi il öncə çıxarılıb. Icrası da işğalçı dövlətdən tələb olunur. Lakin Ermənistan tərəfi bu qətnamələri icra etməkdən ardıcıl olaraq boyun qaçırır. Belə olan halda Azərbaycan birtərəfli qaydada atəşkəsi pozmaq və ərazilərini düşmən işğalından azad etmək hüququna malikdir. Heç bir beynəlxalq qanun bunun qarşısını almır. Atəşkəs rejimi bu qədər uzun bir müddət davam edə bilməzdi. Son zamanlar Ermənistan özü dəfələrlə atəşkəs rejimini kobud surətdə pozaraq ərazilərimizi daim atəş altında saxlayıb. Nəticədə əsgərlərimiz və dinc sakinlər arasında daim həlak olanlar olurdu. Bu vəziyyət Azərbaycanı heç cür qane edə bilməz. Azərbaycan ordusu düşmənin layiqli cavabını verməli idi. Belə də edildi. Təəssüf ki, fəal döyüş əməliyyatları tez bir zamanda dayandırıldı. Göründüyü kimi bunu ilk növbədə Rusiya tərəfi tələb edərək nail oldu. Beynəlxalq ictimaiyyət və təşkilatlar Azərbaycanın haqq uğrunda mübarizəsinə əslində tərəfdar çıxırdılar. Lakin, fakt ondan ibarətdir ki, torpaqların işğaldan azad olunması uğrunda döyüşlərin genişləndirilməsi və davam etdirilməsinə imkan verilmədi. Hakimiyyət də ardıcıl və prinsipial mövqe sərgiləmədi. Nəticədə verdiyimiz çoxsaylı şəhidlər müqabilində əldə olunmuş kiçik də olsa üstünlüyü genişləndirərək qələbəyə çatdırılmasına imkan verilmədi. Yenə də atəşkəs rejimindən doğan qeyri müəyyənlik bərqərar edildi. Xalqın son günlər kifayət qədər yüksək olan döyüş əzmkarlığı heçə endirildi.
“Siyasi ambisiyalar bir kənara qoyuldu”
– Həm müxalifətdə, həm də cəmiyyətin geniş spektrində cəbhədə atılan addımlarla bağlı dəstək sərgilənirdi. Amma belə görünür ki, Azərbaycan hakimiyyəti bunun əleyhinədir və iqtidar bu cür mövqeyin üstünlük təşkil etməsini istəmir?
– Bəli, cəbhədə fəal döyüş əməliyyatları başlanan andan cəmiyyətin bütün təbəqələri, o cümlədən müxalifət həqiqətən də alqışlanmalı və təqdirəlayiq mövqe nümayiş etdirdi. Bütün siyasi ambisiyalar bir kənara qoyularaq, hamı ordu ilə bir sırada dayandı. Cəmiyyətdə çox yüksək siyasi yetkinlik, birlik, döyüş əzmi və qələbə əhval ruhiyyəsi bərqərar olmuşdu. Qəribədir ki, hakimiyyət deyəsən bunu gözləmir və arzu etmirdi. Görünür bu vəziyyət onların planlarına daxil deyilmiş. Siyasi müxalifət də daxil olmaqla cəmiyyətin bir ideya ətrafında birləşməsindən elə bil hakimiyyət qorxuya düşdü. Son zamanların hadisələri də bunu təsdiq edir. Hərbi əməliyyatların dayandırılmasından dərhal sonra, hakimiyyət cəmiyyətin qəti şəkildə pislədiyi, hətta lənətləndirdiyi təxribatlara qol qoydu. Artıq 4-5 gündür ki, hakimiyyət AXCP sədri Əli Kərimlinin evi qarşısında ağılasığmayan təxribatlara əl atır. Tələbə gənclər məcburi qaydada səfərbər olunaraq təxribatlara cəlb olunur. Təsəvvür edirsiniz, Əli Kərimlidən “Qarabağ bizimdir” tələb olunur. Belə təəssurat yaranır ki, Əli Kərimli Qarabağı işğal edib, bu hakimiyyətə vermir ki, Azərbaycanın digər əraziləri kimi oranı da amansız işğala və istismara məruz qoysun. Halbuki Əli Kərimlinin başçılıq etdiyi AXCP fəal hərbi əməliyyatların başladığı ilk andan dövlət və ordu ilə həmrəylik bəyənatları ilə çıxış etmiş, bu dövrdə siyasi mübarizənin bütün formalarından imtina olunmuşdu. Hakimiyyət isə, bunun müqabilində, hərbi əməliyyatların dayandırılmasından dərhal sonra öz keçmiş əməllərini gündəmə gətirdi. Bu iqtidar bir daha sübut etdi ki, onun düzələcəyinə ümid edənlər kökündən yanılırlar. Bu rejim anti milli bir rejimdir və düzələn deyil.
“Hakimiyyətdən rüsvayçı addım”
– Hakimiyyət Əli Kərimlinin evinin qarşısında bu rüsvayçı aksiyanı keçirməklə nəyə nail olmaq istəyir?
– Doğrusu mənə də qaranlıqdır. Artıq təkzibolunmaz faktlarla sübut olunub ki, bir sıra ali məktəblərin rəhbərləri hakimiyyətin yuxarı dairələrindən gələn göstərişlə tələbələri zorla bu aksiyaya cəlb ediblər. Hakimiyyətin bununla nəyə nail olmaq istədiyi sadəcə anlaşılmazdır. Bu əməl əslində xalqın birliyinə arxadan endirilən bir zərbədir. Sevindirici haldır ki, tələbə gənclərin əksər hissəsi bu təxribatlarda iştirak etməkdən qəti şəkildə imtina edib. Lakin az miqdarda olsa da səbatsız tələbələrin bəzilərini yolundan sapdırmaq mümkün olub. Onu da qeyd edim ki, cəmiyyət də birmənalı şəkildə bilir ki, bu ləyaqətsiz, rüsvayçı əməllər hakimiyyətin müəyyən məqsədlərilə təşkil olunub. Məni təəccübləndirən odur ki, deyəsən bu hakimiyyətdə bir nəfər belə ağıllı, vətənpərvər insan yoxdur ki, bunları başa salsın ki, əslində bu hadisə son nəticədə müxalifətin və elə Əli Kərimlinin özünün reytinqinin kifayət qədər yüksəlməsi ilə nəticələnəcəkdir. Elə belə də oldu. Indi bu hadisəni pisləməyən insan yoxdur. Bu rüsvayçılıq iqtidarından, müxalifətindən asılı olmayaraq hamı tərəfindən lənətləndirilir. Sosial şəbəkələrə və mətbuata diqqət yetirin hamı bir nəfər kimi, bütün cəmiyyət bu hərəkəti xəyanətkar bir addım, düşmən dəyiirmanına su tökən əməl kimi qiymətləndirir.
“Milli mənafelərimizi qorumağı bacarmalıyıq”
– Maraqlıdır ki, başqa vaxtı Qərbdən gələn demokratiya, insan haqları, seçkilərlə bağlı çağırışları qulaqardına vuran Azərbaycan hakimiyyəti Rusiyanın təşəbbüsü ilə gerçəkləşən atəşkəs çağırışına dərhal razılaşdı?
– Rusiya Qafqaz regionunda hələlik söz sahibidir. Rusiya Ermənistanla strateji əməkdaşlığa malik olduğunu da gizlətmir. Bu regionda münaqişə zonalarının saxlanmasından siyasi məqsədləri üçün istifadə edir. Rusiya həm bizim, həm Gürcüstanın, həm də Ermənistanın Qərbə, Avropaya inteqrasiyasının qarşısını almaq üçün bütün vasitələri məqbul sayır. Başa düşürük, heç bir dövlət dünyadan təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. Hərənin dövlət və milli maraqları mövcuddur. Lakin, biz müstəqil dövlətiksə, mümkün olan qədər müstəqil siyasət yeritməli, milli mənafelərimizi qorumağı bacarmalıyıq. Biz aktiv hərbi əməliyyatların gedişindən maksimum istifadə edərək, daha mühüm qələbə əldə edə bilərdik. Axı biz torpağımızda, işğalda olan ərazilərimiz uğrunda vuruşurduq. Bizə hər, geri çəkil deyənə sözsüz tabe olmamalıyıq. Məsələlərin mahiyyətini, real həqiqəti Rusiyaya da izah etmək, haqlı olduğumuzu sübuta yetirmək olar. Bunun üçün ilk növbədə ölkədə baş alıb gedən özbaşınalığa, dövlətin bütün strukturlarını çulğalamış korrupsiya və rüşvətə son qoyulmalıdır. Xalqın vəziyyətinin yaxşılaşdırılması istiqamətində real addımlar atılmalıdır. Məgər Rusiya bizdə demokratiya və insan hüquqlarına əməl olunmasına imkan vermir? Normal, qanuni,demokratik seçki keçirilməsinə də Rusiya mane olur? Demokratik dəyərlərin formalaşmasında və bərqərar olmasında biz dövlət olaraq ilk növbədə özümüz maraqlı olmalıyıq.
“Cəmiyyətin siyasi azadlığa ehtiyacı var”
– Siyasi əqidəsinə görə həbs olunanlar sırasında iki Qarabağ qazisi də var. AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli və AXCP Mingəçevir təşkilatının keçmiş sədri, partiya fəalı Qadir Xudabaxşıyev həbsdədirlər. Baş verən son döyüşlərin fonunda Sizcə hakimiyyət bu istiqamətdə siyasətini dəyişməlidirmi?
– Son hadisələr fonunda cəmiyyətdə əsaslı dəyişikliklərə, demokratik dəyərlərə böyük ehtiyac var. Müharibə şəraitində yaşayan, əslində müharibə gedən ölkədə Qarabağ qazisinin siyasi baxışlarına görə həbsdə saxlanılması yolverilməzdir. Bu gün cəmiyyətin siyasi azadlığa ehtiyacı var. Azərbaycan bu gün də siyasi dustaqların sayına görə Avropada, bəlkə də, dünyada liderlik edir. Bu ölkədə hələ də, həqiqəti deyənlər təqiblərə məruz qalırlar. Siyasi məfkurəsinə görə insanlar saxta ittihamlarla həbsə salınırlar. Bu gün siyasi baxışlarına görə həbsdə olanlar təkcə AXCP üzvləri Asif Yusifli, Qadir Xudabaxşıyev, Elvin Abdullayev, Murad Ədilov və ya Məmməd Ibrahim deyildir. Bu gün jurnalist xanım Xədicə Ismayılova, Seymur Həzi, digər jurnalistlər, qeyri hökumət təşkilatları rəhbərləri, vəkillər, REAL hərəkatının lideri Ilqar Məmmədov da siyasi məhbuslar sırasındadırlar. Biz cəmiyyət olaraq ilk növbədə ölkədə demokratik dəyərlərin bərqərar olmasına nail olmalıyıq. Bütün bəlalarımızın mənbəyi buradadır.
“Ermənilər real danışıqlar masası arxasında oturmağa məcburdurlar”
– Bir neçə yüksəklik uğrunda döyüşlərdə dirəniş göstərən Ermənistanın danışıqlarda güzəştə gedəcəyi nə dərəcədə mümkündür?
– Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qarabağ probleminin həlli istiqamətində irəliləyişlər qaçılmazdır. Danışıqlar yəqin ki, sürətləndiriləcəkdir. Ermənilər kifayət qədər yaxşı başa düşdülər ki, onlar işğal olunmuş torpaqlarımızda çox duruş gətirə bilməyəcəklər. Siyasi durum da xeyli miqdarda Azərbaycanın xeyirinə dəyişilmişdir. Güman edirəm ki, bu şəraitdə ermənilər real danışıqlar masası arxasında oturmağa məcburdurlar. Bunun üçün hakimiyyət də düşmənə təpki göstərməlidir. Ordumuzun gücləndirilməsi istiqamətində real addımlar atılmalı, hərbi intizam möhkəmləndirilməlidir. Unutmayaq ki, Bismark deyirdi ki, sülh danışıqlarına tam silahlanmış formada gedirəm. Bizim ordu həqiqətən güclü olarsa düşmən bunu nəzərə almaya bilməz. Bu status sülh danışıqları prosesində mühüm əhəmiyyət kəsb edir.
“Vəkillərə qarşı müharibə elan olunub”
– Hakimiyyətin cəmiyyətdə prinsipial, müstəqil mövqe sərgiləyən vəkilləri hədəf alması nəylə bağlıdır?
– Iyirmi ildir ki, bu ölkədə vəkillərə qarşı müharibə elan olunub. Hakimiyyət ermənilərlə döyüş cəbhəsindən fərqli olaraq burada xeyli qələbələrə nail olub. Vəkillik etməsinə imkan verilməyən hüquqşünasların sayı onlarladır. Çoxsaylı vəkillər həbsxana həyatı da yaşamışlar bu gün də həbsxanada bir neçə vəkil saxlanılır. Məqsəd də sözünü deməyi bacaran, siyasi məhbusları müdafiə etməkdən cəkinməyən, bacarıqlı və peşəkar vəkilləri siradan çıxarmaqdır. Hakimiyyətin təqiblərinə məruz qalmış, müxtəlif vasitələrlə cəzalara məruz qoyulmuş, Vəkillər Kollegiyasından çıxarılmış vəkillərin adlarını sadalamaqla qurtaran deyil. Baxın, bu gün, saxta ittihamlarla həbsdə saxlanılan nə qədər vəkil var. Intiqam Əliyev, Qurban Məmmədov yalnız bu yaxınlarda həbsdən buraxılıb. Əlabbas Rüstəmov, Mənsur Bayramov və başqaları hələ də həbsdədirlər. Vəkillərin həbsə salınması, təqib olunması, vəkillik fəaliyyətindən kənarlaşdırılması hakimiyyət, dövlət adına bir ləkədir. Tanınmış vəkillər Xalid Bağırov, Müzəffər Baxışov, Aslan Ismayılov repressiyaya məruz qoyularaq bu yaxınlarda Vəkillər Kollegiyasından sonuncu xaric olunanlardır. Bütün bunlar sübut edir ki, hakimiyyət vəkillərdən çəkinir. Onları ölkəni bürümüş qanunsuzluqlara və siyasi repressiyalara maneə olan sədd kimi qəbul edir.
“Məmurların özbaşınalığı hədd bilmir”
– Ilham Əliyev keçirdiyi bütün müşavirələrdə məmurlara dövlət büdcəsini boş-boşuna xərcləməməyi, sadə həyat tərzi sürməyi tapşırır. Amma elə bu müşavirədə oturan məmurlar ən çox yeyintiyə məruz qalan strukturlara rəhbərlik edirlər?
– Siyasi iradə olmadan bu bəyənatlar heç bir gücə malik deyil. Faktlar onu deyir ki, ölkədə korrupsiya və rüşvətxorluq bütün sədləri aşmış və mafiya həddinə çatmışdır. Məmurların özbaşınalığı hədd bilmir. Məmurlar xalqın başına istədikləri oyunu açır və bundan qətiyyən çəkinmirlər. Yerlərdə Icra Hakimiyyətləri xalq üçün, əhali üçün deyil öz şəxsi və qrup mənafeyi üçün fəaliyyət göstərirlər. Ölkənin demək olar ki, bütün iri məmurları sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Ən irəlidə gedən sahibkarlar nazirlər, komitə sədrləri, iri məmurlar, Prezident Administrasiyasının əməkdaşları və hakimiyyətin yuxarı pilləsində vəzifə tutan digər dövlət məmurlardır.
Xəyal