AŞ PA-dakı uğursuzluğun təməlini hökumət qoyub
Bugünlərdə AŞ PA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat müzakirəyə çıxarıldı və hesabat səsvermədən sonra qəbul edilmədi. Bu barədə əvvəlki yazılarımızda geniş məlumat vermişdik və hesabatın qəbul edilməməsini Azərbaycan hakimiyyətinin yarıtmaz siyasəti ilə əlaqələndirmişdik. Daha doğrusu, orataya faktlar qoymuşduq və hakimiyyətin dövlət maraqlarından çıxış etmədiyini təsdiqləmişdik.
Amma Azərbaycan hökuməti hələ də AŞ PA-dakı uğursuzluğa görə günahkar axtarır. Əvvəlcə, uğursuzluğun səbəbi kimi Türkiyədən olan deputatların səsvermədə iştirak etmədiyini göstərdilər. Daha sonra bu uğursuzluğu Minsk qrupunun fəaliyyəti ilə bağladılar. Indi isə qətnamənin qəbul olunmamasına görə ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandı hədəf seçiblər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da deyib ki, Azərbaycanın ABŞ-dakı səfirliyinə AŞ PA-da Dağlıq Qarabağ üzrə qətnamənin qəbul edilməməsində ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nulandın rolunu öyrənmək tapşırılıb.
Biz ötən yazılarımızda da qeyd etmişdik ki, Azərbaycanın maraqlarını ifadə edən bu hesabatın müzakirəyə çıxarılmasına ilk növbədə Azərbaycan hökuməti qarşı çıxıb. Ona görə də ilk növbədə izahat verməli olan, məsuliyyət daşıyan da hakimiyyətdir. Belə ki, məlum hesabat gündəmə gələndə Rusiya xarici işlər naziri Segey Lavrov AŞ PA-nın Qarabağ məsələsinə müdaxiləsini pisləmişdi. O qeyd etmişdi ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq birlikdən mandatı olmayan müxtəlif beynəlxalq təşkilatlar müstəvisinə çıxmaq düzgün deyil. Lavrov belə əsaslandırmışdı ki, bu tip layihələrin hazırlanması ATƏT-in Minsk qrupunun fəaliyyətinə ziyan vurur. Bəli, Rusiya Azərbaycanın maraqları baxımından önəmli olan layihənin hazırlanmasına etiraz etmişdi. Azərbaycan tərəfi isə Lavrovun mövqeyini müdafiə etmişdi. Hətta Azərbaycan XIN-i məsələyə münasibətində bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində (822, 853, 874, 884) təsdiq olunduğu kimi, Ermənistan və Azərbaycan arasında olan razılıq əsasında ATƏT-in Minsk qrupunun fəaliyyət göstərməsi barəsində olan fikri bölüşürük. Yəni rəsmi şəkildə AŞ PA-nın məsələyə müdaxiləsini Azərbaycan tərəfi də pisləmişdi və Rusiya ilə eyni mövqedən çıxış etmişdi.
Ona görə də Elmar Məmmədyarov Viktoriya Nulandın rolunu araşdırmaq əvəzinə, öz rolundan danışsa daha yaxşı olar. Əgər XIN rəsmi açıqlama verib AŞ PA-nın Qarabağ məsələsinə müdaxiləsini pisləyirsə, hansı haqla başqalarını ittiham edir? Əgər dövlət maraqları hökumət üçün önəm daşımırsa, Nuland üçün, Minsk qrupu üçün niyə önəmli olmalıdır?
Bir daha qeyd edirik ki, AŞ PA-da məlum hesabatın qəbul olunmamasında ən pis rolu Azərbaycan hökuməti oynayıb və ən böyük məsuliyyəti də hökumət daşıyır. Hər şey bitdikdən sonra əl-ayağa düşmək imitasiyadan başqa bir şey deyil.
Samir