Hər sahədəki lazımsız xərci ləğv etmək lazımdır
Vəziyyət o qədər kritikdir ki, hökumət manevr edə bilmir. Yəni “bizim pulumuz çoxdur”, “dünyanın bizə ehtiyacı var”, “sürətli inkişafımız davam edir” kimi ifadələr qulağa dəymir. Indi hökumətimiz qənaətdən, israfçılığa yol verməməkdən, valyuta ehtiyatlarını ağılla xərcləməkdən danışır. Bəli, qara qızılın sayəsində göylərə qalxanlar, onun qiymətdən düşdüyünə görə aşağı eniblər.
Maliyyə naziri Samir Şərifov isə deyib ki, biz hər qəpiyin qədrini bilməliyik. Həqiqətən də qeyri-adi bir mənzərədir. Milyardları məhv edəndən sonra qəpiklərin qədirini bilməyə başlayıblar. Əslində, bugünə qədər mənasız layihələr xərclənən pullara görə, 120 milyard neft pulunun talan edilməsinin cavabı verilməlidir. Uzun illər ərzində ölkənin potensialını sıfıra çatdıranlar məsuliyətə cəlb olunmalıdır. Hökumət komandası cavab verməlidir ki, niyə bugünə qədər hər qəpiyin qədri bilinməyib. Əslində, “qənaət etməliyik” ifadəsi hökumətin istefaya getməsi və bugünə qədər olanlara görə cavab verməsi üçün yetərlidir. Çünki, etiraf olunur ki, uzun illər ərzində qənaət yox, oğurluq rejimi olub.
Amma yazımızın əsas qayəsi bu deyil. Bir halda ki, hökumət hər qəpiyin qədrini bilmək qərarına gəlib, o zaman real addımlar atılmalıdır. Bəli, qənaət edilməli ünvanlar çoxdur və hökumət həmin ünvanlardan başlamalıdır.
Birincisi, məmurların xidməti avtomobilləri ləğv edilməlidir və bu, dünya təcrübəsində geniş yayılıb. Üstəlik, bütün məmurların xeyli sayda şəxsi avtomobilləri var və hər məmurun kifayət qədər qazanc yeri var. Yəni milyonlarla vəsaitin məmur avtomobillərinin alınmasına, yanacağa, təmirə sərf olunmasına ehtiyac yoxdur. Təkcə məmur aparatının saxlanmasına sərf olunan vəsaiti kəsməklə xeyli qənaət etmək olar.
Ikincisi, ezamiyyə xərclərini azaltmaq lazımdır. Hamımız bilirik ki, dövlətin vəsaiti hesabına yüzlərlə mənasız səfərlər təşkil olunur. Əslində bu ezamiyyətlər gəzinti, istirahət məqsədi daşıyır, bahalı hotellərdə, bahalı restoranlarda dövlətin pulu talan edilir. Bu illər ərzində ezamiyyət üçün xərclənmiş pullar hesablansa, ortaya böyük məbləğ çıxar. Deməli, zəruri olmayan ezamiyyətlər də ləğv edilməlidir.
Üçüncüsü, böyük pullar tenderlər vasitəsilə yuyulur. Azərbaycanda tenderlərin necə keçirildiyi hamıya məlumdur. Ordunun, xəstəxanaların, bağçaların ərzaq təminatını həyata keçirən şirkətlər bütün məhsulların qiymətini baha rəsmiləşdirir və nəticədə şəxslər qazanır. Bu məsələyə ciddi yanaşmaq və dövlətdən nə qədər əlavə vəsait oğurlandığını aşkar etmək lazımdır.
Dördüncüsü, istfadə edilməyən, heç bir tələbat duyulmayan obyektlərin fəaliyyətinə yenidən baxmaq lazımdır. Qapısına qıfıl vurulmuş idman kompleksləri, hər rayonda fəaliyyət göstərən Heydər Əliyev muzeyləri, Heydər Əliyev Mərkəzləri, Heydər Əliyev parkları üçün büdcədən ayrılan vəsaitləri nəzərdən keçirmək lazımdır və bir-birini təkrarlayan bu strukturlar ləğv edilməlidir. Yeri gəlmişkən, “Gül bayramı”nın keçirilməsi ləğv edilməlidir və bununla da 10 milyonlara qənaət edilməlidir.
Beşincisi, məmurlara məxsus obyektlərin maliyyə sənədləri yoxlanılmalıdır, bu obyektlərin hansı maliyyə hesabına fəaliyyət göstərməsi, vergi öhədliyinə necə əməl etməsi yoxlanılmalıdır. Məmurlara məxsus xeyli biznes sahələri var ki, ziyanla işlədiklərini bildirirlər. Araşdırma aparılmalı və ziyanla işləyən obyektin illərlə necə fəaliyyət göstərməsinin sirri açılmalıdır. Üstəlik, dövlət orqanlarındakı “ölü canlar” üzə çıxarılmalıdır. Vəzifəlilərin qohum-əqrəbalarının “ölü canlar” siyahısında olması və külli miqdarda əmək haqqı alması realdır.
Altıncısı, dövlət xəstəxanalarında dövr eləyən milyonlar ciblərə yox, büdcəyə yönəlməlidir. Heç kimə sirr deyil ki, rəsmən pulsuz olsa da, əslində bütün əməliyyatlar, analizlər, aparatlar, həkim baxışı pulludur və nəticədə “vahid kassa”ya gedir.
Əslində, bu siyahını uzatmaq da olar və bütün sahələrdə qənaət etmək üçün, büdcəyə pul yönəltmək üçün “cığır” tapmaq olar.
Əsas odur ki, siyasi iradə olsun, imitasiyadan imtina edilsin. Bəli, hər qəpiyin qədrini bilmək üçün, lazımsız xərclər ləğv olunmalı, büdcədən yayınan pullar büdcəyə qaytarılmalıdır.
Yəni hardan başlamaq olduğunu hökumət yaxşı bilir və biz də bir neçə xatırlatma etdik.
Samir