PA-nın şöbə müdiri şikayətçilərlə iki yerdə görüş təyin edib, amma şikayətçiləri qəbul etməyib
SMF sədri isə Lerikdə şikayətçilərlə görüşdən yayınıb
Yüksək vəzifəli məmurların bölgələrə əhalinin problemlərini öyrənmək adı ilə etdikləri formal səfərlərin sırasına yeniləri əlavə olunub. Bu dəfə Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla Sosial Müdafiə Fondunun rəhbəri Elman Mehdiyev siyahını böyüdüb. Fevralın 6-da F.Ələsgərov Masallıda, E.Mehdiyev isə Lerikdə olub.
Bölgədən aldığımız məlumatlara görə, onların hər ikisi problemli vətəndaşların şikayətlərini qəbul etmək əvəzinə onları necə deyərlər, aldadıblar.
Belə ki, Masallıda saat 11 üçün Mədəniyyət Mərkəzində F.Ələsgərovla görüş təşkil ediblər. Lakin nə sirdirsə, görüş barədə yerli əhali məlumatsız saxlanılıb. Mədəniyyət Mərkəzinə “partiya-təsərrüfat fəallarını” yığıb, F.Ələsgərovla görüş keçiriblər. Görüş barədə rayona xəbər yayılan kimi əhali Mədəniyyət Mərkəzinə axışmağa başlayıb. Problemli vətəndaşlar F.Ələsgərovun qəbuluna düşərək, şikayətlərini çatdırmaq istəyiblər. Lakin onların istək və arzuları ürəklərində qalıb. Mədəniyyət Mərkəzində biri-iki yaxşı tərif deyə bilən növbətçi “zəhmətkeş” çıxışından sonra görüşü bitiriblər. Dərdini deməyə gələnlərə isə bildirilib ki, saat 16-da İdman Kompleksində F.Ələsgərov onları qəbul edəcək. Lakin verilən bu vədə də əməl olunmayıb. Şikayəti olanlar İdman Kompleksində də F.Ələsgərovla görüşə bilməyiblər.
Yerli mənbələr deyir ki, oxşar vəziyyət Lerikdə SMF sədri E.Mehdiyevin keçirdiyi görüşdə də yaşanıb. Orada da problemlər barədə danışa bilən, həqiqətən də ciddi şikayəti olan sakinləri qonaq məmurdan uzaq tutublar.
Beləliklə, hər iki səfər-görüş bir növ “quş qoymaq” xətrinə keçirilib və nə ayrı-ayrı vətəndaşların, nə də ümumilikdə Masallı və Lerikin problemlərini öyrənib, onlara əncam çəkməyə xidmət edib.
azadliq.info