Bu gün Müsavat Partiyası başqanının müavini, Milli Şuranın üzvü, jurnalist Tofiq Yaqublunun həbsinin 3 ili tamam olur. Onu 2013-cü ilin 4 fevral günündə İlqar Məmmədovla birlikdə İsmayıllı hadisələrinin təşkilində suçlayaraq saxta və gülünc ittihamla həbs ediblər. Hər bir milləti millət edən, onu öz milli kimliyilə qürur duymağa ilhamlandıran milli-mənəvi dəyərlər sistemi və bu sistemin daşıyıcısı olan örnək şəxsiyyətlər- qəhrəmanlar var. Bəzən belə qəhrəmanlar gerçək həyatda olmayanda xalqlar onları uydurur və gənc nəsli belə uydurma folklor qəhrəmanlarının nümunələri əsasında tərbiyə edirlər.
Bu qəhrəmanlar mütləq şəkildə özlərində mərdlik, mübarizlik, ərənlik, əyilməzlik, dəyanət, üzləşdikləri bütün çətinlilərə baxmayaraq zülmə boyun əyməmək kimi ən ali insani və kişilik keyfiyyətlərini ehtiva edirlər. “Azərbaycanın belə gerçək qəhrəmanı varmı?” sualına mən düşünmədən “bəli, var” cavabını verirəm. O, Tofiq Yaqubludur. Sadaladığım bütün müsbət keyfiyyətlər də bəlkə də Tofiq Yaqublu şəxsiyyətinin mahiyyətini bütün çalarları ilə açmaq üçün yetərli deyil!
Bu insan bu həyatda nələri yaşamadı?! Əslən Borçalıdan olsa da Qarabağ müharibəsinin ilk günlərindən könüllü olaraq Ana Vətən Azərbaycanın müdafiəsinə qalxdı, xanımını və iki körpə qızını da fərqinə almadan özünü müharibənin odunun-alovunun içinə atdı. Bütün həyatı boyu haqsızlıqla, ədalətsizliklə kişi kimi, mərdi-mərdanə mübarizə apardı. Yaşadığı heç bir məhruiyyət onu yolundan, əqidəsindən, haqdan döndərə bilmədi. Heç vaxt satmadı, satılmadı, əyilmədi. İnsanlar siyasi mübarizədən, Azərbaycan davasından “balalarım var” bəhanəsilə boyun qaçıranda Tofiq bəy iki gənc qızı- Nigar və Nərgizlə birlikdə haqqın savaş meydanında zülmə dirəniş göstərirdi. Onu sındırmaq üçün 23 yaşlı qızı Nigar həbs ediləndə də, 6 ay məhbəsdə girov saxlanılanda da, bu, Tofiq bəyin iradəsini sındıra bilmədi.
Nigarın ardınca Tofiq bəy özü həbs olunanda onun kiçik qızı Nərgiz mübarizə meydanına çıxdı və daha gur səslə “biz varıq, sınmamışıq, ayaqdayıq” deyə hayqırdı. Şəkidə keçirilən məhkəmə prosesindən qayıdarkən Tofiq bəyin ömür-gün yoldaşı Maya xanım və qızı Nərgiz ağır avtomobil qəzasına düşdü, Maya xanımım boynu sındı, ancaq Tofiq bəy yenə də sınmadı. Həbsdə olduğu üçün qızı Nərgizə bir ata kimi xeyir-dua verib gəlin köçürə, şad günündə yanında ola bilmədi. Elə həbsi səbəbilə hamilə olarkən ağır xəstəliyə düçar olmuş 25 yaşlı Nərgizin dərdinə dəva tapmaqda da aciz qaldı, son nəfəsində balasının yanında ola, ciyərparasıyla halallaşa bilmədi. Ölüm yatağında can verən Nərgizin yanına hətta üzərində şərti cəza olan bacısı Nigarı da buraxmadılar.
Zülmün, zillətin bundan əcaib halı ola bilərmi?! Tofiq bəy yenə dözdü, durdu, əyilmədi, sınmadı. Onun çəkdikləri bir insan ürəyinin çəkə biləcəyi yükdən çox-çox ağırdır. İndi Tofiq bəy Nərgizi soyuq məhbəs divarları arasında gizlincə, ürəyində ağlayır, ancaq sınmır. O sınsa,çoxları sınar. O sınmadı ki, çoxlarının ümidini öldürməsin, inamını yaşatsın. Bunu bildiyi üçün dağ kimi dayanıb və dağın da çəkə bilməyəcəyi dərdlərə dözür. Dözür ki, Azərbaycanın Tofiq Yaqublu kimi gerçək qəhrəmanı olsun.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb.