Cinayətkar adlandırdığınız nədir, məsuliyyətdən yayındırdığınız nə?
Birmənalı şəkildə demək olar, YAP hökuməti qeyri-ciddiliyin, hüquqsuzluğun, qanunsuzluğun rekordunu təzələyib. Ölkədə o qədər absurd, ağlasığmaz, paradoksal hadisələr baş verir ki, nəticədə bütün bunları normal qarşılamağa məcbur olursan.
Hələ də ölkədə MTN şoku davam edir və bu proses yekunlaşmayıb. Amma gecə-gündüz MTN-dəki qanunsuzluqları, cinayətləri tirajlasalar da, bu qurumun milli təhlükəyə çevrildiyini etiraf etsələr də, əsas fiqurlar hələ də azadlıqdadır. Hətta ölkə başçısı səviyyəsində bu qurumda baş verənlər reketçilik, natəmizlik, cinayətkarlıq kimi qiymətləndirilib. Amma quruma rəhbərlik edən azadlıqda gəzir, onun işçiləri zindanlıq olub.
Eyni vəziyyət Rabitə Nazirliyində də baş verir. Deməli, nazirliyin əməkdaşları həbs olunur, 100 milyonlarla yeyiniti aşkar edilir, cinayət işi açılır və s. Amma nazir evində oturub istirahət edir. Bəli, Əli Abbasov mətbuata açıqlamasında bildirib ki, evində istirahət edir, heç kimə ifadə verməyib, istintaqa cəlb olunmayıb. Həqiqətən də analoqsuzluq göz deşir. Necə ola bilər ki, bütün ölkə bir nazirlikdəki qanunsuzluqla, korrupsiya faktları ilə silkələnir, ölkə başçısı səviyyəsində məsələ nəzarətə götürülür və keçmiş nazirdən ifadə almağa belə lüzum görülmür. Təsəvvür edin ki, bir cinayətkar dəstəni həbs edirlər və bu dəstənin rəhbəri kənarda qalır. Əgər bu adamı məsuliyyətə cəlb etməyəcəkdinizsə, bahalı villalarını, qanunsuz əməllərini niyə tirajlayırdınız? Niyə, hökumət təmsilçiləri bu adamlar haqqında ən ağır ittihamlar səsləndirirlər?
Əminliklə demək olar, dünya təcrübəsində belə “ənənə” olmayıb və mümkün də deyil. Dövlətin iki mühüm strukturu cinayət yuvasına çevrilib və bu strukturun rəhbərləri istirahət edirlər. Heç bir günahı olmayan 10-larla insanın şərlənib həbs edilməyi bir yana, həmin adamları ev dustaqlığına belə buraxmırlar. Amma ən ağır cinayət əməllərində ittiham edilənlər sərbəst həyatını yaşayır.
Bizim heç kimlə şəxsi düşmənçiliyimiz yoxdur və kimlərinsə həbs olunub-olunmamasında mənfəət güdmürük. Sadəcə olaraq hökumətin ziddiyyətlərlə, absurdlarla dolu addımına aydınlıq gətirmək istəyirik. Bu adamları cinayətkar elan etməyiniz nədir, məsuliyyətdən kənarda saxlamağınız nə?
Görünən budur ki, bütün qanunlar hökumətin tabeliyindədir və hüquq sistemi rejimin təlxəyinə çevrilib.
Görəsən, Əli Abbasov və Eldar Mahmudovu kim toxunulmaz edib?
Samir