Hakimiyyət Qərblə qarşıdurmanı dərinləşdirmək yolunu tutdu
Ölkə başçısı İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Bu sərəncamla bəzi siyasi məhbusların da azadlığa buraxılacağı gözlənilirdi. Lakin gözləntilər özünü doğrultmayıb. Budəfəki əfv ötən dəfəkilərdən siyahıya siyasi məhbuslardan heç kimin adının salınmaması ilə fərqlənib.
Qeyd edək ki, beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətindən israrla siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. Hətta ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycan hakimiyyətinə sanksiyalar məsələsini gündəmə gətirib. Komissiyanın Konqresə təqdim etdiyi layihədə siyasi məhbusların azadlığa buraxılması əsas şərt kimi irəli sürülüb. Gözləntilər həm də bununla bağlı idi. Yəni, ümid var idi ki, hakimiyyət sanksiyaların qarşısını almaq üçün siyasi məhbusların əhəmiyyətli hissəsini azadlığa buraxacaq. Lakin görünür, iqtidar Qərblə konfrantasiya yolunu tutub.
AXCP sədri Əli Kərimli əfv sərəncamına münasibətində maraqlı fikirlər səsləndirib. Onun “Facebook” səhifəsində yazdığını təqdim edirik: “Əfv sərəncamı ilə manatın taleyi arasında ciddi əlaqə olduğunu bilirdiniz? Manatın can üstündə olması yalnız iqtisadi faktorlarla bağlı deyil. Manat həm də ona görə sürətlə ucuzlaşır ki, ölkədən iri miqyaslı kapital axını var. Ölkədən kapital axını hər zaman olub. Bəs son zamanlar kapital axını niyə belə sürətlənib? Aydındır ki, ölkədə böyük pullar bu rejim mənsublarının özündədir. Pulu da ölkədən onlar çıxarır. Pulu ona görə belə sürətlə çıxarırlar ki, xüsusən sanksiya söhbətindən sonra hökumətin nazirləri də (onlar həm də nəhəng oliqarxlardır) bu hakimiyyətin siyasi perspektivinin olmadığını anlayıblar. Hər halda həyatda gözübağlı yaşamırlar və başa düşürlər ki, ABŞ-la ”sanksiya müharibəsində” bu çürük rejimin qalib gəlmək şansı yoxdur.
Ölkəyə xarici sərmayənin gəlməməsi, hətta xaricdən kredit imkanlarının məhdudlaşdırılması da iqtisadi səbəblərlə yanaşı, həm də siyasi səbəblərlə – hakimiyyətin avtoritar, hüquqa zidd mahiyyətilə bağlıdır. Bir sözlə, ölkədəki sosial-iqtisadi böhranın günü-gündən dərinləşməsi hökumətin iqtisadi səriştəsizliyi ilə yanaşı, xalqla və beynəlxalq aləmlə qarşıdurmaya getməsilə də bağlıdır. Bu baxımdan bugünkü əfv sərəncamı ilə bir nəfər də olsun, siyasi məhbusun azad edilməməsi təkcə demokratik düşərgəyə, vətəndaş cəmiyyətinə kinin, qəzəbin deyil, həm də ölkə əhalisinin çətinləşən sosial-iqtisadi durumuna biganəliyin, ölkənin nə qədər çətin duruma düşdüyünü dərk etməməyin ifadəsidir. Ölkəni kin və qisas hissi ilə idarə etməzlər. Tarixi təcrübə göstərir ki, kin, hikkə və qisas hissini əldə rəhbər tutan avtoritar liderlər xalqlarına xeyli əziyyət çəkdirirlər, amma çox vaxt da özləri belə siyasətin qurbanı olurlar”.
Siyasi məhbus ailələri də əfv sərəncamına münasibət bildirib. Həbsdə olan NIDA-çı Ömər Məmmədovun atası Əlyar Məmmədov Azadlıq Radiosuna bildirib ki, hələ də şokdadılar: “Hələ də şokdayıq, özümüzə gəlməmişik. Çox böyük ümidimiz vardı ki, Ömər bu dəfə azadlığa buraxılacaq. Məni Penitensiar Xidmətə çağırmışdılar, söhbət eləmişdilər ki, əmin olaq, Ömər artıq siyasətlə məşğul olmayacaq. Mən də demişdim ki, təhsilini davam etdirəcək. Ömərin nə yaşı var? Həbs olunanda 18 yaşındaydı. Heç kəsin adı siyahıya düşməyib. Bir şey başa düşmürəm, öz xalqına qarşı niyə belə rəftar edilməlidi? Bu qəddarlıq nəyə lazımdı? Qoy çıxıb desinlər ki, bu qəddarlığı buna görə edirik. Bu, dövlətçilik deyil, bu, düşmənçilikdir”.
Başqa bir “NIDA”çı Rəşad Həsənovun anası Almaz xanım da məyus olduğunu deyib: “Gözləyirdik. Hər bir valideyn kimi biz də Rəşadın adının əfv sərəncamında olacağını gözləyirdik. Amma yenə də Allah bilən məsləhətdir. Xeyirlisi. Nə deyim? Martda gözləmirdim, ancaq keçən yeni ildə də, indi də gözləyirdim. Üçüncü əfv sərəncamı verilir, ancaq adı ora düşmür. Bu dörd uşağın valideynləri ilə görüş olmuşdu, demişdilər ki, yaxşı olacaq, ancaq bilmirəm niyə olmadı…”
Almaz Həsənova bildirib ki, yoldaşının yaşı 60-ı ötüb, özü də 55 yaşındadır: “Yaş öz işini görür. Gedib gələ bilmirik. Allah imkan versin balamızı azadlıqda görək. Təki onun canı salamat olsun”.
Həbsdə olan Əbdül Əbilovun anası Nurcahan xanım da oğlunun əfv olunacağını gözləyirmiş: “Gözləyirdim. Sizcə necə olaram? Bilmirəm, niyə adını siyahıya salmayıblar?! Adı çıxmayıb, mən hələ də gözləyirəm”.
Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu deyib ki, əfv sərəncamı onu çaşdırmayıb: “Gözlədiyim kimi də oldu. Heç təəccüblənmədim də. Bilirdim ki, buraxmayacaqlar. Çox rahat qəbul etdik. Çünki Tofiq Yaqublu ilə Ilqar Məmmədovun məhkəməsini fevrala keçirmişdilər. Buna görə də hər ikisinin də adının siyahıda olmayacağına əmin idim”.
Həbsdə olan NIDA-çı Rəşadət Axundodun atası Fikrət Axundov da gözləntilərin olduğunu bildirib: “Gözləntimiz vardı, əlbəttə. Eyni maddə ilə mühakimə olunan 7-8 nəfərin 4-nü ötən əfv sərəncamı ilə azadlığa buraxıblar. Rəşadətin nə evini axtarıblar, nə evindən bir şey tapıblar. Evindən ”Molotov” kokteyli çıxdığı deyilənləri buraxıblar, Rəşadətgili buraxmayıblar. Bu, Allaha, bəndəyə sığan iş deyil axı. Bir siyasi məhbusun da adı siyahıya düşməyib. Yəqin ki, ABŞ-ın, Qərbin səsləndirdiyi sanksiya tələblərinə görədir”.
“NIDA”çı İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə də oğullarının adının əvf siyahısına düşəcəyini gözləyirmiş: “Sakit qarşıladıq. Düzdür, gözləyirdik, heç olmasa, siyasi məhbus kimi tanınanlardan 10-20-ni azadlığa buraxsınlar. Nə bilim, indi Novruz bayramını gözləyək”.