Hikmət Hacızadə: «İki ölkə arasında gərginlikdə Türkiyənin üstün olması Qarabağ probleminin həllinə yol aça bilər»
Türkiyə-Rusiya qarşıdurması Azərbaycanın ən ümdə problemi olan Qarabağ məsələsinə də təsir edə bilər. Ötən müddət ərzində Rusiyalı siyasətçilərin bir sıra bəyanatları Azərbaycanı da düşünməyə vadar edir. Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov Ankara ilə Moskva arasında gərginliyin azaldılması üçün 3 tələb irəli sürüb.
Sergey Markov iki ölkə arasındakı buzların nə zaman əriyəcəyi barədə ciddi açıqlamalar verib. Su-24 təyyarəsinin vurulmasından sonra çox şeyin 180 dərəcə dəyişdiyini deyən Markov bildirib ki, Moskva bu hadisəyə qədər Ankaranı dost ölkə olaraq görürdü. “Ancaq təyyarəmiz vurulursa, pilotumuz öldürülürsə, biz bunu dost olaraq deyil, düşmən addımı kimi dəyərləndiririk. Türkiyəni idarə edənlərin bir çox səhvlərinin olduğunu biz daha öncə də görürdük. Lakin Türkiyə ilə çox yaxın münasibətlərimiz olduğu üçün bunları açıq şəkildə dilə gətirmirdik. Arıtq bu atmoster pozulduğu üçün, Türkiyə rəhbərliyinin səhvlərini açıq-aşkar deməymiz üçün heç bir maneə yoxdur”, deyə Markov bildirib.
Bununla yanaşı, Putinin yaxın adamı Markov Rusiya ilə Türkiyə arasında mövcud olan gərginliyin müharibə ilə nəticələnməyəcəyini deyib.
“Türkiyə və Rusiya arasında müharibənin olmasını heç kim istəmir. Digər tərəfdən isə təhlükəli vəziyyət yaranıb. Suriyada həm Türkiyə, həm də Rusiya öz varlığını göstərməyə çalışır. Hətta Türkiyədə bəzi siyasətçilər Azərbaycanı Dağlıq Qarabağa hərbi müdaxilə etməyə təşviq edir. Halbuki, Azərbaycan və Ermənistan arasında müharibə başlayarsa, Rusiya Ermənistanla bağladığı müqavilələr çərçivəsində Dağlıq Qarabağa müdaxilə etmək məcburiyyətində qalacaq. Bu təhlükələr qarşısında son dərəcə soyuqqanlı olmaq lazımdır”, deyə Markov bildirib.
Göründüyü kimi Rusiya rəsmisi Azərbaycana qarşı sərt addımların atıla biləcəyini istisna etməyib.
Politoloq Hikmət Hacızadə hesab edir ki, əgər Rusiya Türkiyə ilə qarşıdurmada qalib çıxsa, o zaman Qarabağ problemi ilə bağlı heç nə dəyişməyəcək. Yəni problem gəldiyi nöqtədən tərpənməyəcək. Çünki münaqişənin tam formada Rusiyanın nəzarətində olduğunu deyən H.Hacızadə bildirdi ki, Rusiya Ermənistanı açıq formada, heç kimdən çəkinmədən dəstəkləyir.
H.Hacızadə onu da bildirdi ki, iki ölkə arasında gərginlikdə Türkiyənin üstün olması isə Qarabağ probleminin həllinə yol aça bilər: «Yox əgər Türkiyə Rusiyanı yerinə otuzdursa, qarşıdurmada Ankaranın iövqeyi daha üstün olsa o zaman Qarabağ probleminin həlli tam real olacaq».
Xəyal