Noyabrın 30-da tanınmış hüquqşünas İntiqam Əliyevin doğum gündür. Bu münasibətlə AXCP sədri Əli Kərimli hazırda həbsdə olan hüquqşünası təbrik edib. Təbrikdə deyilir:
Ölkənin ən yaxşı hüquqşünaslarından biri, tanınmış ictimai xadim İntiqam Əliyev daha bir ad gününü məhbəsdə qeyd edir. İntiqam bəy bu qədər müddəti həbsdə deyil, nisbi azadlıqda olsaydı, daha nə qədər insanın hakimiyyətlə apardığı hüquq davasına dəstək olardı, bilik və təcrübəsini gənc hüquqşünaslarla bölüşərdi, nə qədər əzilən insanın haqq bağıran səsi olardı. Bütün bunları edə bilməsin deyə həbsdədir İntiqam bəy. Amma əslində həbsxana belə insanlar üçün deyil. Azərbaycanın işıqlı, millətinə, dövlətinə bağlı insanlarının saxta ittihamlarla şərlənərək həbsxanalara doldurulması tariximizin üz qarası olacaq səhifələridir.
İnqtiqam bəy xalqımız üçün çox qiymətli şəxsiyyətdir. Mənə isə şəxsən çox doğma adamdır. Neçə illərdir ki, hökumətlə Avropa İnsan Hüquqları Məhkəməsində apardığım hüquq davasında mənim vəkilimdir. İntiqam bəylə birlikdə hökuməti artıq 2 dəfə (2005-ci ildə deputat mandatımın ləğv edilməsi və pasport işi üzrə) Avropa İnsan Hüquqları Məhkəməsində məğlub etmişik. Daha 2 iş üzrə də İntiqam bəy həmin məhkəmədə məni vəkil kimi təmsil edir. O həbsdə olsa da, mənim vəkilim olaraq qalır. Və inanıram ki, digər 2 iş üzrə də hökuməti Avropa Məhkəməsində birlikdə məğlub edəcəyik. Görün, hakimiyyət necə qiymətli, millət üçün faydalı olan şəxslərlə düşmənçilik edir.
Ad gününüz mübarək, böyük insan! Sizə ilk növbədə can sağlığı arzulayıram. Səhhətinizdən narahatıq. Sizə və vicdan məhbusu olan digər dostlarımıza azadlıq arzulayıram. Tezliklə ailənizə, dostlarınıza, sevimli işinizə qovuşmağınızı arzu ediərm. Allah qapınızı açsın!