Elxan Şahinoğlu: «Hər iki dövlət baş verənlərdən ziyan çəkəcək»
Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında gərginlik artmaqdadır. Rusiya hadisə baş verdikdən sonra Türkiyədən üzr istənilməsini tələb etsə də, Ankara buna getmədi. Daha sonra Kremli bir sıra sərt addımlar atmağa başladı. Məsələn, bir neçə gün öncə Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Amma bir məqamı da vurğulamaq yerinə düşər ki, Putinin bu addımları Türkiyədən daha çox Rusiyaya ziyan vura bilər. Çünki hər iki ölkənin qarşılıqlı fayda gətirən münasibətləri formalaşıb.
Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin əksəriyyəti Turkiyəyə səyahət paketlərinin satışını dayandırıblar. Rusiya Türkiyənin turizm sektorunda gəlirlərin formalaşmasında aparıcı ölkələrdən hesab edilir. Belə ki, ötən il 4 milyon 480 min rusiyalı turist Türkiyədə dincəlib və onların da ölkə iqtisadiyyatına töhvəsi 4 milyard dollardan çox olub. Ötən il Türkiyəyə 40 milyona yaxın turist gəlib və turizm sektorunun illik gəliri 34.3 milyard dollar olub. Deməli, rusiyalı turistlər Türkiyədə ümumi turizm gəlirlərinin 12 faizini formalaşdırıblar.
Daha bir mühüm iqtisadi göstərici. Türkiyənin Rusiyaya ixracı 5.9 milyard dollar olub. Türkiyənin ixrac etdiyi qida məhsulların 20, tekstil məmulatlarının isə 15 faizi məhz Rusiyaya göndərilir. Bu isə qardaş ölkədə strateji sektorlar hesab edilən tekstil və qida sənayesi ixracının ciddi səviyyədə Rusiyadan asılı olması anlamına gəlir. Ötən il Rusiyadan Türkiyəyə ixrac 25 milayrd dollar olub. Rusiyanın ixracının məbləğinin çox olması Türkiyənin enerji resurslarına tələbin ödənilməsində Rusiyanın dominat mövqeyi ilə bağlıdır. Belə ki, Rusiyadan ildə 28 milyard kub metr mavi qaz idxalı bu enerji növünə olan tələbin 57 faizi deməkdir. Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi qaz idxal edən ölkədir. Türkiyə istehlak etdiyi neftin də 30 faizini Rusiyadan gətirir. Iki ölkə arasındaki ticari rəqəmlər son gərginliyin dərinləşməsinin Türkiyəyə iqtisadi baxımdan mənfi təsir edəcəyini söyləməyə əsas versə də Rusiya tərəfi də bu prosesdən itkisiz çıxmayacaq. Hər il Rusiya iş adamları Türkiyə bazarında 4.1 milyon ton taxıl satırlar. Eyni zamanda Türkiyə Rusiya istehsalı polad məhsullarının əsas alıcılarındadır. Başqa tərəfdən, iki ölkə arasındakı investisiya layihələrinə kifayət qədər aparıcı dövlət və özəl şirkətlər cəlb ediliblər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Ərdoğan son günlər Rusiya ilə münasibətlərin normallaşmasına çalışır. Buna görə Türkiyə prezidentinin bir sıra mühüm açıqlamalar verdiyini xatırladan E.Şahinoğlu vurğuladı ki, Putinin davranışları onu deməyə əsas verir ki, münasibətlər hələ bir müddət də gərgin qalacaq: “Amma Rusiya itkilərini hesablayaraq geri addımlar ata bilər. Hazırda isə Rusiya daha çox intiqam aksiyası barədə düşünür. Bəlkə də Türkiyənin bir təyyarəsini vurandan sonra Rusiya münasibətlərin normalaşması istiqamətində addım ata bilər. Amma belə görünür ki, Rusiya ”intiqamını” almayana qədər sakitləşməyəcək”.
Münasibətlərin kəskinləşməsinin daha çox kimin ziyanına olduğuna gəlincə isə E.Şahinoğlu vurğuladı ki, hər iki dövlət baş verənlərdən ziyan çəkəcək: “Hesablamalar göstərir ki, Rusiyanın münasibətlərin korlanmasında itkisi daha böyük olacaq. Çünki ”türk axını” reallaşmazsa Rusiyanın itkiləri çox olacaq və rus qazı Avropaya çatmayacaq. Türkiyə Rusiyadan qaz idxalını da dayandırsa bu Rusiya iqtisadiyyatına böyük zərbə olacaq. Bundan başqa Türkiyədə nüvə elektrik stansiyası tikilməlidir. Bu proyektdən imtina da Rusiyaya ziyan vuracaq. Bundan başqa Türkiyə 20 ildir ki, Rusiya bazarını kənd təsərrüfatı məhsulları ilə təmin edir, inşaat sektorunda böyük payı var. Bu yeri doldurmaq elə də asan deyil”.
Xəyal