AŞ PA-nın Azərbaycan üzrə məruzəçisi olmuş Debono Qrex də Anar Məmmədli məsələsilə əlaqədar öz ölkəsində qınaq obyektinə çevrildi
Malta mətbuatı bu ölkənin parlament sədrini Azərbaycanda keçirilmiş seçkini “demokratik, şəffaf” adlandırdığına görə kəskin tənqid edib. Həmçinin maltalı deputat, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi olmuş Joze Debono Qrex də bu ölkədə baş verən repressiyalara adekvat münasibət bildirmədiyinə görə ittiham hədəfi olub. Bütün bunlar barədə “Malta Today” qəzetində dərc olunmuş “Malta parlamentinin spikeri Azərbaycanda saxta seçki günü Ilham Əliyevlə görüşüb” başlıqlı məqalədə qeyd olunub. Məqalənin tərcüməsini tənqid edirik:
***
Malta parlamentinin spikeri Anqlu Farruciya Azərbaycanda ciddi mübahisə doğurmuş seçki keçirilən gün ölkənin prezidenti Ilham Əliyevlə görüşüb.
Görüşdə maltalı leyboristlər – Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə keçmiş həmməruzəçisi Joze Debono Qrex, Cozef M.Sammuta, eləcə də milliyyətçi deputat Fridrix Azzopardi də iştirak edib.
ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu neftlə zəngin bu ölkədə noyabrın 1-də keçirilmiş parlament seçkilərini izləməyə müşahidə missiyası göndərməkdən imtina etmişdi. Büro bəyan etdi ki, Azərbaycan hökumətinin müşahidə missiyası ilə bağlı tətbiq etdiyi məhdudiyyətlər onlara başqa seçim imkanı vermir.
Əsas müxalifət partiyaları, o cümlədən AXCP və Müsavat seçki kampaniyasının qaydalarının ədalətsiz olduğunu bildirərək, bu seçkini boykot etdi. Beynəlxalq təşkilatların bir çoxu bu seçkinin görüntü xarakteri daşıdığını bildirərək, baş verənləri pisləyiblər. Həmçinin bir sıra analitiklər hesab edir ki, Azərbaycanda seçkinin nəticələri əvvəlcədən bəlli idi.
Ilham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına seçki öncəsi pulsuz efir vaxtı verilmişdi. Müxalif qruplar isə yalnız ödənişli efir vaxtından istifadə edə bilərdi. Müxalifətçilər bildirir də bu da onlar üçün efiri – daha geniş auditoriyaya çıxışı əlçatmaz edir.
Xüsusən son iki ildə Azərbaycan hökuməti repressiyaları daha da gücləndirib, müxalifət və hüquq müdafiə təşkilatları ilə böyük mənada, “haqq-hesab çəkir”. Bunun da nəticəsində çoxsaylı fəallar susdurulub, azadlıqlar məhdudlaşdırılıb.
Azərbaycanın rəsmi mediasının yaydığı məlumatda deyilir ki, Əliyev Malta parlamentinin spikeri ilə görüşdə Azərbaycandakı parlament seçkisinə toxunub. Əliyev Farruciyaya deyib ki, “ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu Azərbaycandakı seçkini müşahidə etməyə dəvət olunmuşdu, lakin bu təşkilat öz mandatını kobud şəkildə pozaraq, seçkinin monitorinqini keçirməkdən imtina etdi. Özü də bu qərar ATƏT Parlament Assambleyasının Daimi Komitəsində müzakirə olunmadan, ATƏT-in baş katibi məlumatlandırılmadan verilib”.
Anqlu Farruciya da öz növbəsində deyib ki, Azərbaycana səfərlərini, həmçinin dörd il əvvəl ATƏT və Avropa Şurasının nümayəndə heyətinin tərkibində bu ölkəyə səfəri zamanı prezident Ilham Əliyevlə görüşünü məmnuniyyətlə xatırlayır.
Məlumata görə, Əliyev vurğulayıb ki, iki ölkə arasında münasibətlər uğurla inkişaf edir. O, Malta ilə Azərbaycan arasında əməkdaşlığın tərkib hissəsi kimi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirakı ilə inkişafı təmin olunan “ElectoGas” zavodunu nümunə göstərib.
2013-cü ilin oktyabrında Azərbaycanda keçirilən keçirilən prezident seçkilərində avtokrat Ilham Əliyevin 85 faiz səslə qalib gəldiyi elan olunduğu vaxtda Farruciya bu ölkənin Milli Məclisinin sədri Oqtay Əsədovla görüşdə seçkini “şəffaf, ədalətli, demokratik” adlandırmışdı.
Onun verdiyi bu qiymət ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun rəyi ilə kəskin ziddiyyət təşkil edirdi. Həmin rəydə bu seçki zamanı çoxsaylı qanun pozuntularının qeydə alındığı, o cümlədən qutulara topa-topa bülletenlərin atılması, səslərin sayılmasında saxtakarlıq hallarının müşahidə edildiyi bildirilirdi.
Leyborist Joze Debono Qrex də Avropa Şurası Parlament Assambleyasındakı müzakirələr zamanı nədənsə, həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədli barədə heç nə demədi. Anar Məmmədli 2013-cü ilin prezident seçkilərinin monitorinqini həyata keçirmişdi və seçkidən sonra da siyasi motivlərlə həbs olundu.
Azərbaycanda demokratik institutların zəif olması barədə Avropa Şurası Parlament Assambleyasında keçirilən növbəti müzakirələr zamanı Qrex keçmiş məruzəçi kimi çıxış edərək, Azərbaycanla bağlı məsələnin AŞ PA-da daim müzakirə olunmasından gileyləndi.
“Mən diktaturanın müdafiəçisi deyiləm. O ki qaldı Azərbaycana, o, demokratik ölkə deyil”, – deyə Debono Qrex sonradan “Malğa Today” qəzetinə açıqlamasında bildirib.