Bakı Apellyasiya Məhkəməsi vətəndaşın heç bir rəsmi qərar olmadan həbsdə saxlanılmasına haqq qazandırdı
Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin daha bir şikayətinə baxılıb.
Xatırladaq ki, Məmməd İbrahim sentyabrın 30-da axşam saat 23.30-da şübhəli şəxs qismində saxlanılıb. Cinayət-Prosessual Məcəllənin tələbinə görə, 48 saatdan artıq şübhəli şəxs qismində saxlanmaya icazə verilmir. Bu müddətdə ya şəxsə qarşı ittiham irəli sürüb, barəsində məhkəmə qərarı ilə müvafiq qətimkan seçilməli, ya da sərbəst buraxılmalıdır. Məmməd İbrahimə münasibətdə həmin müddət oktyabrın 2-də axşam saat 23.30-da başa çatıb. Amma həmin vaxta qədər nə onun barəsində qətimkan tədbiri seçilib, nə də sərbəst buraxılıb. Yalnız oktyabrın 3-də saat 16.00 radələrində məhkəmə onun barəsində iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
Məmməd İbrahimin vəkili Yalçın İmanov məhkəmənin qərarına qədər – təxminən 16 saat ərzində müvəkkilinin həbsdə qanunsuz saxlanılması barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Lakin noyabrın 16-da məhkəmə bu şikayət üzrə qərar çıxararaq, iddianı təmin etməyib. Dünən apellyasiya məhkəməsində həmin qərardan verilən apellyasiya şikayətinə baxılıb.
Hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən məhkəmə iclasında Məmməd İbrahim özü də iştirak edib. O, çıxışında bildirib ki, şikayəti əsaslıdır və təmin olunmalıdır. Çünki heç bir rəsmi qərar olmadan 16 saatdan artıq həbsdə saxlanılıb. Bu da Avropa Konvensiyasının 5-ci maddəsilə təminat verilən azadlıq hüququnun açıq-aşkar pozuntusudur.
Vəkil Yalçın İmanov da bu halın kobud qanun pozuntusu olduğunu bildirib.
Məhkəmədə Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi, Məmməd İbrahimin işi üzrə istintaqı aparan Mübariz Süleymanov, Nərimanov Rayon Prokurorluğunun əməkdaşı Orxan Əsgərli də cavabdeh qismində iştirak edib. Lakin onlar Məmməd İbrahimin qanun icazə vermədiyi halda, həbsdə saxlanılmasının səbəbini əsaslandıra bilməyiblər.
Bununla belə, məhkəmə apellyasiya şikayətini təmin etməyib.
Yalçın İmanov bildirib ki, Məmməd İbrahimin azadlıq hüququnun pozuntumu ilə əlaqədar Avropa Məhkəməsinə müraciət olunacaq.
Xatırladaq ki, Məmməd İbrahim AXCP-dən uzaqlaşdırılmış Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin şikayəti əsasında həbs olunub. Onu vurmaqda təqsirləndirilən Məmməd İbrahimə qarşı CM-nin 221-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Məmməd İbrahim isə ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir. Qeyd edir ki, Mikayıl Quliyevin özü təxribatla ona yaxınlaşıb söyüb, ardınca da qəfil zərbə endirib.
Aytən