“Bu günə qədər heç kimi kürəyindən bıçaqlamadıq. Bu millət üz-üzə döyüşə bilən millətdir”; “İŞİD-dən neft alacaq qədər ləyaqətsiz deyilik”
Kreml Ankara ilə birbaşa təmasdan yayınır
Rusiya təyyarəsinin vurulmasını müzakirə etmək üçün hələ ki bir araya gələ bilməyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin bir-birlərinə mesaj göndərməklə kifayətlənirlər. Noyabrın 27-də Bayburtda açılış mərasiminə qatılan Ərdoğan növbəti dəfə Türkiyə tərəfindən vurulan təyyarə ilə bağlı danışıb və Rusiyanın ünvanına sərt sözlər səsləndirib.
“Putinə dedim ki, çağırılmamış qonaq olmur”
Ərdoğan bildirib ki, Türkiyə dörd bir tərəfdən təhlükəsizlik problemləri ilə, iqtisadi böhranla üzləşsə də türk xalqından aldıqları güclə bütün bunların öhdəsindən gələcəklər: “Hər kəsə anladığı dildə cavab veririk. Verməyə də davam edəcəyik. Bölücü terrorçuların alçaq hücumları ilə, “paralel”lərin xəyanəti ilə də mücadilə edirik. Hatayda iki təyyarə hava məkanımızı pozdu. Xəbərdarlıqdan sonra biri vuruldu. Daha sonra bu təyyarənin Rusiyaya aid olduğu ortaya çıxdı. Bundan əvvəl də pozuntu olmuşdu. Bunu “G-20” sammitində hörmətli Putinin diqqətinə çatdırdım. Dedi ki, bunu qonaq kimi qəbul edin. Mən də bildirdim ki, çağırılmamış qonaq olmur. Bu məsələdə həssas olduğumuzu Rusiyanın diqqətinə çatdırdıq. Sərhədlərimizin pozulmasına biganə qala bilmərik”.
“Dünyanı aldatmayın!”
Rusiyanın reaksiyasını anlayışla qarşılamağa çalışdıqlarını deyən Türkiyə prezidenti Putinin Fransa prezidenti Fransua Ollandla görüşdən sonra verdiyi açıqlamaları əsla qəbul etməyəcəklərini deyib: “Türkiyə Rusiyanın savaş təyyarəsini məqsədli şəkildə vurmayıb. Bu, sadəcə sərhəd pozuntusuna verilmiş avtomatik cavabdır. Putin açıqlamalarında hədəfi yayındırmaq istəyər. IŞID-ə qarşı mübarizə apardığını iddia edən Rusiya hökumətinə demək istəyirəm ki, Bayırbucakta türkmənlərin yaşadığı bölgədə IŞID yoxdur. Dünyanı aldatmayın! IŞID-ə qarşı hər hansı mübarizəniz yoxdur. Onsuz da IŞID hazırda rejimlə ortaq çalışan bir terror təşkilatına çevrilib”.
Putinin “Türkiyədə ölkəni islamlaşdırmağa çalışan bir hökumət var” fikrinə də münasibət bildirən Ərdoğan bu fikri absurd adlandırıb: “Türkiyənin 99 faizi müsəlmanlardan ibarətdir. Türkiyənin islamlaşma hərəkatına ehtiyacı yoxdur. Belə bir bənzətməni Rusiya hökumətinə heç yaraşdırmadım. Əgər mən desəm ki, Rusiya hökuməti ölkəni xristianlaşdırmağa çalışır, doğru olarmı? Bu nə qədər yanlışdısa, Türkiyə iqtidarını bunda suçlamaq da o qədər yanlışdır”.
“İŞİD-lə iş quran Rusiyadır”
Ərdoğan rusiyalı həmkarının Türkiyəni IŞID-lə işbirliyində ittiham etməsinə də sərt cavab verib. O, Rusiyaya odla oynamamağı tövsiyə edib. Bildirib ki, əksinə, ABŞ-ın əlində Rusiyanın IŞID-lə neft ticarəti yürütdüyünə dair sənədlər var: “IŞID Türkiyəyə neft satırmış… Yazıqlar olsun! Türkiyəyə bu iftiranı atanlar bunu sübut etməyə borcludu. Türkiyə IŞID-dən neft almır. Əksinə, ABŞ hökuməti açıqlayıb ki, Rusiya şirkətləri IŞID-lə ortaq olaraq Suriyaya neft satır. Bizim qaynaqlarımız bəllidir. Nefti Rusiyadan, Irandan, Azərbaycandan, Şimali Iraqdan, Əlcəzairdən, Qətərdən alırıq. IŞID-dən neft alacaq qədər ləyaqətsiz deyilik. Hörmətli Putin Türkiyəyə gedən və neft daşıyan TIR-lardan bəhs edir. Beynəlxalq əlaqələr dedi-qoduyla, iftirayla yürüdülməz. Bu üslub cənab Putinə heç yaraşmır.
Putin deyir ki, kim terrorizmə qarşı ikili standartlardan yanaşırsa, odla oynayır. Bu sözə tam şəkildə qatılıram. Düz deyir. Suriyada 380 min insanın ölümünə səbəb olan, dövlət terroru həyata keçirən Əsəd rejiminə dəstək vermək odla oynamaqdır. IŞID-lə mübarizə adı altında Suriyadakı sivil müxalifəti vurmaq odla oynmaqdır. Türkiyənin haqlı olduğunu bütün dünya dilə gətirdiyi bir vaxtda bizə olmazın iftiralarını söyləmək, sərgiyə qatılmaq üçün Rusiyaya gedən vətəndaşlarımıza əziyyət vermək odla oynamaqdır. Bölgədəki humanitar yardım daşıyan TIR-larımızı vurmaq odla oynamaqdır. Rusiyaya çox səmimi şəkildə odla oynamamağı tövsiyə edirik.
“Uşaq oyuncağı deyil”
Rusiyanın təyyarə məsələsini bəhanə edərək Suriyadakı hərbi iştirakını gücləndirməsi cəhdlərini də görürük. Dövlətlər arasındakı münasibətlər uşaq oyuncağı deyil. Rusiya bizim gözümüzdə önəmli dövlətdir. Rusiyadan bu tip mövzularda dövlətə yaraşan bir ciddiyyət gözləyirəm. Biz Rusiya ilə olan əlaqələrimizə çox əhəmiyyət veririk. Putin deyir ki, onları kürəyindən bıçaqlamışıq. Bu millət bu günə qədər heç kimi kürəyindən bıçaqlamayıb. Bu millət üz-üzə döyüşə bilən millətdir”.
O da məlum olub ki, Türkiyə prezidenti təyyarə insidenti ilə bağlı müzakirə aparmaq üçün rusiyalı həmkarı Vladimir Putinə görüş təklif edib. Rusiyadan müsbət cavab gəlsə, prezidentlər noyabrın 30-da BMT-nin iqlim dəyişikliyinə həsr olunmuş Paris sammitində görüşəcəklər.
Çıxışında bu məsələyə də toxunan Ərdoğan görüş üçün müraciət etdiyini təsdiqləyib: “Bu yaxınlarda Parisdə bir sammit olacaq. Kremlə görüş üçün müraciət etmişəm. Hələ ki cavab verməyiblər. Yəqin ki, Parisdəki sammitə gələcəklər. Orada da bunu oturub danışa bilərik. Biz Rusiya təyyarələrinin hava məkanımızı pozduğunu bütün dünyaya duyurmuşuq. Rusiya bu iddialarını sübut etməlidir. Əks halda Rusiya yalançı vəziyyətə düşəcək”.
Ərdoğan onu da qeyd edib ki, ruslara məxsus təyyarənin Türkiyə tərəfindən vurulmasından sonra Putinə zəng etsə də, Rusiya prezidenti dəstəyi götürməyib.
Aydın Taş, Ankara